Jurnalistika fakültəsinə qəbul olunmaq istəyən abituriyentlərin xüsusi qabiliyyət imtahanı verməsi mümkün hesab olunmur; belə ki, jurnalistika kütləvi ixtisasdır. Bu barədə “Trend”ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
“Hər il 30 mindən çox tələbə üçüncü ixtisas qrupu üzrə imtahan verir və onların çoxu seçilmiş ixtisaslar siyahısına jurnalistikanı da daxil edir. Onların hamısını xüsusi qabiliyyət imtahanının verilməsinə cəlb etmək qeyri-mümkündür” – Abbaszadə deyib.
Bundan əvvəl Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistika fakültəsinə daxil olmaq istəyən abituriyentlər üçün xüsusi qabiliyyət imtahanlarının tətbiq olunması barədə çıxış etmişdi.
Amaşovun jurnalistlərə bildirdiyi kimi, aparılan monitorinqlər nəticəsində məlum olub ki, jurnalistika fakültəsi tələbələrinin 65-70 faizi bu fakültəyə təsadüfən daxil olub və onları bu ixtisas qətiyyən maraqlandırmır.
Abbaszadənin sözlərinə görə, cari tədris ilində jurnalistika fakültəsinə, əsasən, bu ixtisası birinci yazan abituriyentlər qəbul olunub.
TQDK sədri bildirib ki, Mətbuat Şurası Dövlət Komissiyasına, hələ ki, öz təkliflərini verməyib.