Media ombudsmanı kim olmalıdır?


Asif Mərzili: “Keçid dövrü üçün media ombudsmanının İnsan Hüquqları üzrə Ombudsman Aparatının tərkibində olmasını məqbul hesab edirəm…”
Azərbaycan Prezidentinin Milli Məclisə göndərdiyi “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunmuşdur.
Qeyd edək ki, hazırda ciddi müzakirə mövzusu olan layihəyə əsasən, informasiya ombudsmanı (qurumun əsas missiyası hökumətin ictimai informasiyaları ictimaiyyətə açıqlamasına nəzarət etməkdir) ayrıca təyinatla olmamalı və bu səlahiyyətlər insan hüquqları üzrə hazırkı ombudsmana verilməlidir.

Məsələ ətrafında artıq neçə gündür ki, ölkə KİV-lərində ciddi müzakirələr gedir. Bu və ya digər suallara aydınlıq gətirilməsi üçün “Təzadlar”ın baş redaktoru Asif Mərzilinin mövqeyini öyrəndim:

– Bəli, layihə hazırda ciddi müzakirə olunur. Məsələ aydındır: Prezidentin Milli Məclisə göndərdiyi “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsi dekabrın 8-də parlamentin insan hüquqları və hüquq siyasəti komitəsi ilə dövlət quruculuğu komitəsinin birgə iclasında qəbul edilərək plenar iclasa tövsiyə olunub. Layihənin məğzi belədir ki, ayrıca informasiya ombudsmanı olmasın və sadəcə, onun səlahiyyətləri hazırda mövcud olan Ombudsmanın ixtiyarına, yəni tabeliyinə verilsin… Mən diqqət verirəm, müzakirələr üç istiqamətdə gedir. Bir tərəf informasiya ombudsmanının müstəqil olmasını, digər tərəf isə indiki Ombudsmanın tərkibinə verilməsini istəyir. üçüncü tərəf isə eşitdiyimə görə bu səlahiyyətlərin ən pis halda Mətbuat Şurasına verilməsini arzulayır…

– Sizcə, bunun hansı mümkün və real, həm də ədalətli görünür?

– Sonunculardan başlayım. Məsələ ondadır ki, son on il ərzində Azərbaycanda media sahəsinin problemlərinin həlli üçün seçimli qurumlar yaranıb. KİV-lərə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar Komitəsi, Tele-radio Yayımı Şurası və s. Bunların heç biri gözlənilən səmərəni vermədi. Mətbuat Şurasının fəaliyyəti son 3-4 ildə “reket mətbuat”, “qara siyahı” və s. ilə məhdudlaşdı. Açıq deyək, MŞ-ın sonuncu qurultayında elə mən də daxil olmaqla, belə düşünürdük ki, MŞ problemlərin həllinin yeganə meydanı olacaq. Nə baş verdi? Məlum oldu ki, MŞ sifarişli qərarlar və ya rəylər verməklə başını dolandırır, gününü yola verir. Və MŞ-ın “qara siyahı” məsələsi o dərəcəyə çatdı ki, Beynəlxalq HUMAN RİGHTS WATCH təşkilatının Azərbaycanla bağlı hesabatında MŞ-ın məlum fəaliyyəti ciddi tənqid mövzusu kimi təqdim olundu. Hətta o dərəcədə ki, qurumun Cənubi Qafqaz üzrə nümayəndələri 2010-cu ilin oktyabrın 25-26-da Bakıda keçirdikləri rəsmi görüşlərində MŞ-ın “qara siyahı” tərtib edərək bəzi məmurların zəhləsi gedən KİV-ləri bu siyahıya salaraq rəsmi dövlət qəzetində- “Azərbaycan”da dərc etdirməsini ifadə azadlığını və jurnalist hüquqlarını kobud məhdudlaşdırma kimi qiymətləndirərək, bu başabəla siyahının aradan götürülməsini dövlət rəsmilərindən rica etmişdilər. Həmin hesabatın təqdimat mərasiminə məni də rəsmən dəvət etmişdilər və orada bu barədə ətraflı bəhs olundu, həmin məruzə və rəy barədə mətbuat konfransının nəticələri “Təzadlar”ın və yəqinki digər KİV-lərin də səhifələrində dərc olundu. Nəyi demək istəyirəm. Artıq beynəlxalq qurumlar da əvvəlcə canyananlıq göstərərək özünü mətbuatın problemlərinin həllinin ağsaqqalı sayanların səmimiliyinə inanmır. Fikir verin, ABŞ səfirliyi ötən il MŞ-ın bir layihəsinə 70 min dollar qrant ayırmışdı, sonra pul üstündə necə dava düşdüsə, layihəni dayandırdılar. Avropa Birliyi də bir neçə koalisiya qurumuna 380 min evro pul ayırmışdı ki, Azərbaycanda guya medianın özünü tənzimləməsi problemini həll edəcəklər. Həmin layihənin icrasına etiraz edən onlarla KİV rəhbəri Avropa Birliyinə, Beynəlxalq Jurnalistlər Federasiyasına müraciət etdi. Biri də mən idim. Bizə elektron poçt vasitəsi ilə daxil olan cavabda qeyd olunurdu ki, məsələ araşdırılır. Bilmək istəyirdilər ki, gerçəkdən Azərbaycan media ailəsində nə baş verir. Qısası, hamının inamı itib. Bəs kimi media ombudsmanı seçək? Filankəsi, bəhmənkəsi??? Axı bu birilərini də qurultayda seçəndə elə bilirdik ki, onlardan təmiz, vicdanlı adam yoxdur. Amma sonra nə oldu? Qələmi necə tutmağı məndən öyrənən birisi durub AzTV efirindən deyir ki, “Təzadlar”ın adının “qara siyahıya” salınması düzgün addım imiş. Yaxşı, bizim abır-ismətimiz, vicdanımız yol vermir ki, belələrinin nə karə olduğunu yazaq, bəs onların ətrafındakılara nə olmuşdu?

Odur ki, mən də hesab edirəm ki, indiki situasiyada media ombudsmanının səlahiyyətlərinin İnsan Hüquqları üzrə Ombudsman Aparatına verilməsi daha doğru olardı. Ən azından, Ombudsman Aparatında peşəkar kadrlar var, savadlı hüquqşünaslar yerləşiblər. Mən indiyədək görməmişəm ki, hansısa özündən deyən media qurumu həbs olunan jurnalistin başının üstündə dursun, onun məhkəmə işində iştirak etsin. Amma Ombudsman Aparatından və RATİ-dən başqa peşəkar müdaxiləni və müşahidəni görməmişik. Bu faktdır. Odur ki, media ombudsmanının səlahiyyətləri Ombudsman Aparatına verilsə, ən doğru addım olardı. Vəziyyətin belə olmasının isə günahkarı bizim özümüzük. Vaxtilə Redaktorlar Birliyi vardı və həm də redaktorların birliyi vardı. Məhkəməsi gedən KİV-in hüquqlarının müdafiəsinə eyni anda 20-30 KİV rəhbəri toplaşırdı. İndi iki redaktor bir yerdə olanda üçüncünün qiybətini edir və KİV-lərə Dəstək Fondundan aldığı pulunun hesabını aparırlar. Aramızı kim vurdu, bunu bilənlər yaxşı bilir. Media ağsaqqalları isə susur və “ağrımayan başına buz bağlamaq” istəmir. Və nə qədər ki, biz “ağrımayan başımıza buz bağlamaq” istəməyəcəyik, mətbuatımızın da baş ağrısı kəsməyəcək…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO