Milli internet ünvanları haqda

“Mili internet ünvanının qeydiyyatı prosesi mövcud qanunvericiliyə və beynəlxalq normalara cavab vermir. “Telekommunikasiya haqqında” qanuna əsasən, milli internet ünvanlarının qeydiyyatını müvafiq icra hakimiyyəti əlaqədar qurumlarla birgə həyata keçirməlidir. Yəni işi icra edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işi tək edə bilməz. Ancaq nazirlik əlaqədar qurumlarla birgə qeydiyyat qurumu yaratmaq istiqamətində heç bir addım atmayıb. İlyarım bundan öncə nazir Əli Abbasov “İntrans” şirkətinə məktub verib ki, guya internet ictimaiyyəti milli internet ünvanlarının qeydiyyatını təklikdə “İntrans” şirkətinin aparması ilə razıdır. Əlaqədar qurumlardan isə bu barədə heç bir şey soruşulmayıb”. Bu sözləri Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüz yanvarın 3-də “Media forum” saytına açıqlamasında deyib.

Azərbaycan İnternet Forumu fevralın 4-də milli internet ünvanlarının – “az” domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı toplantı keçiriləcək.

O.Gündüzün sözlərinə görə, onlar təklif edirlər ki, milli internet ünvanlarının qeydiyyatı ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən, əlaqədar qurumdan və şirkətlərdən olan nümayəndələrdən ibarət kollegial bir qurum yaradılsın: “Domen adları ilə bağlı hazırda mövcud olmayan qaydalar müəyyən edilməli, həmin qaydalar kollegial qurumda təsdiqlənməli, daha sonra isə qeydiyyatçılar müəyyən olunmalıdır”.

O.Gündüzün dediyinə görə, Azərbaycanda bəzi domen adlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xəbəri olmadan qeydiyyatdan keçirilməsinə qoyulmuş bir yasaq da var: “Biz xarici ekspertlərlə də məsləhətləşmişik və bunun dünyada misli görünməmiş bir hal olduğu bildirilib. Burda prinsip ondan ibarətdir ki, ticarət nişanlarını çıxmaq şərtilə istənilən şəxs müraciətindən sonra, əgər həmin ad boşdursa, adı qeydiyyatdan keçirə bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ada müdaxiləsi, ayrıca bununla bağlı icazə istənilməsi doğru hal deyil. Fevralın 4-də keçirəcəyimiz toplantıda milli internet ünvanlarının qeydiyyatı prosesinin beynəlxalq normalara və mövcud qanunvericiliyə uyğunlaşdırılması istiqamətində təklifləri və gələcək fəaliyyət istiqamətlərini müzakirə edəcəyik. Bundan əlavə, Azərbaycanda domen adlarının onlayn qeydiyyatı məsələsi də gündəmdə deyil. Yəni kimsə internet vasitəsilə milli internet ünvanlarını qeydiyyatdan keçirə bilməz və düşünürük ki, bu kimi məsələlərin də artıq öz həllini tapmasının zamanı yetişib”.

Azərbaycan İnternet Forumu 9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müzakirələr aparmağı da planlaşdırır: “İctimaiyyətinin diqqətini Azərbaycan internetinin təhlükəsizliyi məsələsinə yönəltmək fikrindəyik. Burda internet istifadəçilərinin elementar təhlükəsizlik qaydalarına riayət etməsi, uşaq və yeniyetmələrin internetdə təhlükəsizliyinin qorunması kimi məsələlər müzakirə olunacaq”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO