«Media hüququ» məlumat kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının və ABŞ-ın Azərbaycandakı Səfirliyinin birgə təşəbbüsü ilə «Media hüququ» məlumat kitabının təqdimatı keçirilib. Mətbuat Şurasında baş tutan toplantıya təşkilatçı qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və media ekspertləri ilə yanaşı nəşrin müəllifi Minnesota Universitetinin jurnalistika və kütləvi komunikasiyalar fakultəsin professoru xanım Ceyn Körtli də qatılıb.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, «Media hüququ» məlumat kitabının ana dilimizə tərcüməsi ABŞ Səfirliyinin Azərbaycan jurnalistikası üçün növbəti töhfəsidir: «Mətbuat Şurası ilə ABŞ Səfirliyi indiyədək media həyatının müxtəlif istiqamətləri, o cümlədən problemlərin aradan qaldırılması ilə bağlı layihələr gerçəkləşdirib. «Media hüquq» kitabçasının təqdimatı da bu baxımdan əhəmiyyətli olan mərhələnin tərkib hissəsidir. Dəyərli vəsaitin müəllifi xanım Ceyn Körtli bu gün bizimlədir. Ona təşəkkürümü bildirirəm. Kitab Azərbaycan jurnalistləri üçün dəyərlidir. Ümumiyyətlə, ölkəmizdə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsinə, plüralist fikrin daha da möhkəmlənməsinə verilən dəyərdir», – deyən Ə.Amaşov «Media hüququ» məlumat kitabının müəllifi C.Körtlini Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Kis Bin «Media hüququ» məlumat kitabının bu mövzudakı kitablar silsiləsindən olduğunu vurğulayıb və mövcud istiqamətdəki tədbirlərin davamlı xarakter daşıyacağını önə çəkib. Vəsaitin müəllifi barədə ətraflı məlumat verən K.Bin bildirib ki, xanım Körtli Minnesota Universitetinin Jurnalistika və kütləvi komunikasiyalar fakultəsində media etikası və hüququ üzrə professor kimi çalışmazdan öncə 14 il müddətində Virciniya ştatının Arlinqton şəhərində Mətbuat Azadlığı naminə Müxbirlər Komitəsinin icraçı direktoru vəzifəsini tutub. Mətbuat katibi C.Körtlinin media hüququ və etikası sahəsində paralel olaraq çalışdığını deyərək diqqəti kitabın Azərbaycan jurnalistləri üçün maraqlı cəhətlərinə çəkib.

«Media hüququ» məlumat kitabının müəllifi xanım C.Körtli çıxışında bildirib ki, müəllifi olduğu vəsaitin Azərbaycan dilinə tərcüməsi onun üçün olduqca sevindirici və məsuliyyətli hadisədir: «Belə bir təqdimatın təşkili mənim üçün çox önəmlidir. Çalışmışam ki, nəşrdə media hüququ ilə yanaşı media etikası ilə bağlı məqamlara da yer verim. Çünki bu iki istiqamətlər bir-birindən ayrılmazdır. Bunu təcrübəmə əsasən deyə bilərəm. Uzun müddət vəkil kimi fəaliyyət göstərmişəm. Firma və şirkətlərlə yanaşı, media təşkilatlarının da hüquqlarını qorumuşam. Sahə kifayət qədər zəngindir. Hər bir ölkə bu baxımdan unikaldır. Amma söz və mətbuat azadlığı ilə bağlı ortaq dəyərlər də var. Kitabda onlara diqqət yetirilib», – deyə o vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkəmizdə söz və mətbuat azadlığı sahəsində həyata keçirilən tədbirlər içərisində maarifləndirmənin önəmli yer tutduğunu bildirib. O, mövcud istiqamətdə müxtəlif dəyərli təşəbbüslərin reallaşdığını deyərək «Media hüququ» məlumat kitabını da bu baxımdan əlamətdar sayıb: «Biz jurnalistlər cəmiyyəti məlumatlandırmaq kimi vacib missiyanı üzərimizə götürmüşük. Bu, gərgin və böyük zəhmət tələb edən işdir. Lakin elə olur ki, özümüzün də məlumatlandırılmağa ehtiyacımız yaranır. Media hüququ isə dəyişən və inkişaf edən sahədir. Burada hər bir məsələyə diqqətlə yanaşılması jurnalistin məsuliyyət faktorunu müəyyənləşdirən başlıca amildir».

«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay təqdimatı keçirilən kitabın əhəmiyyətli cəhətlərinə toxunaraq nəşri ABŞ cəmiyyəti və jurnalistikası, eləcə də media hüququ ilə bağlı baxışlar sisteminin Azərbaycan mediasına çatdırılması vasitəsi kimi dəyərləndirib.

“Azəri Press” Agentliyinin baş direktoru Vüsalə Mahirqızı yeni, internet medianın ciddi təşəkkül tapmaqda olduğu indiki şəraitdə sosial şəbəkələrlə bağlı nəzəri kitabların dərcinin də əhəmiyyətindən bəhs edib: «Azərbaycan cəmiyyəti diffamasiya haqqında qanunun qəbulu ərəfəsindədir. Belə bir vaxtda jurnalistlərin öz hüquqları, eləcə də cəmiyyətin hüquqları ilə bağlı daha çox məlumatlandırılmaları vacibdir. Son illər internetin rolu artıb. İnternet üzərində yayımlanan kütləvi informasiya vasitələrinin də sayı çoxalıb. Digər tərəfdən, bloggerlik də nəzərəçarpacaq dərəcədə güclənib. Mövcud şəraitdə jurnalistlik fəaliyyətinin çərçivəsinin nədən ibarət olduğunu müəyyənləşdirmək çətinləşir. Yeni media, sosial şəbəkələr – bunlar ABŞ-dan gəlir. İstərdik ki, onların nəzəri xüsusiyyətlərini əks etdirən vəsaitlər də hazırlansın».

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında «Media hüququ» məlumat kitabında maraqlı təsnifatların aparıldığını vurğulayaraq vəsaiti jurnalist məsuliyyətinin artırılmasına dəstək baxımdan önəmli nəşr kimi xarakterizə edib.

Qarşılıqlı fikir mübadilələri şəraitində keçən mərasimdə jurnalistlərin media etikası və hüququnun müxtəlif istiqamətlərinə dair sualları da cavablandırılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO