Milli Kitab Mükafatının 10-luğuna düşmüş yazıçılar müsabiqənin nəticələrini qiymətləndirir

Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş yazarlar Şərif Ağayar (müsabiqəyə “Kərpickəsən kişinin dastanı” povestini təqdim etmişdi), Nəriman Əbdülrəhmanlı (“Yalqız” romanı), Kamran Nəzirli (hekayələr toplusu) və Rafiq Tağı (hekayələr toplusu) “Media forum” saytının “Nəticələrdən razısınızmı” sualını cavablandırıblar.

Şərif Ağayar:

– Mən hələ 20-lik təzə bəlli olan vaxt mətbuatda demişdim ki, nəticələrdən asılı olmayaraq Milli Kitab Mükafatı layihəsini alqışlayıram. Təbii ki, bu gün də fikrim dəyişmir. “Əli və Nino” Nəşrlər Evinin rəhbəri Nigar Köçərli böyük iş gördü, böyük zəhmət çəkdi. Şəxsən mən bu layihədən çox şey qazandım.

O ki qaldı nəticələrə, əksər ədəbiyyat adamı kimi mənim üçün də gözlənilməz oldu. 10-luqdan yüz cür siyahı düzəldə bilərdim, ancaq bu variant heç cür ağlıma gəlməzdi. Münsiflər işi, görünür, mənə yerli-dibli tanış olmayan bir texnologiya ilə aparıblar.

Bir daha nəticələrdən asılı olmayaraq layihəni yüksək qiymətləndirir, qalibləri isə ürəkdən təbrik edirəm. Və təkrarlamaq istəyirəm: hər şey şərtidir, heç nə mütləq deyil. Gəlin ideal axtarmağa vaxt sərf eləməyək.

Nəriman Əbdülrəhmanlı:

– Müsabiqənin nəticələri mənə təəccüblü gəldi. Belə ki, təşkilat komitəsinin və ekspertlərin yeddi ay ərzində gördüyü işə kölgə düşdü. Mən istərdim ki, münsiflər heyətinin üzvləri qərarlarını obyektiv sayırlarsa, mətbuata açıqlama versinlər. Yəni hansı əsəri hansı normalara görə qiymətləndirdiklərini bəyan etsinlər. Şəxsən məndə belə bir şübhə var ki, münsiflərin müəyyən qismi vaxtları olmadığına görə və ya başqa səbəblərdən əsərləri heç oxumayıblar. Ona görə də seçimləri düzgün olmayıb.

Gənc yazıçı üçün nəzərdə tutulan mükafatın 53 yaşlı yazıçıya verilməsi məndə müsabiqənin nəticələrinə şübhə oyadır. Halbuki həmin yazıçının əsəri daha ciddi nominasiyalara iddia eləyə bilərdi. Mən istərdim ki, bütün bu məsələlərə bir aydınlıq gətirilsin, bundan sonra Azərbaycanda ədəbi müsabiqələrin keçirilməsinə müəyyən mənəvi bir əsas olsun. Yoxsa hər müsabiqənin axırında bu cür qalmaqal çıxması yaxşı hal deyil. Bəzi münsiflərin şəxsi mənafeyinə görə kiməsə göz dağı üçün istədiyini eləməsi ədəbiyyatımızı başqa yola sürükləyir.

Kamran Nəzirli:

– Mükafat alanları da, almayanları da təbrik edirəm. İçi mən qarışıq 10-luğa düşən müəlliflərin hamısını. Mənim üçün nəticə budur ki, Azərbaycanda yazıçı-kitab-nəşriyyat-oxucu münasibətlərinə yenidən baxılır. Prosesin özündə yeni yanaşmalar müşahidə etdim. Nigar Köçərli kimi yenilikçi iş adamlarımız, Şahbaz Xuduoğlu kimi yeni təfəkkürlü naşirlərimiz meydana çıxır. Bu, daha çox önəmli idi.

İkincisi, mən 10-luğa düşən qələm dostlarımın, demək olar, hamısının – Əlabbasın, Əjdərin, Rafiq Tağının, Eyvazın, Fəxrinin, Nərimanın kitablarını oxudum. Çox bəyəndim və düşünürəm ki, bu yazıçılarımızdan hər biri birinciliyə layiqdir. O biri qələm sahiblərini – Şərifi, Samiti və Elxanı hələ oxumamışam, bir söz deyə bilmərəm.

Kimin hansı təfəkkürdə olmasından asılı olmayaraq ədəbiyyat elm deyil, estetik zövq məsələsidir. Bu məsələdə bir qədər diqqətli olmaq lazımdır. Məsələn, mənim üçün maraqlı olardı ki, görəsən, millətin müxtəlif təbəqəli insanları bizim kitablar haqqında nə düşünürlər, onlar necə dəyərləndirirlər? Yaxud 10-luqdakı kitablar necə alınır, alınırmı heç? Məsələn, siz, sual verən jurnalistlərimiz, özünüz necə qiymətləndirərdiniz? Siz heç o əsərləri oxumusunuzmu, ya elə ordan-burdan eşidibsiniz? Məsələn, hansısa tanıdığınız bir adam deyir ki, filan əsər zəifdir, ya da güclüdür. Bəs siz özünüz nə düşünürsüz? Konkret əsər barədə şəxsi fikriniz varmı? Əlbəttə, bu, təkcə sizə aid deyil.

Yenə deyirəm, hər halda mən ekspertlərin və münsiflərin seçiminə hörmətlə yanaşıram. Arzu edirəm ki, millət kitab alsın, kitab oxusun, kitaba, söz adamına, ədəbiyyata bir qədər yaxın olsun.

Rafiq Tağı:

– Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərliyə çox inanırdım və indi də inanıram. Onu bir insan kimi yüksək qiymətləndirirəm. Bu işi də çox düzgün qurmuşdu. Ancaq bəzi münsiflər elə işlər etdilər ki, bütün prosesi devalvasiyaya uğratdılar. Nigar xanımın gördüyü bütün işləri heçə endirdilər.

Münsiflər obyektiv qiymət vermədi. Çünki 10-luqda elə adamlar var idi ki, ictimaiyyət onların birinci olacağını gözləyirdi. Ancaq münsiflər korporativ maraqlardan istifadə edərək bəzi şeyləri öz bildikləri kimi etdilər. Necə ki bizdə seçkilər olur – səs verilir birinə, seçilən isə başqası olur.

Mayın 31-də Milli Kitab Mükafatı müsabiqəsində qalib gələn yazıçıların adları açıqlanıb. Müsabiqədə birinci yeri Elxan Qaraqanın “A” romanı, ikinci yeri Əjdər Olun portret hekayələri, üçüncü yeri Fəxri Uğurlunun “Tanrı dağları” hekayələr toplusu və Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti tutub.

İlk üçlüyü münsiflər (Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Fətəliyev, Elçin Şıxlı, Rəşad Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Balaş Qasımov, Elnur Baimov, Hamlet İsaxanlı, Rəbiyyət Aslanova) müəyyənləşdirib.

“Əli və Nino” Nəşrlər Evinin təsis etdiyi Milli Kitab Mükafatına 265 əsər qəbul edilmişdi. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən əvvəl 20-sini (“uzun siyahı”), daha sonra 10-nu (“qısa siyahı”) seçərək münsiflərin ixtiyarına buraxmışdılar.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO