«Media və cəmiyyət münasibətlərində media müzakirələri» layihəsi çərçivəsində ilk veriliş hazırlanıb

Azərbaycan Mətbuat Şurasının (AMŞ) və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü, “İctimai TV”nin informasiya dəstəyi ilə baş tutan «Media və cəmiyyət münasibətlərində media müzakirələri» layihəsi çərçivəsində ilk veriliş həyata keçirilib.

SalamNews xəbər verir ki, İTV-nin hazırladığı proqramda müzakirə mövzusu Azərbaycan mediasının iqtisadi vəziyyətinə həsr edilib.

Müzakirədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və «Gün.az» portalının baş redaktoru Elnur Baimov iştirak ediblər.

Proqram iştirakçıları əsasən ölkədə reklam bazarının vəziyyətindən, dövlət reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi təcrübəsinin tətbiqinin ölkəmizin media məkanına təsirindən, qəzet yayımında və səyyar satışda müşahidə edilən problemlərdən, qəzet köşklərinin təyinatı üzrə fəaliyyət göstərməsi zərurətindən, KİV-lərin bazar münasibətlərinə uyğunlaşması üçün onlara uzunmüddətli kreditlərin verilməsinin vacibliyindən və digər bu kimi məsələlərdən ətraflı söhbət açıblar. Sadalanan istiqamətlər üzrə Mətbuat Şurasının konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflər də səslənib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO