Məktəblərdə mətbuat xidmətləri yaradılır

Azərbaycanda ilk dəfə olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə ümumtəhsil məktəblərində mətbuat katiblikləri yaradılır. Bunun üçün artıq ilk addımlar da atılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, dünən Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin direktorları və mətbuat katibləri ilə görüş keçirilib.

Mətbuat katibliklərinin yaradılması üçün pilot kimi seçilmiş bu rayonda hazırda 27 məktəb yerləşir. Onun sözlərinə görə, tədbirdə mətbuat katibliyinin funksiyaları bu qurumların rəhbərlərinə və məktəb direktorlarına izah olunub. Bu gündən Nəsimi rayonundakı 27 məktəbin hər birinin mətbuat katibləri vəzifələrinin icrasına başlayacaq.

Zəminə Əliqızı bildirib ki, aprelin ilk ongünlüyündə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mətbuat Şurası ilə birgə tədbir keçirəcək. Tədbirdə təhsil müəssisələrilə mətbuat vasitələrinin əlaqələri müzakirə olunacaq. Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 3 il əvvəl həyata keçirilən layihənin davamı olaraq, paytaxtın bütün rayonlarını əhatə edən 30 məktəbdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı məktəblərə müraciət edən KİV-lərin adları qeydiyyata alınacaq və mətbuat Şurası ilə birgə keçiriləcək tədbirdə həmin mətbuat orqanlarının adları ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, mətbuat katibləri hazırda məktəblərdə çalışan laborantlar, psixoloqlar, informasiya-kommunikasiya texnologiyaları ilə işləyə bilən və bu sahəyə maraq göstərən işçilər arasından seçilib. Məktəbdə əvvəlki işində çalışmaqda davam edəcək mətbuat katibləri yeni vəzifəsində hələlik ictimai əsaslarla fəaliyyət göstərəcək. Müəyyən müddətdən sonra isə onlara əmək qanunvericiliyi əsasında əlavə əməkhaqqı hesablana bilər. Ancaq bu, pilot layihənin məktəblərlə mətbuat arasında əlaqələrin inkişafına nə dərəcədə təsir göstərməsindən asılı olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO