Aprelin 6-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bayatı” kitab mağazasında şair-publisist Gülxani Pənahın “Poeziya Günü” nəşrlər evində çapdan çıxmış “Mir Cəlalın elmi-nəzəri görüşləri” kitabının təqdimat mərasimi reallaşıb. Mərasimdə çıxış edən AYB-nin katibi, Xalq şairi Fikrət Qoca, vaxtilə Mir Cəlalın dissertantı olmuş Xalq şairi Söhrab Tahir, tənqidçi Vaqif Yusifli kitabda görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin elmi yaradıcılığı, ədəbi-tənqidi görüşləri şərh olunduğunu qeyd ediblər. Şair-publisist Əlirza Xələfli, şairlər Fikrət Sadıq, Mahirə Abdulla, Firuzə Məmmədli, Qəşəm Nəcəfzadə, kitabın redaktoru Arifə Arifqızı və başqaları “Mir Cəlalın elmi-nəzəri görüşləri” monoqrafiyasını həm klassik, həm də XIX-XX əsrlərin ədəbi prosesləri, həmin dövrün Azərbaycan ədəbiyyatşünaslığı və bütövlükdə ümumtürk filoloji düşüncəsi üçün əhəmiyyətli bir hadisə adlandırıblar.
Qeyd edək ki, kitabın elmi redaktorları filologiya elmləri doktorları, professorlar Qara Namazov, İfrat Əliyeva, Rüstəm Rüstəmzadədir.