Milli televiziyalar bizə hansı milli seriallar təqdim edəcək?

2012-ci ilin may ayından xarici serialların yerli televiziyalarda yayımı dayandırılacaq. Milli Teleradio Şurası prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq yerli serialların çəkilməsi üçün ilkin mərhələdə hər televiziya üçün (ANS, “Lider”, “Space”, “Xəzər”, İTV, ATV) 300 min manat ayırıb. Bu vəsait hesabına nəzərdə tutulan vaxta qədər hər bir televiziya kanalı milli seriallar çəkib tamaşaçıılara nümayiş etdirməlidir.

Qeyd edək ki, Milli Teleradio Şurasından ölkə başçısının sərəncamı ilə ümumilikdə 5 milyon manat ayrılıb və seriallar çəkildikcə, qalan vəsait telekanallar arasında bölünəcək

Maraqlıdır, 300 min manat məbləğində vəsaitə kanallar hansı serialları çəkir? Həmin seriallarda nədən bəhs ediləcək?

Bir müddət öncə Modern.az saytında ANS, İTV və ATV-də bu vəsait hesabına hansı milli serialların çəkildiyi barədə informasiya verrmişdik. Bu dəfə digər 3 televiziyadan suallarımıza cavab almağa çalışdıq.

“Space” telekanalının icraçı direktor Kamil Şahverdiyev bildirib ki, hazırda onlarda bununla bağlı hazırlıq prosesləri gedir. O qeyd edib ki, çəkilişlərə böyük ehtimalla mart ayında başlanılacaq. Ancaq hansı milli serial və ya filmlərin çəkildiyini, onların hansı üslübda olması barədə icraçı direktor heç bir məlumat vermək istəməyib:

“Hansı və neçə serialın çəkilməsi barədə məlumat vermək hələ tezdir. Yəqin ki, bu barədə martın əvvəlində açıqlama verərik. Buna uyğun olaraq da çəkiləcək filmlər may ayından yayımlanar”.

Xatırladaq ki, hazırda “Space” televiziyasında “Hörümcək toru” milli serialı nümayiş olunur.

“Lider” telekanalının baş prodüseri Emin Hüseynov bildirib ki, onlar MTRŞ-nın ayrıdığı vəsait hesabına bir neçə film çəkəcəklər. Hazırda onlarda da hazırlıq proseslərinin getdiyini deyən Emin Hüseynov qeyd edib ki, çəkmək istədikləri serialların sıiyahısını MTRŞ-ə göndəriblər:

“Biz siyahı hazırlayıb Teleradio Şurasına təqdim etmişik. Onlar hansı filmləri məsləhət görsələr, biz də onları çəkəcəyik”.

İndiyə qədər serial çəkmədiklərini vurğulayan baş prodüser bunun çətin və məsuliyyətli iş olduğunu bildirib:

“Bu asanlıqla həll olunası məsələ deyil. Ona görə bu barədə indidən danışmaq tezdir, bir-iki aya hər şey hazır olanda biz ətraflı məlumat verəcəyik. May ayına, hətta, bəlkə daha tez bizdə artıq seriallar hazır olacaq və yayımlamağa başlanılacaq”.

“Xəzər” telekanalında hansı milli serialların MTRŞ-nın ayrıdığı vəsait hesabına çəkiləcəyini öyrənmək isə mümkün olmadı. Televiziyadan bununla bağlı yalnız icraçı direktor Xəlil İbrahimlə əlaqə saxlamağımızı bildirdilər. Lakin Xəlil bəy uzun müddət ona edilən zənglərə cavab vermədiyi üçün ətraflı məlumat əldə edə bilmədik. Xatırladıq ki, “Xəzər” televiziyasında “Küləklər şəhəri”, “Qaynana”, “Susmuş vicdan”, “Aramızda qalsın” milli serialları yayımlanır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO