Media hüququ institutu Ramil Usubova çağırıç etdi

Media Hüququ İnstitutu (MHİ) “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimovun həbs olunmaq təhlükəsi ilə bağlı bəyanat yayıb. “Media forum”a daxil olan bəyanatda bildirilir ki, MHİ hüquq mühafizə sistemindəki nöqsanlar haqqında tənqidi yazıları ilə seçilən jurnalistin həbs olunacağından narahatdır. Təşkilat jurnalistə yazılarına görə cinayət cəzası istənilməsini ifadə azadlığına ağır basqı kimi dəyərləndirib.

Sənəddə bildirilir ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubov Ə.Kərimovu xüsusi ittiham qaydasında məhkəməyə verib və əgər onun iddiası qəbul edilərsə, baş redaktora 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər: “Media Hüququ İnstitutu ifadə azadlığının təkcə xoş qarşılanan, neytral yox, həm də təhqir edən, şok vəziyyətinə salan və ya narahatlığa səbəb olan “məlumat”, yaxud “ideya”ları əhatə etdiyini xatırladır. İctimai fiqurlara, dövlət məmurlarına münasibətdə ifadə azadlığının hüdudları daha genişdir. Ən yüksək pillələrdə dayanan dövlət məmurunun ictimai müzakirələr kontekstində dilə gətirilmiş tənqidə dözüm göstərə bilməməsi yalnız təəssüf doğurur”.

MHİ daxili işlər nazirini jurnalisti həbsə atdırmaq niyyətindən geri çəkilməyə çağırıb.

Əyyub Kərimovun mühakiməsi noyabrın 26-da Yasamal Rayon Məhkəməsində başlayacaq. Ona iddia xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə qaldırılıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO