Türkiyə səfirliyinin də “Təzadlar”la Şura arasında davam edən məhkəməyə cəlb edilməsi gözlənilir
Dünən “Təzadlar”ın baş redaktoru Asif Mərzilinin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Təzadlar” qəzetilə bağlı işgüzar nüfuzu ləkələyən məlumatları digər KİV-lərdə yayması ilə bağlı başlanmış məhkəmə araşdırması davam etdirildi.
Prosesdə Mətbuat Şurasının tərəf kimi məhkəməyə cəlb olunması və bununla bağlı iddia həcminin artırılması səbəbindən əlavə iddia ərizəsi də məhkəməyə təqdim olundu. Bu isə o deməkdir ki, bundan sonra məhkəmə araşdırmasında MŞ şikayətlər komissiyasının və MŞ İdarə Heyətinin “Təzadlar”ın reket qəzet adlandırılması barədə əsassız qərarına səs vermiş MŞ üzvləri məhkəməyə cəlb edilərək qərarlarını əsaslandırmalıdırlar. Bundan əlavə, MŞ Şikayətlər Komissiyası “Təzadlar”ın reket qəzet adlandırılması barədə 16 sentyabr 2009-cu il tarixli rəyini isə Türkiyə səfirliyinin müraciəti əsasında qəbul etdiyindən, məhkəmə prosesinə səfirliyin də cəlb edilməsi gözlənilir.
Dünənki məhkəmə prosesində A.Mərzilinin vəkili Əlirza Həbilov MŞ-ın tərəf kimi məhkəməyə cəlb edilməsi barədə iddia ərizəsini hakimə və qarşı tərəfə təqdim edərək, iddia tələbini əsaslandırmaq üçün çıxış etdi. Vəkil bildirdi ki, qəzetin reket adlandırılması heç də MŞ rəsmilərinin KİV-lərə açıqlamalarında qeyd etdikləri kimi, ictimai qınağa söykənmir. Əksinə, KİV-in işgüzar nüfuzunu ləkələyən ciddi sanksiyadır, qəzeti diz çökdürməyə hesablanmış bir qanunsuz hərəkətdir.
Bundan sonra hakim qarşı tərəfin hüquqlarını müdafiə edən Ş.Əliyevə sualların olub-olmamasını soruşdu. Vəkil Ə.Həbilovun çoxsaylı sualları ilə MŞ Şikayətlər Komissiyasının rəyi ilə “Təzadlar”ın reket nəşr adlandırılması, sonra isə qəzetin adının qara siyahı deyilən cədvələ salınaraq yerlərə göndərilməsini, həmin cədvəldə adı həmin siyahıda olan KİV-lərlə əməkdaşlıq etməməyi tövsiyə edən xüsusi elanın yerləşdirilməsini diqqətə çatdırdı, bu addımların qanunsuz və əsassız olduğunu bir daha sübut etməklə, qarşı tərəfin nümayəndəsini də çıxılmaz vəziyyətə saldı. Məlum oldu ki, ümumiyyətlə, MŞ-da şikayətlərin qəbulu və baxılması qaydalarına təlimatda qeyd edilənlərə baxmayaraq, heç bir norma gözlənilmədən baxılır ki, bu da “Təzadlar”ın timsalında tam sübuta yetirilir. MŞ Şikayətlər Komissiyası isə bu və ya digər tələbləri də pozaraq, qəzetə bir günün içində reket damğası vurmuşdur. Təlimatda isə şikayət daxil olan zaman əvvəlcə KİV-ə rəsmi məktubla şikayət göndərilir, sonra KİV-dən 10 gün müddətində arqumentli cavab istənilir, həmin cavab şikayətçi tərəfə göndərilir və əgər şikayətçi qane olmursa, bu halda tərəflərin iştirakı ilə məsələ araşdırılır və s. Vəkil Ə.Həbilov MŞ-ın nümayəndəsindən belə bir qaydaya əməl olunduğunu soruşdu. Ş.Əliyev “bəli” deyərək məhkəməyə bir sənəd təqdim etdi. Həmin sənəd MŞ sədrinin adından “Təzadlar” qəzetinin baş redaktoru A.Mərziliyə göndərilmiş məktub və şikayətin materialları barədə idi. Lakin məlum oldu ki, həmin sənəd saxtadır. Çünki həmin sənəd 15 oktyabr 2009-cu ildə göndərilmişdir, hətta poçtla göndərilmə barədə qəbz də təqdim edilmişdir. Həmin qəbz də 15 oktyabr tarixinə tərtib edilmişdi. Amma MŞ-ın Şikayətlər Komissiyasının “Təzadlar”ın reket adlandırılması barədə rəyində isə 16 sentyabr 2009-cu il tarixi əks olunurdu. Bu məsələ araşdırılarkən məhkəmə sədarəti də, qarşı tərəf də çaş-baş qaldı. Belə çıxırdı ki, MŞ ŞK-nin rəyi 16 sentyabrda verilib, A.Mərziliyə isə 15 oktyabrda məktub göndərilib ki, MŞ-a şikayətin müzakirəsinə gəlsin. Məlum oldu ki, MŞ-dan verilən bu sənəd sadəcə, sonradan tərtib edilib, saxtadır.
Bunu nəzərə alan vəkil Ə.Həbilov haqlı olaraq, ümumiyyətlə, MŞ-da şikayətlərin qeydə alınmasının başdansovdu aparıldığını qeyd edərək vəsadətlə çıxış etdi. Vəkil növbəti məhkəmə prosesinə MŞ-dakı qeyd jurnalının təqdim edilməsini xahiş etdi. Vəsadət təmin olundu.
Bundan sonra vəkil Ə.Həbilov məhkəmədən linqivistik ekspertiza təyin olunması barədə vəsadətlə çıxış etdi. Vəkil həmin ekspertiza rəyindən sonra iddianı daha mükəmməl və əsaslı şəkildə müdafiə etmək iqtidarında olacağını bildirdi. Qarşı tərəf vəsadətə etiraz etsə də, məhkəmə vəkil Ə.Həbilovun ciddi arqumentlərini nəzərə alaraq vəsadətin təmini məsələsinin növbəti prosesdə baxılacağını bildirdi.
Hakim İ.Şirinov prosesi diqqətlə izləyib bir daha MŞ nümayəndəsinə və qarşı tərəfə barışıq üçün bir daha düşünməyi təklif etdi.
Növbəti proses martın 12-də saat 15:00-da Nəsimi rayon Məhkəməsində olacaq.