Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Zülfiyyə Əhmədli, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Elçin Hüseynov, “Media forum” saytının əməkdaşı Ülkər Bəkirli və “Azadlıq” qəzetinin əməkdaşı Xəyal Şahinoğlu danışır.
Zülfiyyə Əhmədli, “Azadlıq” qəzetinin keçmiş müxbiri
“Azadlıq”ın mənbəsi
«Azadlıq» qəzetinin sabiq müxbiri Zülfiyyə Əhmədlinin etibarlı mənbələrindən biri də xanım həmkarlarından birinin hüquq-mühafizə orqanlarında çalışan həyat yoldaşı idi. Amma mənbənin özündən xəbərsiz. Çünki informasiyalar onun xanımının vasitəsilə ötürülürdü. Mənbənin hesabına qəzetdə maraqlı kriminal xəbərlər gedirdi.
Bir gün axşam saatlarında mənbənin həyat yoldaşı yenə Zülfiyyə Əhmədlini arayır və pıçıltı ilə yeni xəbəri ötürür: «Hansısa polis bölməsində atışma baş verib. Deyəsən insident tutulan şəxsin adamları ilə polislər arasında olub. Bundan başqa heç nə öyrənə bilmədim».
Zülfiyyə Əhmədli bütün gizli və açıq mənbələrini işə salır, amma bu xəbəri eşitdim deyən olmur. Son olaraq DİN ilə də əlaqə saxlayır. Nazirlikdən də bu haqda məlumatsız olduqlarını deyirlər. Bununla belə xəbər təkziblərlə birlikdə «Azadlıq»ın birinci səhifəsini bəzəyir. Amma…
Sən demə, mənbə xeyli vaxt varmış ki, xəbərləri arvadının «Azadlıq»a ötürməsindən şübhəli imiş. Faktı dəqiqləşdirmək üçün bu dəfə evdə dezinformasiya buraxır və bununla da «xəbərçi» özünü ələ verir.
Dizaynerin “diqqətcilliyi”
Konstitusiya Məhkəməsinin keçmiş sədri Xanlar Hacıyev Avropa Məhkəməsinə Azərbaycandan hakim seçiləndən sonra ilk müsahibələrindən birini (dövlət qəzetlərindən sonra) «Azadlıq» qəzetinin əməkdaşı Zülfiyyə Əhmədliyə verir. Nəticədə maraqlı bir müsahibə alınır. Müsahibənin içərisində Xanlar Hacıyevin fotoşəkli ilə birlikdə dosyesi də hazırlanır. Evə gedəndən sonra xanım müxbir özlüyündə götür-qoy edir ki, dosyedəki «Xanlar Hacıyev Bakıdakı … saylı orta məktəbi qurtarıb» cümləsindəki «qurtarıb» sözü yaxşı səslənmədiyindən «bitirib»lə əvəzləsin. Redaksiyaya zəng vurub dizaynerdən bu düzəlişi etməsini istəyir. Və dəfələrlə xahiş edir ki, düzəliş zamanı diqqətli olsun.
Səhər işə gələndə hamı müxbiri sükutla qarşılayıb verəcəyi reaksiyanı gözləyir. Zülfiyyə Əhmədli müsahibəyə göz gəzdirərkən başından tüstü çıxır. Sən demə, dizayner onun gözlədiyindən də «diqqəli olub» və cümləyə bu cür düzəliş verib: «Xanlar Hacıyev Bakıdakı … saylı orta məktəbi batırıb».
“907-ci düzəlişə arvadımın münasibətini öyrənirəm»
– «Azadlıq» qəzetinə Gündüz Tahirlinin redaktor olduğu zamanlarda redaksiyaya təzə mobil telefon alınmışdı və ona nəzarət etmək üçün hətta bir nəfər xanım da ayrılmışdı. Həmin telefondan şəxsi danışıqlar üçün istifadə qadağan edilmişdi.
Həmin zamanlarda mətbuatın ən məşhur mövzusu ABŞ-ın «907-ci düzəliş»i idi. Qəzetin əməkdaşı Böyükağa Ağayev telefonu götürür və həyat yoldaşına zəng vurur. Nəzarətçi özündən çıxır və xatırlatma verir ki, telefondan şəxsi məqsədlər üçün istifadə etmək olmaz. «Mən şəxsi danışıqlar üçün istifadə etmirəm. 907-yə arvadımın münasibətini öyrənirəm» , – deyən B.Ağayev söhbətinə davam edir.
Nəzarətçi xanım isə deməyə başqa söz tapa bilmir.
Prokurorun müsahibəsi
– Bir gün keçmiş baş prokuror Eldar Həsənov «Azadlıq» qəzetinə növbəti müsahibəsini yollayır. Qalır hazır müsahibəyə imza qoymaq məsələsi. Rəhbərlik bunu bir neçə müxbirə təklif edir və nəhayət, qəzetin xanım parlament müxbiri buna razılıq verir. Müsahibə dərc olunur və səhər həmin müxbir şaşqın vəziyyətdə redaksiyaya daxil olur. Sən demə, avtobusda olarkən Eldar Həsənov müxbirə zəng vurubmuş: «Çox sağ olun, xanım, müsahibə çox xoşuma gəldi».
“Onun haqqında bildiklərimi desəm, məni məclisdən qovarlar»
«Azadlıq» qəzetinin əməkdaşı Zülfiyyə Əhmədlinin toy məclisində həmkarı Gültəkin Knyazqızı əlində mikrafon məclis iştirakçılarına yaxınlaşıraq bu xoş gün münasibətilə və şəxsən Zülfiyyənin özü barəsində danışmalarını xahiş edir. Bütün bunlar isə videolentə alınır. Ürək sözləri soruşulan növbəti adam Zamin Hacı olur: «Mən Zülfiyyə xanım haqqında nə deyə bilərəm? Onun haqqında bildiklərimi desəm, məni məclisdən qovarlar».
Elçin Hüseynov, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini
Erməni jurnalistin dolma oğurluğu
– 2002-ci il idi. İsveçrənin Karmad şəhərində MDB ölkələri jurnalistləri üçün kurslar keçirilirdi. Mən də orada iştirak edirdim. O cümlədən həmin seminarda Gürcüstan və Ermənistandan da jurnalistlər iştirak edirdi. İki həftəlik kursun sonunda seminar rəhbərliyi bütün jurnalistlərə müracət etdi ki, hər bir jurnalist öz ölkəsinin milli xörəyini bişirməlidir. Mən tanışlarla məsləhətləşdim. Onlar mənə dedi ki, asan başa gələn xörək dolmadır. Ancaq sonra dedilər ki, əgər erməni jurnalist orada varsa, o da, dolma bişirəcək. Mən də çox götür-qoydan sonra belə qərara gəldim ki, orada dovğa təqdim edim. Bizim ehtimalımız həqiqətən də düz çıxdı. Erməni jurnalist dolma bişirəcəyini bildirdi. Mən erməni jurnalistə yaxınlaşıb, dedim: “Siz nəyə görə dolmanı öz adınıza çıxırsınız?
O dedi: “Dolma bizim milli xörəkdir. Burda nəsə yalnışlıq var ki?!”
Mən: “Yaxşı madam ki, dolmanı öz adınıza çıxıbsınız onda deyin görək dolma sözünün mənası nədir?”.
Dedi: “Bilmirəm”.
Erməni jurnalistə izah etdim ki, “dolma” yəni nəyisə nə iləsə misalçün, ətlə doldurmaq deməkdir. Həmin erməni jurnalist çox pərt oldu. Məncə orada dava-dalaşa eytiyac yox idi. Növbə gəlib yeməklərin təqdimatına çatdı. Jurnalistlər yeməkləri təqdim edərkən tost da deyirdilər.
Mən dedim: “Biz milli xörəyimiz olan dovğanı təqdim edirik. Eyni zamanda mən erməni jurnalistinə minnətdaram ki, bizim 2-ci milli xörəyimizi- dolmanı sizlərə təqdim edəcək”.
Erməni jurnalist buna heç bir reaksiya vermədi. Təbii ki, bu belə də olmalı idi.
“Erməni həmkarım etibarlı “dost” çıxmadı”
– 2007-ci ildə Moskvanın birinci kanalı MDB ölkələrinin jurnalsitlərini mətbuat konfransında iştirak etmək üçün ora dəvət etmişdi.
Mən də iştirakçılar arasında idim. Moskvaya çatıb, otelə getdim. Mən resepsiona yaxınlaşıb, seminar iştirakçısı olduğumu bildirdim. Oradakı qız mənə baxıb, güldü.
Soruşdum ki, “niyə gülürsən?”. Dedi ki, oteldə ancaq bir nömrə boş qalıb. “Lap yaxşı. Daha burada gülməli nə var ki?!” dedim. O da cavab verdi ki, boş qalan nömrə iki otaqdan ibarətdir. Onun da biri tutulub. Mən də dedim ki, “eybi yox, mən orada qala bilərəm”.
Qız yenə gülüb, dedi ki, həmin otaqda erməni jurnalisti qalır. Özü də o, qadındır: “Razısız qalmağa?”. Mən xahiş etdim ki, bəlkə başqa boş nömrə versinlər. O isə dedi ki, yoxdur. Onda dedim ki, “daha başqa əlac yoxdur. Siz həmin erməni jurnalistdən soruşun. Əgər razıdırsa, mən də orada qala bilərəm”.
Resepsionda işləyən qız zəng edib ermənni junalistinə əhvalatı danışdı. Sonra mənə dedi ki, o da razıdır. Mən yuxarı qalxdım. Deyilən nömrənin qapısında həmin erməni jurnalist mənə dedi: “Bu nə deməkdir? Belə şey ola bilməz”. Ona dedim ki, “bu mənlik deyil. Mənə dedilər bu nömrəyə gəlim”.
Sonra nə fikirləşdisə, mənim orada qalmağıma razı oldu. Biz iki gecə orda qalmalı olduq. Elə oldu ki, biz dost olduq. Sabahı gün birinci kanalda jurnalistlərin hamısı mətbuat konfransına toplaşdı. Kanalın aparıcısı Moloxov jurnalsitlərə müraciət edərək dedi: “Əgər mənim verilişimlə bağlı hansısa təklifiniz olsa deyə bilərsiniz”. Mənimlə bir nömrədə qalan erməni jurnalist ayağa durub dedi: “Mən həmkarım azərbaycanlı jurnalistlə iki gündür birlikdə qalırıq. Çox mehriban yola gedirik. Mənim fikrimcə hər iki dövlət bir-birinin dilini tapa bilər. Siz bu məsələni burada müzakirə edə bilərsiniz”. Axrıncı gün orada böyük bir ziyafət təşkil olundu. Ziyafətdə dedilər ki, jurnalistlərin hər biri öz ölkəsinin milli musiqisini oxusun. Erməni jurnalist ayağa qalxıb, ermənicə “Sarı gəlin” mahnısını oxumağa başladı. Azərbaycanlı jurnalistlərdən bir neçəsi istədi ki, buna etiraz etssinlər. Mən buna imkan vermədim, dedim: “Buna ehtiyac yoxdur. Sizin bu hərəkətinizi başqa cür qələmə verərlər. Ona başqa cür cavab vermək lazımdır”. Növbə mənə çatanda dedim: “Mən erməni jurnalistə təşəkkür etmək istəyirəm. Sağ olsun ki, bizim milli mahnımızı burada ifa etdi”.
Ülkər Bəkirli, “Media forum” saytının əməkdaşı
“ Vuuuu, Ülüş böyüyübsən ki…”
– Bu ilin qış aylarında iş gününün axşamı bir də gördüm ki, məşhur köşə yazarlarından birindən (adını çəkməyimi istəmir) telefonuma zəng gəlir. Telefonu açdım. Qəribə səslə məndən pərtsayağı şəkildə soruşdu:
– De vallah, əmi canı sən deyildin?
– Kim mən deyildim?
– Yaxşı yekə qızsan, özünü bilməmiəzliyə vurma…
– Başa düşmədim, nə olub axı?
– Metroda məni görməmisən sən?
– Yox, nə vaxt?
– Bayaq. Ay dədə, həqqi sən deyilmişsən. Lap başım xarab oldu vay-vay.
– Mən səhərdən işdəyəm, metroda nə işim var. Nə olub axı?
Köşə yazarı dedi : « Səni çoxdandır görmürəm, bir qızı sənə oxşatdım zarafatla çiynindən vurub : “Vuuuu, Ülüş böyüyübsən ki” dedim. Sənə çox oxşayırdı . Qız mənə dedi : «sizi tanımıram ». Elə bildim zarafat eləyir. İsrarla yaxasından yapışdım ki, nə var, nə yox? Qız əsəbindən əlində olan çantanı başıma keçirdib, başladı qışqırmağa. Sənin üstündə biabır oldum».
İnanırsız ki, həmin vaxt o qədər güldüm ki, güclə özümə gəldim.
“O professor “torpaq şöbəsinə” müdir keçəndən nömrəsinə heç kim düşə bilmir”
– Bu yaxınlarda island dili haqqında məlumatlandırıcı yazı verməli idim. Bu dil də roman-german dillərinə aid olduğundan mövzuda danışa biləcək ekspert axtarırdım. Bu dil qrupu da elədir ki, ölkədə düz-əməlli danışa biləcək bir ekspert tapmaq mümkün deyil. Axır ki, Nəsimi adına Dilçilik İnstitutunun saytından ekspert adı və nömrəsi tapdım. Eksperti tanımadığım üçün baş redaktor Azər Qaraçənli ilə məsləhətləşdim ki, əlaqə saxlamağa dəyər, ya dəyməz.
– Bir mütəxəssis axır ki, tapdım, danışa bilərəm?
– Yox sən onunla heç cürə danışa bilməzsən.
– Niyə axı, nömrəsi var. Zəng vurum, danışım da…
– Sən bacaran iş deyil. O, sənin zəngini açmayacaq.
– Axı niyə, kimdir axı o?
– Zəng vur. Əgər telefonunu götürsə sənə halaldı.
– Heç nə başa düşmürəm…
– Niyəsini desəm, gərək onda başlayım ki, 2006-cı il fevral ayının…
Dialoqumuza müdaxilə edən Aynur İmanova dözə bilməyib dilləndi : “Qız-qızı o professor “torpaq şöbəsinə” müdir keçəndən nömrəsinə heç kim düşə bilmir”.
Sən demə, ekspert rəhmətə gedibmiş.
Xəyal Şahinoğlu, “Azadlıq” qəzetinin əməkdaşı
“Benzin zapravkası qalxdı”
– Bir qrup jurnalist Türkiyəyə tədbirə dəvət olunmuşdu. Biz Türkiyəyə çatdıqda tədbirə birlikdə getmək üçün bir yerə toplaşdıq. Bu vaxt həmkarlarımdan birinin təzyiqi qalxdı. Onu otelə qaytarmalı olduq. Bizi müşayiət edən Türk jurnalistlərdən birinin olmadığını görüb, soruşdu: “Arkadaşınızın biri hardadır?”
Aramızda olan jurnalsitlərdən biri ona türkcə: “İstasionu qalxdı. Onun için evə döndü”.
Türkün gözləri kəlləsinə çıxdı. Bircə dəfə: “Ne?!” deyib, sakit durdu.
Bizim həmkarımız “tansion”(təzyiq) demək əvəzinə, çaşıb “istasion” dedi. “İstasion” da Azərbaycan dilində “benzin zapravkası” deməkdir”.
Bayraqdar yoxsa mehmandar?
– Bir dəfə yenə bir qrup jurnalistlə Türkiyəyə dəvət olunmuşduq. Biz jurnalistlərlə mehmanxanaya getdik. Bizim jurnalistlərdən biri resepsiona yaxınlaşıb dedi: “Merhaba, hanım efendi. Biz burada qacağıq. Şimdi bizim bayraqdar gelib, sizinle meseleni çözecek”. Bunu eşiden qız: “Siz sporçumusunuz?”
Həmkarım: “Yooo…”.
Bu arada hamımızı gülmək tutdu. Sonra sözlərini redaktə edib: “Yani mehmandar (qrupun rəhbəri) demek istedim” dedi.
“Nə desən ola bilər”
– ABŞ-İran münasibətlərinin gərgin olan vaxtları idi. Mən bu mövzuda yazı hazırlamaq üçün politoloqlardan birinə zəng edib, dedim: “…müəllim, sizcə ABŞ İrana bomba zərbəsi endirsə nə baş verə bilər? Regiona necə təsir edəcək?” Sualları ard-arda verdim.
Politoloq “nə desən ola bilər” deyib, sakit durdu.
Mən də bilmədim nə edəm. “Sağolun” deyib, “odboy” verdim.