“Medianın parlament seçkisində iştirakı onun diffamasiya mühitinə nə dərəcədə hazır olduğunu isbatlayacaq”

Əflatun Amaşov: “Görünür, mətbuatımızda bölücülük yaratmaq istəyənlər var. Bu durumda jurnalistlərimiz təxribatlara uymamalı, vaxtilə buraxdıqları səhvləri təkrarlamamalıdırlar”

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi

– Azərbaycanın media məkanındakı son durumu necə qiymətləndirirsiniz?

– Azərbaycan milli mətbuatının 135 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, jurnalistlərin fəxri adlara və digər təltiflərə layiq görülmələri, habelə onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn sərəncamın imzalanması – bütün bunlar ümumən xoş ovqatdan xəbər verir. Bununla belə, son günlər müəyyən narahatedici meyllər də duyulmaqdadır. Bəzi həmkarlarım məsələ ilə bağlı artıq həyacan təbili çalıb. Əslində nə baş verir? Buna aydınlıq gətirmək üçün istər-istəməz geriyə qayıtmalı olursan – 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkisindən öncəki vəziyyətə. Həmin vaxt kütləvi informasiya vasitələrinin bir çoxu siyasi konfrantasiyaların mərkəzində dayanırdı. Qəzet səhifələrində siyasi səhnədə olmayacaq qədər gərginlik əksini tapmışdı. Üzərindən az vaxt keçməyib. Bu müddətdə mediamız müsbət vərdişlər əldə edib, jurnalistlərin peşəkarlığı artıb, hadisə və proseslərə peşəkar yanaşma tərzləri formalaşıb, ümumilli maraqlara müəyyən mənada vahid baxış var və s. Bütün bunlar ağır zəhmət hesabına başa gəlib. Əldə edilənlərin bir andaca məhv olma təhlükəsini hiss etmək isə əlbəttə, təəssüf doğurur.

– Siz vəziyyəti parlament seçkisi ilə əlaqələndirirsiniz…

– Seçkilər, o cümlədən parlament seçkisi millətin, xalqın taleyində önəmli yer tutan hadisədir. Bu, siyasi prosesdir və mövcud mərhələdə siyasi səhnədə yüksək aktivliyin yaşanması labüddür. Dünyanın bir çox yerlərində, hətta inkişaf etmiş ölkələrin özündə belə seçkiöncəsi və ondan sonra gərginliklər baş verir. Bu, müəyyən mənada təbiidir də. Azərbaycanda seçki gərginlikləri yaşanıb. Əfsus ki, həmin proseslərin episentrində bəzən ayrı-ayrı siyasi xadimlər deyil, daha çox media orqanları dayanıb. Elə olub ki, jurnalistlərin yazdıqlarını siyasətçilər heç dillərinə gətirməyiblər. Ümumən seçki öncəsi baş verən xoşagəlməz ssenarilər hamımıza məlumdur. Hazırda isə ən pisi odur ki, proseslərə tez start verildiyi hiss olunur və getdikcə gərginliyin artma ehtimalı duyulmaqdadır. Görünür, mətbuatımızda bölücülük yaratmaq istəyənlər var. Bu durumda jurnalistlərimiz təxribatlara uymamalı, vaxtilə buraxdıqları səhvləri təkrarlamamalıdırlar. Keçmişin təcrübəsi göstərir ki, nəticə etibarilə onlar itirən tərəf olurlar. Bu, uduzmaqdan da pisdir.

– Sizcə, medianın əvvəlki seçkilərdə iştirakı ilə bağlı xoşagəlməz təcrübənin təkrarlanma ehtimalı böyükdür?

– Əslində qorxdumuğuz elə budur. Həmkarlarımın bir çoxu da yazılarında vəziyyətin təkrarlana biləcəyindən narahatlıq keçirir. Yenə də deyirəm, parlament seçkisi mahiyyət etibarilə siyasi prosesdir. Burada udan da, uduzan da olur. Mətbuatın prosesə tərəf kimi qoşulması isə onun özü üçün itkidir. Təcrübə göstərir ki, bu itki kimlər üçünsə böyük uduşdur. Vəziyyətin belə şəkil alması, kimlərinsə ruporuna çevrilmək mediamızın xeyli əvvəlki səviyyəsinə qayıtması olardı. Bununla barışmaq olmaz. Məncə, məsələdə KİV təmsilçilərinin özləri də həmrəylik göstərməlidirlər. Yazılarında diqqətli olmalı, tərəf kimi çıxış etməməli, seçicilərin, dolayısıyla xalqın mənafeyini üstün tutmalıdırlar.

– Mətbuat Şurası seçkilərdə medianın iştirakına, siyasi prosesləri işıqlandırmasına dair hansı tədbirlər görəcək? Qeyd etdiklərinizlə bağlı şuranın fəaliyyət proqramı varmı?

– Az öncə medianın seçkilərdə iştirakı ilə əlaqədar vaxtilə yaşanmış xoşagəlməz təcrübənin təkrarlanma ehtimalından danışdıq. Bütün fəaliyyətimiz bu ehtimalı sıfıra endirmək üzərində qurulacaq. Yaxın günlərdə mətbuatda “qara piar” mövzusunda tədbir keçirməyi və orada mediamızdakı son vəziyyəti geniş şəkildə müzakirəyə çıxarmağı planlaşdırırıq. Bundan başqa, Mətbuat Şurası siyasi mövzuda, xüsusən seçki ilə bağlı materialların monitorinqini aparmağı və mövcud tendensiyaları cəmiyyətə açıqlamağı nəzərdə tutur. Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə layihə həyata keçirməkdədir. Layihə jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsini, qaydaların yeni variantının KİV tərəfindən qəbulunu, həmçinin diffamasiya haqqında qanunla əlaqədar təşəbbüslərin dəstəklənməsini nəzərdə tutur. Layihə çərçivəsində ilk tədbir artıq baş tutub. Toplantıda peşə davranışı qaydalarına tövsiyələr media rəhbərlərinə təqdim olunub. Təkmil variantın hazırlanması üçün onların iştirakı ilə işçi qrup formalaşdırılıb. Avqustda daha bir dəyirmi masanın, sentyabrda isə beynəlxalq konfransın təşkilini nəzərdə tuturuq. Diqqəti peşə davranışı qaydalarına yönəldərək deyim ki, sənədin təkmil variantını qəbul edən KİV eyni zamanda üzərinə onu pozmamaqla bağlı ictimai məsuliyyət götürmüş olacaq. Bu, çox vacib məqamdır. Məsələnin daha vacib tərəfi isə diffamasiya ilə bağlıdır. Həmkarlarımızın çoxu qanunun qəbulunun tərəfdarıdır. Medianın parlament seçkisində iştirakı onun diffamasiya mühitinə nə dərəcədə hazır olduğunu isbatlayacaq. Buna görə də hər bir jurnalist peşəsinə məsuliyyətlə yanaşmalı, diqqətli olmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO