Usta publisist, uzun illər “Qobustan” jurnalının ən fəal yazarlarından olmuş Tofiq Abdin sözügedən dərginin 1970-93-cü illərdə çıxan, şəxsi arxivində saxladığı bütün nüsxələrini M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə edib.
Publisist belə bir addımı şəxsi arxivindəki nüsxələrin itib – batmaması üçün atdığını deyib: ” “Qobustan”ları Milli Kitabxanaya verməklə onların itib-batmasını əngəlləmək istədim. Həm də mənə deyilənə görə, kitabxananın şöbə müdiri Xuraman İsmayılovanın gələcəkdə “Qobustan” toplusunun nömrələri əsasında bir biblioqrafik kitab çap etdirməsi nəzərdə tutulur. Kitabxanada “Qobustan”ın bir çox sayları yoxdur, olanların da çoxu oxucuların “şıltaqlığının” zavalına gələrək, vərəqləri qoparılmış, korlanmış haldadır. Mənim verdiyim nüsxələrdən həm biblioqrafik kitab üçün, həm də gələcəkdə kitabxanadakı nəşrlərin internet variantını hazırlayarkən istifadə etmək mümkündür.” Tofiq Abdin həyatının və publisistik yaradıcılığının ən gözəl illərinin “Qobustan”la bağlı olduğunu, o illərdə maraqlı və unudulmaz bir yazar ömrü yaşadığını səmimiyyətlə dilə gətirib