Milli kitab mükafatı: münsiflər Çingiz Abdullayev və Rəşad Məcidin təəssüratları

“Media forum” saytı Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş əsərləri dəyərləndirən münsiflərdən ikisinin – yazıçılar birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcidin təəssüratları ilə maraqlanıb.

Müsabiqənin üç qalibi münsiflərin qərarı ilə müəyyənləşəcək. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Çingiz Abdullayev:

– 10-luğa düşən əsərləri oxudum. Əsas sözü müsabiqə başa çatdıqdan sonra demək olar. İndidən əsərlər haqda fikir söyləmək tezdir. Mənim buna ixtiyarım çatmır. Ümumilikdə götürdükdə, əsərlər xoşuma gəldi. Yaxşı əsərlərin, səviyyəli yazarların çoxluğuna şadam.

Rəşad Məcid:

– Ədəbiyyatımızın mənzərəsi ilə tanış olduğuma görə məndə qeyri-adi bir təəssürat olmadı. 10-luğa düşən əsərlərin əksəriyyətini əvvəlcədən oxumuşdum. Ancaq mövqeyimi açıqlamadım ki, digər münsiflərdə bəri başdan hansısa fikir formalaşmasın.

10-luqda ən gənc yazar Elxan Qaraqandır. Onun müsabiqəyə təqdim etdiyi əsərə mən vaxtilə ön söz yazmışam.

Müsabiqənin həlledici mərhələsinə düşən əsərlərdən bəziləri baş redaktoru olduğum “525-ci qəzet”də işıq üzü görüb. Fəxri Uğurlunun, Şərif Ağayarın, Əjdər Olun əsərləri bizim qəzetdə çıxıb. Şübhəsiz, dəyərini bildiyimizə görə çap etmişik.

10-luqdakı bəzi əsərlər həm mövzu, həm üslub etibarı ilə bir az köhnə dövrün yadigarı kimi görünür. Yəni müasir və çevik üslub axtarışı, çağdaş problemlərin, ictimai-sosial məsələlərin qaldırılması az hiss olunur. Bu qənaəti söhbət etdiyim başqa münsiflərdə də hiss etmişəm. Lakin bunu bütün ədəbiyyatın mənzərəsinə aid etmək olmaz. Müsabiqə sonrakı illərdə də davam edəcək və biz hər il yeni-yeni ideyalar aşılayan əsərlərə rast gələcəyik.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO