Mehman Əliyev: “Regionlarda çap olunan qəzetlər ictimai rəyə təsir göstərmək gücünə malik deyil “


Regionlarda mətbuatın vəziyyəti çox ağırdır. “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev SİA-ya açıqlamasında bildirir ki, regionlarda kütləvi nəşrlərin yayılması ilə məşğul olan sistem operativ işləməmir. Onun sözlərinə görə, 4 milyon əhalisi olan regionlarda təxminən 600-700 qəzetin satılır: “Sovet vaxtı mətbuatın çatdırılması ilə məşğul olan şəbəkə çox operativ işləyirdi. İndi isə bundan söhbət gedə bilməz. Digər tərəfdən əhalinin alıcılıq qabiliyyəti də çox aşağıdır. Qəzetlərin tirajının az olması da diqqətçəkici məqamdır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, əhali birtərəfli informasiya alır. Regionların özlərində çap olunan qəzetlər isə ictimai rəyə təsir göstərmək gücünə malik deyil. Normal texnika var. Lakin ondan lazımı qaydada istifadə olunmur. Nümunəvi qəzetlər kimi Masallı rayonundakı “Cənub xəbərləri” və Mingəçevir şəhərindəki “Mingəçevir işıqları” qəzetlərini göstərmək olar”.

Regionlarda dövri nəşrlərin yayılmasını həyata keçirən “Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayaraq mövcud durumla bağlı məlumat almaq istədik. Cəmiyyətin Sədr müavini İlham Ələsgərov vəziyyətin əslində deyildiyi kimi olmadığını deyib: “Deyilənlərin heç bir əsası yoxdur. Dövri nəşrlərin yayımı bizim tərəfdən iki, abunə və satış formasında həyata keçirilir. Fövqəladə bir vəziyyətlə qarşılaşmasaq qəzet və jurnal nəşr olunduğu gün günortaya kimi ünvanlara çatdırılır. Bu da normaldır”.

İ.Ələsgərovun sözlərinə görə, cəmiyyət tərəfindən 300-dən artıq qəzet və jurnal regionlarda yayılır: “Satış faizi isə 50%-dən yüksək deyil. Cəmiyyət tərəfindən respublikada çap olunan nəşrlərdən əlavə Rusiya və Ukraynada da çap olunan nəşrlər yayılır. Yayımların bir istiqamətli olması fikri ilə də razı deyiləm. Misal olaraq deyə bilərəm ki, “ Müasir Müsavat”, “Azadlıq”, “Hüriyyət”, “Bizim yol”, “Bakı xəbər” kimi müxalif nəşrlər də tərəfimizdən yayılır. Regionlarda çap olunan nəşrlər isə özləri tərəfindən yayımlanır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO