Media təmsilçilərimiz Türkiyə baş nazirinin müavini Bülənt Arıncla görüşdü

Dünən Azərbaycan media təmsilçilərinin də iştirakı ilə Türkiyənin Şanlıurfa şəhərində “20-ci Yerel Medya Eğitim Seminarı” adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.

İki gün davam edəcək tədbirin açılış mərasimində dünyanın müxtəlif ölkələrindən 300-ə qədər mətbuat nümayəndəsi iştirak edib. Türkiyə baş nazirinin müavini Bülənt Arıncın iştirakı ilə keçirilən Beynəlxalq Konfransda bölgə mətbuatının bugünkü vəziyyəti və onun inkişafı barədə müzakirələr aparılır. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti olduqca səmimi qarşılanıb. Media təmsilçilərimiz Türkiyə baş nazirinin müavini Bülənt Arıncla da görüşərək fikir mübadiləsi aparıb. Tədbirdə ölkəmizi təmsil edən mətbuat işçiləri “31 mart Azərbaycanlıların Soyqırımı Günü” barədə də Türkiyə Baş nazirinin müavini Bülənt Arınca geniş məlumat verib. Beynəlxalq Konfrans bu gün müxtəlif bölmələrdə işçi qrupların iştirakı ilə davam etdiriləcək.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa şəhərində keçirilən Beynəlxalq Konfransda ölkəmizi Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoğlu, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Zaman” qəzetinin əməkdaşı Allahverdi Cəfərov və “Olaylar” qəzetinin baş redaktoru Yunuz Oğuz təmsil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO