Milli kitab mükafatı təsis olundu

Bu gün Milli Kitab Mükafatının təqdimat mərasimi keçirilib. Bakıdakı Milli Kitabxanada düzənlənən təqdimat mərasiminə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, yazarlar Çingiz Abdullayev, Vaqif Səmədoğlu, Afaq Məsud, Rəşad Məcid, deputat Rəbiyyət Aslanova, müsabiqənin baş sponsoru olan “Azercell” şirkətinin nümayəndəsi Ülviyyə Həsənzadə, rəsmi şəxslər, ziyalılar və jurnalistlər qatılıb.

Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli bildirib ki, layihənin məqsədi Azərbaycan ədəbiyyatına ictimai diqqət cəlb etmək, müasir ədəbiyyatın sosial önəmini artırmaq və yeni əsərlərin dərcidir.

Mükafatın münsiflər heyətində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov təmsil olunur.

Milli Kitab Mükafatı layihəsi bir neçə mərhələdə həyata keçiriləcək. Müsabiqəyə hekayələr, povestlər, romanlar və digər nəsr əsərləri qəbul olunacaq. Müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşının yazdığı əsərlər təqdim edilə bilər.

Namizəd əsərlər minimum 40 min çap işarəsi həcmində olmalıdır. Milli Kitab Mükafatının təqdimat günündən 10 il əvvəlki müddətdə yazılmış əsərləri münsiflər heyəti nəzərdən keçirəcək. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşayış yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir. Bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.

Namizəd əsərlər 31 dekabr 2009-cu ilə qədər qəbul olunur. 2010-cu il yanvarın 26-da 20 əsər seçilərək münsiflər heyətinin dəyərləndirməsinə veriləcək. Fevralın 10-da 10 əsərin daxil olduğu siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdiriləcək və arzu edənlər üçün online səsvermə imkanı yaradılacaq. May ayının 1-də isə 3 qalibin adı elan olunacaq.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə 2000, üçüncü yerin qalibinə isə 1000 manat həcmində mükafat veriləcək. Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanacaq.

“Qarant Sığorta” isə xüsusi mükafat elan edib. Milli Kitab Mükafatı layihəsi dövründə sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1000 manat mükafat və 100 000 manat dəyərində mənzil sığortası hədiyyə olunacaq.

Gənclər və İdman Nazirliyi gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1000 manat dəyərində öz mükafatını təsis edib.

Layihə barədə bütün məlumatlar www.mkm.az internet səhifəsində öz əksini tapıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO