Media Hüququ İnstitutu üç dövlət qurumunu – Radiotezliklər üzrə Dövlət Komissiyasını, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsini və Milli Televiziya və Radio Şurasını məhkəməyə verib. İddiaya səbəb həmin qurumların topluma açıq tutulmalı olan bilgiləri qapalı saxlamaları olub. Səbail məhkəməsi şikayəti təmin edərsə, adıçəkilən qurumlar Azərbaycanın tezlik resursları barədə bilgiləri ictimaiyyətə açıqlamalı olacaqlar.
Media Hüququ İnstitutundan “Media forum” saytına verilən məlumata görə, institut əməkdaşları oktyabrın əvvəlində Radiotezliklər üzrə Dövlət Komissiyasından və Dövlət Radiotezliklər İdarəsindən Azərbaycanın radiotezlik zolaqlarının bölüşdürülməsi üzrə milli cədvəlin surətini, Azərbaycanda teleradio yayımı məqsədilə ayrılmış tezliklərin siyahısını istəyib. Milli Televiziya və Radio Şurasından isə institut teleradio yayımı məqsədilə ayrılmış, istifadəyə verilmiş, eləcə də hazırda boş olan tezliklərin siyahısını, habelə Azərbaycanda fəaliyyət göstərən teleradio kanalları monitorinq edilən zaman istifadə olunan metodologiyanı əks etdirən sənədlərin surətini, monitorinqlərin keçirilməsini nəzərdə tutan, tənzimləyən qurumdaxili normativ aktların surətlərini istəyib.
Dövlət Radiotezliklər İdarəsi informasiya sorğularını cavablandırmayıb. Radiotezliklər üzrə Dövlət Komissiyası və Milli Teleradio Şurası isə bilgiləri verməkdən imtina edib.
Media Hüququ İnstitutunun hüquqşünasları bu faktlarla bağlı Səbail Rayon Məhkəməsinə şikayət edib. Şikayət ərizəsinə görə, bilgiləri gizli tutan hər üç qurum Azərbaycan Konstitusiyasının, “İnformasiya əldə etmək haqqında” qanunun, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun müddəalarını pozur.
Media Hüququ İnstitutu Səbail məhkəməsindən dövlət qurumlarının bilgi sorğusunu cavablandırmamasını qanunsuz sayan, həmin qurumların üzərinə sorğuları cavablandırmaq vəzifəsi qoyan qətnamə qəbul etməsini xahiş edib.
«Media forum»