Media Hüququ institutu KİV qanununa dəyişiklik təkliflərini pislədi

Media Hüququ institutu KİV qanununa dəyişiklik təkliflərini pislədi  Media Hüququ İnstitutu “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər olacağı xəbərlərindən narahat olduğunu açıqlayıb.

Təşkilatın yaydığı bəyanatda deyilir: “Qanunvericilik təklifində “KİV haqqında” qanunun 60-cı maddəsinə belə bir əlavə olunması təklif edildiyi bildirilir: “Əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Bu təklifin Milli Məclisin dövlət quruculuğu və hüquq daimi komissiyasında və insan hüquqları daimi komissiyasında müzakirə olunaraq plenar iclasının müzakirəsinə və səsverməyə çıxarılması qərara alındığı barədə məlumat verilib.

Media Hüququ İnstitutu təəssüflə bildirir ki, “İnformasiya əldə etmək haqqında” qanunun tələblərini pozan Milli Məclis administrasiyası bu təklifləri parlamentin saytı vasitəsilə zamanında açıqlamayıb. Özündə ifadə azadlığı üçün ciddi təhlükələri daşıyan bu qanunvericilik təklifinin qeyri-şəffaf şəraitdə, ictimai müzakirələr olmadan, tələm-tələsik qəbul olunması heç bir halda məqbul sayıla bilməz.

MHİ belə dəyişikliyin qəbul edilməsinin jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür. Jurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Jurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz.

MHİ belə dəyişikliyin konstitusiyanın 47-ci və 50-ci maddələri ilə yanaşı Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə zidd, ifadə azadlığına qeyri-adekvat müdaxilə olduğunu bildirir, parlamenti bu qanun layihələrinin ictimai müzakirələrdən keçirilməsi üçün imkanlar yaratmağa və ifadə azadlığına zərər vuran müddəaları təkliflər layihəsindən çıxarmağa çağırır”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO