“Media forum” saytının suallarını “Milli.Az” xəbər portalının baş redaktoru Sevda İlhamqızı cavablandırır.
– “Milli.Az”ın yaranma tarixini bilmək istərdik. Sayt açılandan sonra siz baş redaktor kimi dəvət edildiniz, yoxsa saytın təsis olunması prosesində iştirak etmisiniz?
– “Milli.Az” xəbər portalının redaksiyası bu il yanvarın 4-dən fəaliyyət göstərir, saytın internet məkanında yayımına isə fevralın 1-dən başlanıb. Portal “Day.Az” Media Şirkətinə məxsus brendlərdən biridir. Bu şirkət www.Day.Az, www.Today.Az və www.Milli.Az saytlarını birləşdirir. Ötən il Azərbaycan dilində fəaliyyət göstərəcək xəbər portalının layihəsi mənə təklif olundu və ilk gündən portalın təsis olunmasında, formalaşmasında iştirak etdim.
– Portalın kollektivi barədə nə məlumat verə bilərsiniz? Yeni kadrlara, yoxsa peşəkar jurnalistlərə üstünlük verilib?
– Kollektiv, sözsüz ki, peşəkar kadrlardan formalaşıb. Uzun illər mətbuatda çalışan, imzaları, fəaliyyəti ilə ilə tanınan, seçilən insanlar toplaşıb burada. Amma mətbuat daim yenilənən, gəncləşən bir fəaliyyət sahəsidir, media orqanları gənc jurnalistlər yetişirdirir, zaman-zaman yeni imzalarla tanış oluruq. Bu, çox təbii və təqdirəlayiq haldır. Ona görə də hesab edirəm ki, yetişməkdə olan gənc jurnalist nəslinə şərait yaratmaq, bununla da onların formalaşmasına, gələcəyin peşəkarlarına çevrilməsinə kömək göstərmək lazımdır.
Məsələn, bizim əməkdaşlıq etdiyimiz jurnalistlər arasında uzun illərin təcrübəsinə malik şəxslərlə yanaşı, jurnalistliyə yeni başlayan gənclər də var. Burada məqsəd, qeyd etdiyim kimi, yeni jurnalist nəslinin yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır. Amma portalın işində əsas ağırlıq, sözsüz ki, öz üzərimizə düşür.
– Hansı yazarlarla əməkdaşlıq edirsiniz?
– Əməkdaşlıq etdiyimiz yazarlar çoxdur, onların hamısının adlarını sadalamağa ehtiyac görmürəm. Portal hələ yeni fəaliyyətə başlayıb. Zaman-zaman siz çox müəllifi görəcəksiniz saytımızda. Onların, demək olar ki, hamısı ölkənin ən istedadlı, çox oxunan yazarlarıdır.
Sizə bir subyektiv fikrimi söyləyəcəm, mənim üçün pis və ya yaxşı insan yoxdur, istedadlı və istedadsız insan var. İstedad, elə hökmən insana Allahın əta etdiyi vergi kimi başa düşülməməlidir. İnsanın ömrü boyu qazandığı savadı, topladığı təcrübəsi, iş qabiliyyəti, işində peşəkarlığı onun ən böyük istedadıdır. Bu baxımdan bütün istedadlı yazarlar, öz işində peşəkar olan jurnalistlər bizimlə əməkdaşlıq edə bilərlər.
– “Day.Az” 2003-cü ildən yaranıb və ilk vaxtlar Azərbaycan dilində versiyası olsa da, sonralar yalnız rusdilli xəbər resursu kimi fəaliyyət göstərib. Bir neçə il sonra Azərbaycan dillində, həm də müstəqil internet ünvanı ilə “Day.Az”ın sayt yaratması hansı tələbatdan irəli gəldi?
– Azərbaycanda öz ana dilimizə hər zaman tələbat var. Burada qəribə bir paradoks yaranır, öz ölkəmizdə öz dilimizə niyə tələbat olsun ki? Məgər hamı Azərbaycan dilində danışmır? Xarici dillərin öyrənilməsinə üstünlük verildiyi bir dövrdə, internet məkanında, demək olar, bütün saytların xarici dildə səhifələrinin hazırlandığı bir vaxtda Azərbaycan dilində yeni internet resursları açmağa ehtiyac varmı?
Bunlar, doğurdan da, məntiqin irəli sürdüyü suallardır. Amma məntiqə əsaslanan cavabı da var. Dünyada nə icad olunursa, ondan ölkəmizə gətirməyə çalışırıq, bütün yenilikləri öyrənib tətbiq edirik, əsrin yeniliklərinə və yeni tələblərinə uyğunlaşırıq və nəhayət, özümüzünküləşdiririk, dilimizə, xarakterimizə, həyat tərzimizə uyğunlaşdırırıq.
Dəyişdirilməyən idxal məhsulları var ki, – zehni məhsulları nəzərdə tuturam – onları tərcümə edirik, öz dilimizdə oxuyub öyrənirik. Peşəkar tərcüməçilik ciddi yaradıcılıq işidir və ən azı orijinalın özü qədər istedad, zəhmət tələb edir. Xarici ədəbiyyatı bizə ana dilimizdə çatdıran tərcüməçi ədibin zəhməti müəllifin əziyyətinin ikiqatına bərabərdir – o, əsərin ruhuna girməli, müəllifin beynində qurub-yaratdığı süjeti o da yaşamalı, qəbul etməli, sonra onları sözə çevirməlidir. Nəticə etibarilə tərcüməçi-ədibin cəmiyyətə verdiyi fayda nədən ibarət oldu? Əslində o, həmin xarici ədəbiyyat nümunəsini cəmiyyətə onun başa düşdüyü, düşündüyü dildə təqdim etməklə əsəri bir növ “milliləşdirdi” və insanlara ruhən, mənən yaxın etdi. Həm də, təbii ki, insanların həmin “xarici informasiyanı” öz dilində əldə etməsinə şərait yaratdı. Bax, bunlar, əsil qəhrəmanlıq, əsil ziyalı təəssübkeşliyidir.
Azərbaycan dilində danışmaq, düşünmək, informasiya əldə etmək cəmiyyətimiz üçün çox lazımlıdır. Dediyiniz tələbat həm də buradan yaranır. Azərbaycan dilində saytlar nə qədər çox olsa o qədər yaxşıdır, çünki bu saytlar insanları ana dilimizə daha da yaxınlaşdırır. Digər tərəfdən, ona görə faydalıdır ki, media qurumları, mətbuat insanları təkcə məlumatlandırmır, onları həm də savadlandırır.
– “Milli.Az”ın tərtibatı “Day.Az”ın tərtibatı ilə eynidir. Axıradək bu üslubu saxlayacaqsınız, yoxsa “Milli.Az” üçün fərqli tərtibat tapmaq fikrindəsiniz?
– Bəli, saytlar dizayn baxımından eynidir, amma “Milli.Az” “Day.Az”ın tərcümə olunmuş variantı deyil. Hər bir saytın öz kollektivi, öz yaradıcılıq işləri var və bu iki portalın fəaliyyəti bir-biri ilə əlaqəli deyil. Yəni oxşar olan yalnız saytların görünüşüdür. Bunun da səbəbi var. Biz tamamilə yeni bir tərtibatda, tam fərqli bir sayt yarada bilərdik. Amma illərdir bu cür tanınan və qəbul edilən “Day.Az” saytının ənənəsini qorumaq qərarına gəldik. Bunu “Day.Az”a “sadiqlik” kimi də qəbul etmək olar.
“Day.Az” ümumiyyətlə internet aləmində, xüsusilə də MDB məkanında ən populyar rusdilli saytlardan biridir. Hər zaman Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyan, Ermənistanla və dünya erməniləri ilə “internet müharibəsi”ndə öndə olan “Day.Az” Media Şirkətinin fəaliyyəti, məncə, təqdirəlayiqdir. Bu baxımdan onun qoyduğu ənənəni, tərtibatda belə, saxlamağa dəyər. Digər tərəfdən, “Day.Az” formatı özü həmişə nümunə olub.
Amma biz insanlar klassik hisslərə, keçmişə sadiqliyimizə baxmayaraq, daim inkişafda olmalı, müasirləşməliyik. Həyatda heç nə əbədi olmadığı kimi, heç bir saytın görkəmi də əbədi deyil. Əlbəttə, bizim sayt da yenilənəcək. İl ərzində “Day.Az” Media Şirkətinin çox ciddi yenilikləri olacaq.
– Yavaş-yavaş, belə deyək, sayt bazarında da sıxlıq yaranır. İnformasiya portalları çoxalmaqdadır. Bu rəqabət mühitində daha çox hansı auditoriyaya üz tutmaq fikriniz var?
– Bir az əvvəl dediyim kimi, insanların məlumatlanması, maariflənməsinə xidmət edən hər bir qurumun, təşkilatın, internet resursunun yaranmasını yalnız alqışlamaq olar.
İnformasiya portalları çoxalır və bu proses hər zaman davam edəcək. Konkret olaraq bizim hədəfimiz hamıya xidmət etməkdir. İşindən, peşəsindən, yaşından, maraq dairəsindən asılı olmayaraq hər kəsin oxuduğu, xəbər aldığı bir portal yaratmaqdır məqsədimiz. Əslində “Day.Az” yarananda onun məqsədi elə bu olub. “Milli.Az” bu məsələdə elə də bir yenilik yaratmayıb. Ümumiyyətlə, spesifik və profilli saytlardan fərqli olaraq populyar saytlar geniş kütləyə, bütövlükdə cəmiyyətə hesablanmış olur. Bu baxımdan “Milli.Az” da hər kəsə üz tutur.
– İnternetin tənzimlənməsi mövzusu tez-tez gündəmə gəlir. Sizcə, internet tənzimlənməlidirmi? Tənzimlənməlidirsə, bu, necə olmalıdır?
– Bu, bir qədər mücərrəd ideyalara yol açan müzakirələrdir. Əslində internet heç bir hüdud tanımır və ona nəzarət mümkün deyil. Bu gün internet texnologiyaları o qədər inkişaf edib ki, hətta internet resurslarında təhlükəsizliyi tam təmin etmək problemə çevrilir. Gizli internet əməliyyatları, qanunsuz müdaxilələr, haker hücumları və sair hallar bu inkişafın mənfi nəticələri olsa da, həm də onu sübuta yetirir ki, internet məkanında nəzarət çox çətindir.
Burada artıq başqa təkliflər irəli sürmək olar. Məsələn, götürək Azərbaycan saytlarını. Ciddi və iri internet resurslarının hansısa birliyini yaratmaq olar. Yəni İnternet İttifaqı. Bu, müxtəlif məqsədlər ətrafında yaradıla bilər. Məsələn, təhlükəsizliyin təmin olunması üçün təsis edilə bilər. Bu zaman həmin saytlar öz imkanlarını birləşdirib, dediyimiz mənfi hallara, saytlara yönələn real təhlükələrə qarşı birgə mübarizə apara bilərlər.
Və yaxud başqa məqsədlə, tutaq ki, digər tənzimlənmələr məqsədilə qurumlar yaradıla bilər. Burada sırf yaradıcı işlərin senzurası, monitorinqi aparıla bilər və həmin qurumlara saytlarda tənzimləmələr həyata keçirmək üçün səlahiyyətlər verilə bilər. Bir sözlə, başqa sahələrdə mövcud olan konfederativ təşkilat və şuraların internetdə də təsis olunması mümkündür.
«Media forum»