Meksikanın nüfuzlu qəzeti 20 yanvar faciəsindən yazmışdır

Meksikanın nüfuzlu qəzeti 20 yanvar faciəsindən yazmışdırVaşinqton, 21 yanvar (AzərTAc). Meksika ictimayyətini 20 yanvar faciəsi ilə daha bir yerli qəzet tanış etmişdir. Nüfuzlu “Excelsior” yanvarın 20-dəki buraxılışında Azərbaycan xalqının tarixi gününün anımına həsr edilən geniş məqalə çap etmişdir. Yazıda qeyd olunur ki, Azərbaycanın azadlığı uğrunda sovet silahlı qüvvələri tərəfindən şəhid olanların məzarları üstünə gül qoymaq üçün hər il 20 ynavarda minlərlə Bakı əhalisi Şəhidlər Xiyabanına toplaşır.
Qəzet 20 il əvvəl sovet qoşunlarının “Zərbə” adlandırılan hərbi əməliyyat nəticəsində Azərbaycanın paytaxtı Bakıda törətdiyi qırğınlardan, böyük dağıntılardan yazmışdır. O zamandan sözügedən hadisələr Qara Yanvar kimi tanınmışdır.
“Excelsior” qeyd edir ki, 1990-cı il yanvarın 20-də minlərlə əsgər Kremldən aldıqları əmrə əsasən mülki şəxslərə atəş açmmışlar. Rəsmi məlumatlara əsasən, 133 nəfər, o cümlədən qadınlar və uşaqlar ölmüş, 700-ə yaxın insan yaralanmışdır. Xalq hərəkatını məhv etmək məqsədi ilə 25 mindən artıq əsgər Bakıya basqın etmişdir. Qoşunlar öz azadlığına can atan nümayişçilərin üzərinə hücum etmişlər. Xəbərdarlıq etmədən kütlələrə atəş açmaqla qoşunlar bir neçə gün ərzində etirazları yatırmışlar. Daha sonra Moskva, bir ildə artıq davam edən fövqəladə vəziyyət elan etmişdir. Xalq hərəkatının fəalları həbs edilmiş, işgəncələrə məruz qalmışlar. Sovet qoşunları bu basqını həyata keçirməklə kommunist rejiminin dağılmasının qarşısını almağa, müstəqilliyə çağıran hər hansı müxalifəti boğmağa, beləliklə də sovet rejiminin başa çatmaqda olan ömrünü uzatmağa çalışırdı.
1989-cu ildə müstəqillik uğrunda milli hərəkat inanılmaz dərəcədə böyümüşdü. Yüz minlərlə insan, nəhayət 18 oktyabr 1991-ci ildə nail olunmuş müstəqillik və ərazi bütövlüyü ideyaları uğrunda nümayişlərdə iştirak edirdi.
“Turkish Weekly”-in bəzi mülahizələrinə istinad edən Meksika qəzeti, bu səbəbdən hərbi təcavüzün həyata keçirilməsi ilə əlaqədar sovetlərin gətirdiyi dəlillərin sadəcə Rusiyanın o vaxtadək nəzarətdə saxladığı digər kiçik xalqlar üzərində nüfuzunun qorunub saxlanması üçün bir bəhanə olduğunu bildirir.
Məqalədə qeyd olunur ki, Azərbaycan əhalisi hər il azadlıq uğrunda həyatlarından keçən mərd oğul və qızlarının xatirəsini anır. Buna görə də hər il bu gün Bakı əhalisi minlərlə gül səpilmiş Şəhidlər Xiyabanına toplaşir. Əbədi məşəlin işığı şəhərə və Xəzər dənizinə işıq saçır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO