Media gülməcələri…

Jurnalistika sahəsində çalışan qələm sahibləri iş prosesində aradabir kuryoz hadisələrlə də üzləşirlər. Modern.az saytı bizim jurnalistikada baş vermiş bəzi gülməli hadisələri oxucuların diqqətinə çatdırır. Qeyd edək ki, “525-ci qəzet”in hazırda Türkiyədə yaşayan əməkdaşı İlhamə Qasımlının qələmə aldığı bu hadisələrin hamısı olmuş əhvalatlardır.
Beləliklə…

ANS-in əməkdaşı İbrahim Məmmədov aparıcısı olduğu “Nəzər nöqtəsi” verlişinə deputat Səməd Seyidovu dəvət etmək istəyir. Buna görə də televiziyanın telefonçu-operatoruna Səməd Seyidova zəng vurub onunla calaşdırmağı tapşırır. Bir neçə dəqiqədən sonra telefonçu xanım Səməd müəllimin xəttdə gözlədiyini bildirir:
– Alo, salam Səməd müəllim.
– Salam.
– Sizi narahat edən ANS-dən İbrahim Məmmədovdur.
– Hə, buyurun, İbrahim müəllim, eşidirəm sizi.
– Axşam sizi “Nəzər nöqtəsi”nə dəvət etmək istəyirik. Xahiş edirəm, axşam saat 8-də ANS-ə gələsiniz.
– Çox sağ olun, İbrahim müəllim. Mən sizin verilişinizdə iştirak etməyə şad olardım. Amma vallah o vaxt toyda olacam.
– Bəlkə gəlib verilişdə iştirak edib sonra gedəsiniz?
– Yox, vallah. Uje behini də almışam. Vacib toydu.
– Nə beh? Bağışlayın, Səməd Seyidov deyilsiniz?
– Yox, mən Səməd Səmədovam…

***

“Space” kanalının əməkdaşı Mircavad Rəhimli fars dilini yaxşı bilir. Qonşu ölkədə keçirilən seçkilər zamanı bir qrup azərbaycanlı jurnalistin İrana səfəri zamanı xanım həmkarlarından biri ondan rəsmi şəxslərdən aldığı müsahibələrin tərcüməsinə köməklik göstərməyi xahiş edir. Mircavad da onun sözünü yerə salmır.
Və bu “razılaşma” daimi xarakter alır. Həmkarı tez-tez “Seyid, o kimdi?”, “Seyid, bu kimdi?”, “Seyid, gəl, bir sualımı da tərcümə elə” və s. kimi xahişlər edir. Həmkarının tərcümə xahişlərindən cana doyan Mircavad axırda bezib hirslənir.
Bu zaman xanım jurnalist yenə ona yaxınlaşıb “Seyid, soruş, gör, o gələn kimdi” deyib uzaqdan gələn İran rəsmisini göstərir. Mircavad isə bir növ qızı başından eləmək üçün “ağayi Çurbani” cavabını verir. Jurnalist cavabı ciddi qəbul edib həmin rəsmiyə yaxınlaşır:
– Ağayi Çurbani, bir sualımızı cavablandırardınız…

***

Rumıniya prezidenti İlion İliyeskonun Azərbaycana rəsmi səfəri zamanı Prezident Aparatında mətbuat konfransı keçirilir. Mərasimdə dövlət rəsmiləri, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edirlər. ANS-in əməkdaşı Qənirə Paşayeva qonaq-prezidentə belə bir sualla müraciət edir:
– Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müharibə yolunu seçsə, Rumıniya Azərbaycanın bu qərarını dəstəkləyəcəkmi?
Arxa cərgədə yanaşı oturmuş diplomat və hərbçi Xələf Xələfovla Elçin Quliyev suala peşələrinə uyğun reaksiya verirlər.
Problemlərin diplomatik şəkildə çözümünə üstünlük verən X.Xələfov:
– Yaman provakosion, riskli sualdı.
Hərbçilər üçünsə müharibə adi həyat tərzidir. Ona görə də E.Quliyev:
– Yox, niyə ki, əla sual idi!

***

“Həftə içi”nin əməkdaşlarından birinə qəzetin şənbə nömrəsi üçün maraqlı bir yazı hazırlamaq tapşırılır. Redaktorun etimadını doğrultmaq üçün jurnalist vəziyyətdən orijinal çıxış yolu tapır: vaxtilə çalışdığı “7 gün” qəzetində 4-5 il əvvəl dərc olunmuş bir yazısını heç kimə bir söz demədən yenidən təqdim edir. Siyasətçilərin kitabxanaya marağına həsr olunmuş bu yazıda M.F.Axundov adına Milli Kitabxananın bir əməkdaşının fikirləri də var idi. Yazı qəzetin şənbə sayında dərc olunur. Bazar ertəsi redaksiyaya zəng edən bir kişi:
– Siz mənim anamın adını yazmısınız. Amma o iki ildir ki, rəhmətə gedib. Ölən adam bu sözləri necə deyə bilər?

***

1998-ci ildə “Rezonans” qəzetinin manşetində pensiyaların artırılacağı barədə xəbər verilir. Altında isə bir qoca kişi şəkli qoyulur. Qəzetin əməkdaşları bilməsələr də, ertəsi gün diqqətli oxucular şəkildəki qocanı tanıyırlar: bu, erməni rejissoru Sergey Paracanovun şəkli idi…

***

Məlumdur ki, Elmar Məmmədyarov rusdilli olduğundan çox vaxt rus şivəsi ilə danışır. Bu hadisə Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsində jurnalistlərlə ilk ayaqüstü müsahibələrindən birində baş verib.
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlama prosesi barədə suallara cavab verən xarici siyasət idarəsinin rəhbəri “bizim əsas vəzifəmiz ordumuzu gücləndirmək və düşmənlərimizi zəiflətməkdən ibarət olmalıdır”, – deyir və duruxmuş halda, tərəddüdlə soruşur:
– Sözlərin yerini dəyişik demədim ki?!

***

“Space” kanalının xanım əməkdaşlarından biri kriminal mövzuda hazırladığı reportajda zorlama hadisəsini belə təsvir edir:
“…yerə yıxıb üzərində nalayiq hərəkətlər etməyə başladı”.

***

İqtisadi inkişaf naziri Fərhad Əliyev mətbuat konfransında jurnalistlərdən birinin “indiki dövrdə yalnız maaşla yaşamaq olarmı” sualına belə cavab verir:
– Deyə bilmərəm.

***

ANS-də “Xəbərçi”nin müxbirinə tapşırılır ki, məşhur skripaç Paqaninin Bakıya gətirilmiş skripkasından süjet hazırlasın. O isə cavab verir…
– Aaaaaa, o Paqanini niyə öz skripkasını özü gətirmir?

***

“525”in əməkdaşı Zülfiyyə Əhmədli kiminsə telefon nömrəsini almaq üçün cib telefonu ilə Fərhad adlı həmkarının mobil telefonuna zəng edir:
– Fərhad, salam!
– Salam!
– Zuzudu danışan. Necəsən?
– Yaxşıyam.
– Noolub, kefin niyə yoxdu?
– Zuzu kimdi?
– Fərhad, sən deyilsən?
– Bəli.
Bundan sonra Zülfiyyə telefonunu qapadıb hansı nömrəni yağdığını dəqiqləşdirmək üçün telefonuna baxır və məlum olur ki, telefonun yaddaşında həmkarı Fərhadın əvəzinə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin nömrəsini basıbmış…

***

“525″in əməkdaşı İlhamə Qasımlı rəsmi şəxslərdən biri ilə müsahibə almağa hazırlaşır. Müsahibənin əhəmiyyətini nəzərə alaraq informasiya şöbəsinin müdiri Kamran Həsənlidən sualları birgə hazırlamağı xahiş edir. Kamran sualları deyir, İlhamə yazır, Kamran deyir, İlhamə yazır və beləcə xeyli sual hazırlanır. Aradan bir qədər keçir, İlhamə yenə gəlir:
– Kamran, bəlkə, yenə sual deyəsən.
Artıq təngə gələn Kamran dözmür:
– İlhamə, soruş gör, ayaqqabısının razmeri neçədi?

***

“525-ci qəzet”in “stajor”u Zabil Müqabiloğlu redaktor tərəfindən İrkutskda bir neçə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı xəbər hazırlamaq tapşırığı alır. Zabil meyitlərin Bakıya nə vaxt gətiriləcəyilə bağlı aeroporta zəng edir və “Azal”ın əməkdaşından soruşur:
– Qardaş, İrkutskdan meyitlər gəlməli idi. Nooldu, gəldilər?

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO