“Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev həbs olunub

“Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında şübhəli şəxs qismində saxlanılıb.

Ramiz Tağıyevin vəkili Ramiz Mirzəyevin APA-ya verdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2-ci (qanunsuz sahibkarlıq), 192.3-cü (qanunsuz sahibkarlıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi qaldırılıb: “Ramiz Tağıyev qanunsuz ticarətlə məşğul olmaqla yanaşı, dinləmə cihazlarının ölkəyə gətirilməsinə yardımçı olmaqda da ittiham olunur”.

Hazırda o Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılır. Yaxın günlərdə isə Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Qəzetin təsisçisi və R. Tağıyevin qohumu İlkin Ağalı isə APA-ya deyib ki, Ramiz Tağıyev 3 ay öncə bacısı oğlu Akif Səfərovun cinayət işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb, şahid qismində ifadəsi alınaraq sərbəst buraxılıb: “Akif Səfərov ötən ilin noyabr ayında Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi “Aqroyol” Səhmdar Cəmiyyətinin sədri Eldar Əliyevlə əlbir olmaqda təqsirləndirilərək həbs olunub. Ötən gün isə Ramiz Tağıyev adıçəkilən idarəyə çağırılıb, sonra isə barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Guya o, bacısı oğlu Akif Səfərov tərəfindən törədilən cinayət əməlinə başçılıq edib. Ramiz Tağıyevin həbs olunmasının əsil səbəbi isə onun jurnalist fəaliyyəti ilə əlaqədardır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO