“SkyDrive” istifadəçiləri yararlana bilərlər
“Microsoft” şirkəti “Word”, “Excel”, “PowerPoint” və “OneNote” sənədlərini birbaşa brauzerdə yaratmaq, baxmaq və redaktə etmək imkanı verən “Office Web Apps” veb-əlavələr ofis paketini təqdim edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Office Web Apps” servislərindən “Microsoft”un “bulud” texnologiyaları vasitəsilə faylların saxlanılması xidməti olan “SkyDrive” istifadəçiləri yararlana bilərlər.
“Word”, “Excel”, “PowerPoint” və “OneNote” faylları ilə istənilən əməliyyatı bilavasitə brauzer vasitəsilə yerinə yetirmək mümkündür. Bu proqramlarda yazılmış sənədləri internetə çıxışı olan istənilən kompüterdə redaktə etmək olar. “Office Web Apps” paketi əlavələrin “desktop” versiyaları ilə sinxronlaşdırılmasını, sənədlərlə birgə işləmək imkanını, eləcə də sənədlərin smartfon brauzerindən yaradılmasını dəstəkləyir.
Tərtibatçıların sözlərinə görə, “Office Web Apps” əlavələri ənənəvi interfeys və “Office” paketinin stolüstü versiyasında olduğu alətlərlə təchiz edilib.
LENT.AZ