Milli Məclisin adından istifadə edən jurnalistlər peyda olub

Özlərini Milli Məclisin mətbuat xidmətinin əməkdaşları kimi təqdim edən jurnalistlər peyda olub. Milli Məclisin mətbuat katibi Akif Nəsirov “Media forum” saytına deyib ki, son günlər belə şikayətlər alıblar: “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədov Milli Məclisin mətbuat xidmətinə müraciət edib. O bildirib ki, rəhbərlik etdiyi ictimai birliyə daxil olan bir neçə firmanın sahibi ona müraciət edib. Müraciətlərdə göstərilib ki, Hacı Ramazan və Hacı Rafiq adlı şəxslər özlərini Milli Məclisin mətbuat xidmətinin əməkdaşları kimi təqdim edərək iş adamlarından pul almaq istəyiblər.

Hacı Arif Əliyev adlı şəxs isə özünü Milli Məclisin mətbuat xidmətinin əməkdaşı kimi təqdim edərək ölkə televiziyalarının birinin qadın əməkdaşına fəxri diplom verib. Əslində isə diplomu həmin qadına jurnalist kimi deyil, tutduğu başqa bir vəzifəyə görə veriblər. Məqsəd isə pul almaqdır. “Azərbaycan Respublikasının Fəxri Diplomu” adlı diploma solğun bir möhür vurublar və üstündən qol çəkiblər. Həmin diplomu ictimai-siyasi qəzetlərdən biri verib. Diplomu verən şəxsi tapa bilmirik. Hazırda araşdırmalarımızı davam etdiririk.

Hamının nəzərinə çatdırmaq istəyirəm ki, Milli Məclisin mətbuat xidmətinin bu adda əməkdaşları yoxdur. Bizim əməkdaşlar yalnız Milli Məclisdə işləyirlər, onlar gedib haradasa informasiya toplamaqla məşğul olmurlar. Kimsə bizim adımızdan istifadə olunması hallarına rast gələrsə, dərhal hüquq mühafizə orqanlarına müraciət etsin”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO