Jurnalist təşkilatlarına qarşı iddiası təmin olunmayan jurnalist Arzu Abdulla mübarizəsini davam etdirəcəyini bildirir, qarşı tərəfdən vəkil Habil İsgəndərov isə deyir ki, iddianın heç bir əsası yoxdur.
2009-cu ildə “Media açarı” müsabiqəsinə qatılaraq fərqləndirici mükafat alan A.Abdulla ona əvvəlcədən elan olunmuş 200 manat əvəzində 85 manat verilməsindən narazı qalaraq məhkəməyə üz tutub və mükafatın təsisçilərindən – “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqasından (“Media açarı 2009” müsabiqəsi başa çatandan sonra Demokratik Jurnalistlər Liqası mükafatın təsisçiləri sırasını tərk edib) şikayətçi düşüb. İddiaçı dəymiş mənəvi zərərə görə istədiyi 10 min manat təzminatın mükafatın adı çəkilən üç qurum arasında bölüşdürülməsini tələb edib. 2010-cu il yanvarın 22-də Nəsimi Rayon Məhkəməsi A.Abdullanın iddiasını rədd edib.
“Media forum” saytına açıqlamasında A.Abdulla Nəsimi Rayon Məhkəməsinin belə bir qərar çıxaracağını gözlədiyini deyib. A.Abdullanın fikrincə, Nəsimi məhkəməsinin onun iddiasını təmin etməməsi bugünkü Azərbaycan məhkəmələrinin ümumi vəziyyətini də ifadə edir: “Bu işlə tanış olan hər bir hüquqşünas bilir ki, mən nə dərəcə haqlıyam. Mən bunu sübut etmək üçün mübarizəmi davam etdirəcəm, apellyasiya instansiyasına şikayət verəcəm. Güman edirəm ki, bu iş Avropa Məhkəməsinə qədər gedib çıxacaq”.
A.Abdulla “Media forum”a açıqlamasında onun iddiası üzrə keçirilən prosesin mətbuatda işıqlandırılmamasından da gileyini çatdırıb.
Demokratik Jurnalistlər Liqası və Azərbaycan Jurnalistlər Birliyinin məhkəmədəki nümayəndəsi Habil İsgəndərov isə “Media forum” saytına deyib ki, iddiaçı tərəf heç bir prosesdə iddiasını sübut edə biləcək dəlil, fakt gətirə bilməyib: “Arzu Abdullanın iddiası tamamilə əsassız idi. Reallığa uyğun olmayan iddia idi. Arzu xanım iddia edirdi ki, guya müsabiqə şərtlərində elan olunub ki, fərqləndirici mükafata görə 200 manat verilməli idi. Amma müsabiqə şərtlərində belə bənd olmayıb. Ümumiyyətlə, “Media açarı” müsabiqəsi iştirakçılara hansısa pul mükafatının verilməsi məqsədilə keçirilmir. Müsabiqənin şərtlərində qeyd olunub ki, qaliblərə “Media açarı” prizi, diplom verilir. Pul mükafatı müxtəlif illərdə müxtəlif miqdarda olub və şərtlərdə göstərilməyib. Müsabiqənin keçirilməsinin əsas məqsədi Milli Mətbuat Günü ərəfəsində jurnalistləri bir araya toplamaq, ən yaxşı yazıları fərqləndirməkdir”.
H.İsgəndərov bu prosesin üç ay davam etdiyini, altı-yeddi dəfə məhkəmə iclasının keçirildiyini qeyd edib: “Bu müddət ərzində iddiaçının vəkili iddianı sübut edə biləcək heç bir dəlili məhkəməyə təqdim edə bilmədi. Hakim haqlı olaraq iddianı rədd etdi”.
Vəkil sonda onu da vurğulayıb ki, məhkəməyə müraciət etmək A.Abdullanın hüququdur: “Amma belə bir iddia ilə jurnalistlər arasında qarşıdurma yaratmaq, ictimai anlaşılmazlıq yaratmaq ixtiyarı yox idi”.
«Media forum»