Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “525-ci qəzet”in əməkdaşı Bəxtiyar Məmmədov, “Olaylar” İnformasiya Agentliyinmin əməkdaşı Samir Əli, “Xalq Cəbhəsi” qəzetinin müxbiri Ağa Cəfərli və APA-nın müxbiri Elnur Məmmədli danışır.

Ağa Cəfərli, “Xalq Cəbhəsi” qəzetinin müxbiri

“Əməliyyat itinin şəklinin çəkilməsi qadağan olunub”

– Bir dəfə Mehman adlı sürücünü Nəqliyyat Nazirliyinin əməkdaşları döymüşdülər. Bu azmış kimi onu həbs də etmişdilər. Bu hadisə demək olar ki, ölkədə ciddi rezonans doğurmuşdu. Dəvəçi rayon məhkəməsində iş getdiyi vaxt mən ora ezam olunmuşdum. Məhkəmə başlamazdan öncə gördüm ki, əllərində avtomat, yanlarında da it olan mühafizəçilər döyülən və üstəlik günahkar bilinən şəxsi gətirirlər. Mən tez-tələsik onların və itin şəklini çəkdim. Dərhal məni Dəvəçi Rayon Polis İdarəsinə apardılar. Vəsiqəmə baxdılar ki, mən jurnalistəm. Dedilər ki, əməliyyat itinin şəklini çəkmək olmaz.
Soruşdim ki, “nəyə görə?”
Polis rəisi dedi: “ Əməliyyat itinin şəklinin çəkilməsi qanunla qadağan olunub. Sən bu dəqiqə şəkilləri pozmalısan”.
Mən gördüm ki, problem yaranacaq, ona görə də şəkli fotokameranın yaddaşından pozdum.
Polis İdarəsindən çıxandan sonra gedib gizli şəkildə itin şəklini yenidən çəkdim. Ancaq Polis İdarəsinin rəisi məndən xahiş etmişdi deyə, şəkli qəzetdə vermədik.

“Müstəntiq məni şərləmək istəyirdi”

– “Azadlıq” qəzetində işlədiyim vaxt məni həbs etmək istəyirdilər. Səbəbi də o idi ki, guya, həmkarım Aqil Xəlili mən bıçaqlamışam. Aqil bıçaqlanmazdan 10-15 dəqiqə əvvəl mənimlə rastlaşmışdı. Mən ifadə verəndə bu epizodu danışmışdım. Nəticədə müstəntiq belə qənaətə gəlmişdi ki, Aqil Xəlili mən bıçaqlamışam. Hətta bunu Aqil Xəlilin qarşısında şərt kimi də qoymuşdular. Təbii ki, ittihamın heç bir əsası yox idi. Aqil Xəlil də bunu təsdiqləmədi. Biz o vaxt mətbuat konfransı keçirdik. Ondan sonra məsələyə aydınlıq gətirildi.

“Azadlıq”da zarafatlar…

– “Azadlıq” da işlədiyim vaxt uşaqlardan hüquqşünas Əyyub Kərimovun nömrəsin istədim, ondan açıqlama almalıydıb.Həmkarım Vidadi Məmmədli mənə bir nömrə verdi. Mən də həmin nömrəyə zəng edib dedim: “Salam Əyyub müəllim necəsiniz?”. Sonra da sualımı verdim.
O da başladı mövzu ilə bağlı danışmağa. O,danışırdı, mən də yazırdım. Müsahibim xeyli danışandan sonra birdən ayıldım ki, bu səs jurnalist Fikrət Hüseynlinin səsidir.
Sən demə uşaqlar öz aralarında sözləşib mənimlə zarafat edirmişlər. Dişimin dibinmdən çıxanı onlara dedim.

Yenə “Azadlıq”da işləydiyim vaxtlar idi. İşə təzə başlamışdım. Bir gün həmkarım Xəyal mənə bir nömrə verdi ki, bu, ziyalı Ramazan Əbdülkərimovun nömrəsidir. Ona zəng edib açıqlama al. Mən də dedim ki, “axı mən o adlı adamı tanımıram”. Redaksiyada uşaqların hamısı bir ağızdan dedi: “Ayə, yox eee. var. Həm də çox savadlı ziyalıdır”.
Mən də zəng edib danışdım. Yazını hazırlayandan sonra məlum oldu ki, mənim zəng vurub danışdığım adam redaksiyadakı həmkarlarımdan biri olub. Heç Ramazan Əbdülkərimov adında ziyalı yox imiş

Bəxtiyar Məmmədov, “525-ci qəzet”in müxbiri

“Korpus komandirinə dedim: “Əəə, bir az o yana dur görüm”

– Bir dəfə “Ordunun dostları” Mətbuat Klubu jurnalistləri cəbhə xəttinə aparmışdı. Məqsəd əsgərlərin vəziyyəti ilə yaxından tanış olmaq idi. Bizimlə bərabər 3-cü korpusun komandiri Çingiz Şəfiyev də ora getmişdi. Biz cəbhənin Gədəbəyə istiqamətindəki hərbi hissədə olduq. Səngərə gedəndə bizə “bronjilet” geyindirdilər. Mən diktafonumu “broanjiletin” güllə darağı qoyulam cibinə yerləşdirdim. Səngərlərin gəzəndən sonra zirehli gödəkçələri soyunduq, bizə dedilər ki, “bir əsgər yeməyi də yeyib, dadına baxın”.
Əsgər yeməkxanasına girəndə yadıma düşdü ki, diktafon “bronjilet”in cibində qalıb. Tez komandirlərə xəbər verdim, getdik bütün “bronjilet”ləri yoxladıq, tapmadıq. Mən də diktafonu təzə aldığım üçün guya, onu bərk-bərk qoruyurdum. Məlum oldu ki, mən geyindiyim zirehli gödəkçəni əsgərlərdən biri geyinib posta çıxıb. Biz xəbər göndərdik. Axır ki, diktafonu gətirdilər. Gedib onua alandan sonra ac qalmamaq üçün tez yeməkxanaya qaçdım. Gördüm hamı oturub, yer yoxdu. Hamı da hərbi geyimdə. Tanımaq olmurdu ki, kim kimdir. Küncdə əyləşən hərbçinin yanında balaça bir yer vardı. Özümü ora verib onu əlimlə itələyib möhkəm səslə qışqırdım: “Əəə, bir az o yana otur görüm”.
Elə bu vaxt baxdım ki, bütün hərbçilər yeməyə ara verdi, hamı dönüb təəccüblə mənə baxdı. Birdən gördüm ki, mənim itələdiyim hərbçi korpus komandiri, indi general olan Çingiz Şəfiyevdi. Özümü itirsım də, cəld üzr istədim.
O da dedi: “Olan şeydi”.

“Bizə çay vermək istəməyən bələdçini kamera ilə qorxutduq”

– “Ordunun dostları” Mətbuat Klubu yenə jurnalistləri hərbi hissəyə səfərə aparırdı. Qatarla gedirdik, vaqondakıların hamısı jurnalist idi. Axşam vaxtı olduğundan çox adam kupedə yatmışdı. Biz dörd jurnalist kupelərin birində oturub söhbət edirdik.
Vaqon bələdçisindən xahiş etdik ki, bizə çay gətirsin. Neçə dəfə dedik, çay gəlmədi. Axırda bələdçi bizə dedi ki, “çay yoxdur”.
Onda ATV kanalında operator işləyən Mirəziz kameranı çıxarıb dedi: “Dayı bu dəqiqə səni televizora çəkəcəm. Ya bizə çay ver, ya da səni biabır edəcəyik”. Bələdçi qorxub dedi: “Qadan alaram elə şey eləmə. Siz kameranı yığışdırın, mən bu dəqiqə sizə çay gətirəcəm”.
İnandırım sizi yazıq kişi səhərə kimi bizə çay süzməkdən bir təhər oldu.

“Bəli Yusif müəllim…”

– “525-ci qəzet”in redaksiyasında oturub yazı yazırdım. Otaqda Aqil Lətifov, Rufiq İsmayılov və mən idim. Mən tədbirdən təzə qayıtmışdım, yazını təcili hazırlamaq lazım idi. Redaktorumuz Yusif müəllim tez-tez bizm otağa zəng edib deyirdi: “Ayə, noooldu yazı?”
Mən də hər dəfə “bu dəqiqə Yusif müəllim bitirirəm”-deyə cavab verirdim. Yenə zəng etdi. Dedim: “Beşcə dəqiqəyə təhvil verirəm”.
Beş dəqiqə keçdi. Yenə zəng gəldi. Dedim: “Bitirdim. “Setlə” atıram sizə. Baxın”. Yazını qurtaran məqamda təkrar zəng gəldi. Cəld dəstəyi götürüb qışqırdım: “Bəli Yusif müəllim, ikicə dəqiqədə dözün…”.
Ancaq məlum oldu ki, zəng edən “Həftə-İçi” qəzetində işləyən həmkarım Əli imiş.

Elnur Məmmədli, APA-nın əməkdaşı

“Ayə, deyəsən bu kişinin başına hava gəlib”

– APA-da işləyirdim. Həmkarlarım Elbrus Seyfullayev, keçmiş əməkdaşımız Emil Hüseyinli ilə birgə redaksiyada idik. Birdən müxbirlərdən Ramil Məmmədli bizim otağın qapısını açıb soruşdu: “Uşaqlar Hafiz Hacıyevin nömrəsi kimdə var? Təcili mənə lazımdır”.
Elbrus cavab verdi ki, onda var. Və Emilin nömrəsin Ramilə verdi. Ramil dəhlizə çıxıb zəng vurdu: “Salam Hafiz müəllim. Sizə bir sualımız var”.
Emil də bizm yanımızdan dedi: “Buyurun”.
Ramil sualı verəndən sonra Emil bir az danışan kimi gülmək onu tutdu. Və tez də telefonu qapatdı. Ramil qaça-qaça içəri girib təccüblənmiş halda bizə dedi: “Ayə, deyəsən bu kişinin başına hava gəlib. Sualı verdim. Gülüb, sonra da “adboy” verdi”.
Bizi bir gülmək tutdu ki…

“Mən sizi heç vaxt bağışlamayacam”

– 2002-ci ildə “Ekspress” qəzetində işləyirdim. O zaman parlament müxbirimiz Rasim “Ekspress”də Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı ilə bağlı yazı yazmışdı. Bu yazıdan Xanhüseyn müəllim bərk incimişdi. Hadisənin üstündən 2-3 həftə keçəndən sonra Rasim parlamentin iclasına gedir. Dəhlizdə necə olursa, Xanhüseyn Kazımlı ilə çiyin-çiyinə toqquşur.
Rasim: “Siz Allah bağışlayın, Xanhüseyn müəllim”.
Xanhüseyn Kazımlı dönüb baxır ki, bu Rasimdi. Deyir: “Mən sizi heç vaxt bağışlamayacam”.

Samir Əli, “Olaylar” İnformasiya Agentliyinin müxbiri

“Azər Sarıyev taksi pulumu verdi”

– 2008-ci ilin prezident seçkiləri yenicə başa çatıb. Mərkəzi Seçki Komissiyasının “Avropa” otelindəki tədbirindən qayıdırdım. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevlə birlikdə tədbirdən çıxıb taksiyə əyləşdik. Mən qalstukda, kostyumda, Azər isə qeyri-rəsmi geyimdə idi. Azər taksi sürücüsünə bildirdi ki, bizi MSK-ya aparsın. Taksi sürücüsü MSK-nın açıqlamasını bilmədi və bizdən bu qurumun nə işlə məşğul olmasını soruşdu. Yolboyu söhbət zamanı MSK barədə taksi sürücüsünə məlumat verdik və ən çox mən danışdım. Taksi sürücüsünün müxalif mövqedən çıxış etdiyini görən Azər Sarıyev əli ilə mənə işarə edib “dayı, oranın işçisi bax budur, üzünə de, qoy səhvlərini başa düşsün” dedi.
Taksi sürücüsü mənim həqiqətən də MSK işçisi olduğuma inandı və başladı söhbəti fırlatmağa. Yolboyu söhbət zamanı taksi sürücüsü ailə vəziyyətinin ağır olduğunu, taksidən çörəkpulu çıxmadığını deyərək ağlamağa başladı. Taksi sürücüsü elə zənn edirdi ki, bu saat ona ya təzə taksi verəcəm, ya da taksi rüsumlarından azad edəcəm. Söhbət edə-edə MSK-nın binasına çatdıq və Azər Sarıyev iş yerində düşəndə soruşdu:
– Ağsaqqal, nə qədər verəcəm?
– Kasıb kişiyəm ay bala, 5 manat ver.
– Hansı tərəfə gedirsən?
– “Baksovet”dən geri qayıdacam.
– Onda gəl sənə 6 manat verim, bu oğlanı da Mərkəzi Univermağın yanında düşürərsən, olar? Hörmətli qonağımızdı da, piyada getməsin.
-Niyə olmur ay bala, baş üstə.
Azər pulu verib getdi və biz taksidə yolumuza davam etdik. Mərkəzi Univermağın yanına çatanda düşdüm, sürücüyə “dayı, sağ ol” deyib getmək istəyəndə o, məni tutub saxladı.
– Sağ ol nədi ay bala, bəs mənim pulumu kim verəcək?
– Bəs sənin pulun çatdı axı?
– Sən balalarının canı, kasıb adamam, məni əliboş qaytarma, sənin üçün 5-10 manat heç nədi, o boyda idarədə işləyirsən. Onsuz da bu kasıbların pulunu müftə yeyirsiniz, heç olmasa o puldan 5-10 manat da mənə ver. Dua eləyim ki, daha böyük vəzifələrə yüksələsən. Amma kasıbların pulunu kəssən Allah götürməz.
Kişi o qədər danışdı ki, məcbur olub 5 manat da mən verib canımı qurtardım.

“Olaylar”da bir Samir var…

– 2003-cü ildə Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov tədbir keçirib. Tədbirdə hansısa bir problemlə bağlı açıqlama verib və bu açıqlama mətbuatın manşetinə çevrilib. İşdən mənə tapşırdılar ki, bundan sonra Sahib Məmmədovla hər gün əlaqə saxla və həmin məsələ barədə gündəlik məlumat al. Səhəri gün Sahib Məmmədovun mobil telefonuna zəng vurub həmin məsələ ilə bağlı maraqlandım. Sahib Məmmədov informasiya almaq istədiyimi öyrənib telefonu söndürdü, özü zəng vurdu və geniş danışdı. Sonda dedi ki, istənilən vaxt ona “vızov” verim, özü mənim nömrəmi yığıb danışacaq.
Hər gün Sahib Məmmədova “vızov” verirəm, dərhal mənim nömrəmi yığıb odlu-alovlu məlumatlar verir. Amma Sahib Məmmədov məni üzdən tanımır. Təxminən bir aydan artıqdır ki, Sahib Məmmədova “vızov” verib danışıram.
Bir gün səhər redaktor bildirdi ki, Sahib Məmmədov tədbir keçirir, həmin tədbirdə iştirak etmək lazımdır. Tələsik Beynəlxalq Mətbuat Mərkəzinə yollandım. Tədbirdən sonra Sahib Məmmədova yaxınlaşıb özümü təqdim etmədən ondan hansısa məsələyə münasibət bildirməsini istədim. Sahib Məmmədov hansısa görüşə tələsdiyini bildirdi və aramızda belə bir dialoq yarandı:
– İndi tələsirəm, iki saatdan sonra mənə bir “vızov” ver, açıqlama verim.
– Sahib Müəllim, Vallah sizə “vızov” verməyə utanıram. İmkan varsa, iki cümlə ilə münasibət bildirin.
– Niyə utanırsan, “Olaylarda bir Samir var, gün ərzində 50 dəfə “vızov” verir, heç utanmır? Sən niyə utanırsan?
Sahib Məmmədovun bu sözü məni elə tutdu ki, ondan sonra bir də ona “vızov” vermədim.

“Blutooz”laşan general

– 2007-ci ildə Beynəlxalq Mətbuat Mərkəzidə tədbirdəyəm. Yanımda müxalifət qəzetlərindən birinin əməkdaşı əyləşib. Həmin ərəfədə də telefonların “blutooz” məsələsi modda idi. Hüquq-mühafizə orqanlarının tədbiri idi və tədbirdə iki general əyləşmişdi. Tədbirin maraqlı yerində telefonu çıxarıb başladım başqa telefonların “blutooz”larını axtarmağa. Yanımda oturan jurnalistin də bir gözü mənim telefonumdadır ki, görək kimin “blutooz”u açıqdır. Bu vaxt telefonum “general” nikli bir “blutooz” tutdu və yanımdakı jurnalist təəccübləndi. Ona bildirdim ki, təəccüblənməsin, bəs bütün generalların, polkovniklərin “blutooz”ları daim açıq olur ki, şəhərdə qızlarla tanış olsunlar. Sonra da həmkarımı inandırmaq üçün həmin “general” “blutooz”unun üstünə tıkladım. Bu vaxt tədbirdə əyləşən, çox tanınmış bir generalın (adını çəksəm həmin şəxsi hamı tanıyacaq) arxa tərəfində oturan bir nəfər sıravi işçinin telefonu səs elədi. Sən demə elə həmin niklə olan “blutooz” da bu şəxsin telefonu imiş. Səs eyni tərəfdən gəldiyi üçün fürsətdən istifadə edib yanımdakı jurnalisti inandırdım ki, bəs həmin generalın “blutooz”u açıqdır.
Tədbir qurtardı, hərə öz işinə getdi. Səhər müxalifət qəzetlərinin manşetində “Blutoozlaşan general”, “İdarə rəisi blutoozlaşmağa da vaxt tapır”, “Jurnalist generalı ifşa etdi” başlıqlı yazılar dərc edilmişdi. Yaxşı ki, yazıda mənim adımı çəkməmişdilər, yoxsa qanım getmişdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO