Milli Kitabxanada “Sazımız – sazbəndimiz” kitabının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Sazımız - sazbəndimiz” kitabının təqdimat mərasimi keçirilibM. F. Axundov adına Kitabxanada Musa Nəbioğlunun “Sazımız – sazbəndimiz” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Milli Kitabxananın direktoru Kərim Tahirov aşıq sənətinin Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olduğunu, xalq yaradıcılığının ən geniş yayılmış və xalq tərəfindən əsrlər boyu qorunub saxlanılan bir sənət olduğunu vurğulayıb. O, çıxışında sovet dövründə qorxa-qorxa üzə çıxan aşıq sənətinin müstəqillik dövründə ikinci həyatını yaşadığını deyib. K. Tahirov təqdimatı keçirilən “Sazımız – sazbəndimiz” kitabının Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun bilavasitə təşəbbüsü və məsləhəti ilə ərsəyə gəlməsindən danışıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev nazirliyin aşıq sənətinə diqqətindən, ustad sənətkarlara həsr olunmuş tədbirlərin keçirilməsindən, gənc aşıqlara qayğıdan bəhs edib. O, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun bu sənətin daha da inkişaf etməsində əvəzsiz xidmətlərindən söz açıb. Nazir müavini aşıq sənətinin incəliklərindən danışaraq, bu sənətə vurğunluğunu qeyd edib.

Təqdimat mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov, Aşıqlar Birliyinin I katibi Məhərrəm Qasımlı, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid aşıq sənəti haqqında fikirlərini bildiriblər.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub da iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO