Azərbaycan Milli Məclisinə noyabrın 7-də keçiriləcək seçki ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən maarifləndirici tədbirlər çərçivəsində ilk dəfə səs verəcək gənclər üçün “Milli Məclis-Qanunverici orqan” adlı yaddaş kitabçası nəşr olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən «Hədəf»ə verilən məlumata görə, kitabçada ulu öndər Heydər Əliyev və Azərbaycan Parlamenti, Azərbaycan parlamentarizm tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, Milli Məclisin iş prinsipi, Azərbaycan Respublikasının Konstitusiyasından və Seçki Məcəlləsindən çixarışlar əksini tapıb.
Kitabça Milli Məclisə keçiriləcək seçkidə ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə çap edilib.
Bununla yanaşı ilk dəfə səs verəcək gənclər üçün məlumat seminarlarının keçirilməsinə də başlanılıb.
Milli Məclisinə seçkidə ilk dəfə səs verəcək gənclər üçün Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən məlumat seminarları oktyabrın 27-dək davam edəcək..
Seminarların keçirilməsindən əsas məqsəd indiyədək Qanunverici orqan-Milli Məclisə keçirilən seçki, seçkilərin keçirilməsinin qanunvericilik əsasları və seçki günü səsvermə proseduru haqqında gəncləri məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.
50-dən artıq rayonda keçiriləcək maarifləndirici seminarlar 10.000-ə yaxın gənci əhatə edəcək.
Seminarlarda Mərkəzi Seçki Komissiyasının və rayon (şəhər) Dairə Seçki Komissiyalarının nümayəndələri, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri, fəal gənclər və tanınmış ziyalı şəxslər iştirak edəcək.
Seminarların sonunda Nazirlik tərəfindən ilk dəfə səs verəcək gənclər üçün nəşr edilən yaddaş kitabçaları və müxtəlif maarifləndirici çap məhsulları paylanacaq. Bundan başqa semnarlarda seçki gününə kimi 18 yaşı tamam olan gənclərə Polis idarəsi əməkdaşlarının iştirakı ilə şəxsiyyət vəsiqələri təqdim ediləcək.