Media hüququ institutu: “İfadə azadlığı sahəsində ciddi irəliləyiş nəzərə çapmır “

Media hüququ institutu: "İfadə azadlığı sahəsində ciddi irəliləyiş nəzərə çapmır" Media Hüququ İnstitutu Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı aylıq hesabat açıqlayıb. Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanan hesabat 2011-cu ilin yanvarında Azərbaycanda bu sahədə baş verən önəmli hüquqi olayları əhatə edir.

Hesabata görə, Azərbaycanda ifadə azadlığı sahəsində ciddi irəliləyiş nəzərə çarpmır: “Media azadlığı narahatlıqlar doğurmaqda davam edir, müstəqil mətbuatın işləyişi üçün əlverişli şərait mövcud deyil. Media qanunvericiliyi problemlidir, mövcud hüquqi bazanın mütərəqqi nümunələri effektiv işləmir. Xüsusilə “İnformasiya əldə etmək haqqında” qanunun işləyişində ciddi problemlər var. Azərbaycan Avropa Məhkəməsinin presedent hüququnun təsir dairəsinə daxildir, ancaq milli məhkəmlər beynəlxalq məhkəmənin təcrübəsini, xüsusən də ifadə azadlığı hüququna dair təcrübəni tətbiq etməyə həvəsli yanaşmır. Avropa Məhkəməsinin Azərbaycanda ifadə azadlığı hüququnun pozuntusu ilə bağlı qəbul etdiyi, Eynulla Fətullayev işi üzrə qərar icra edilməmiş qalır”.

“Media forum” saytının məlumatına görə, hesabatın “Məhkəmə işləri” bölümündə deyilir: “Yanvar ayında məhbus jurnalist Eynulla Fətullayevlə bağlı məhkəmə işləri yenə də diqqət mərkəzində olub. Jurnalistin tərəf olduğu 3 iş üzrə məhkəmə prosesi davam edib. Həmin işlər üzrə çıxarılan hər 3 qərar jurnalistin əleyhinə olub.

Yanvar ayında nüfuzun qorunması ilə bağlı bir məhkəmə iddiası qaldırılıb. Millət vəkili Etibar Hüseynov Azərbaycanda keçirilmiş son parlament seçkisinin şərhi kontekstində dərc etdiyi yazıya görə “Xural” qəzetini məhkəməyə verib. Məqalədə şərəf və ləyaqətinin aşağılandığını iddia edən millət vəkili qəzetin baş redaktoru Əvəz Zeynallının üzərinə 10 000 manat təzminat qoyulmasını istəyib. “Xural” qəzetinə qarşı ümumilikdə nüfuzun qorunması ilə bağlı 4 məhkəmə prosesi davam edib.

Yanvarda ifadə azadlığı ilə bağlı 15 mülki iddia və xüsusi ittiham şikayətləri üzrə məhkəmə prosesləri keçirilib. Həmin işlərdən yalnız birinə – siyasətçi Lalə Şövkət “Ölkə” qəzetinə qarşı işinə medianın xeyrinə xitam verilib. Rayon məhkəməsi siyasətçinin iddiasını təmin edərək “Ölkə” qəzetinin üzərinə 4000 manat təzminat qoysa da, apellyasiya şikayətinə məhkəmə baxışı zamanı iddiaçı tərəf iddialarından geri çəkilib. Digər qərarlar medianın xeyrinə olmayıb”.

“Fiziki və psixoloji basqılar” bölümünə görə, yanvarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlər basqıya məruz qalıb: “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı və “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayeva reportaj hazırlayarkən polis əməkdaşlarının qaba rəftarı ilə üzləşiblər. “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənov isə kimliyi bilinməyən şəxslərin təqibinə məruz qalıb”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO