Mədəniyyət-tənqid-ədəbiyyat

Yaxud Qərb Şərqə meydan oxuyur, ən yumşaq halda özünün düşüncə və həyat tərzini ona diktə edir

Tarixən daha çox monoloq üsuluna üstünlük verən Şərq mədəniyyətində, təbii ki, Qərb modelinə uyğun özünütənqid yetişmədi və yeni tarixdə də ağrı ilə formalaşmağa başladı. XVI-XVIII yüzilliklərdə Qərbdə tənqid fəlsəfədə və incəsənətdə, eyni zamanda ədəbiyyatda artıq ictimai şüur formasına çevriləndə, müsəlman Şərqində yalnız ayrı-ayrı təriqətlər öz monoloqlarını söyləyir, türk-müsəlman şairləri, məsələn, Füzuli orbitindən çıxa bilmirdilər. Füzulidən Vaqifə, Vaqifdən Əliağa Vahidə qədər, planetdən ilk süni peyk göyə qalxanadək yüzlərlə şair Füzuli, Hafiz, Sədi Şirazi qəlibində İslam Şərqinin şeir çevrəsini təkrar edirdilər. Yorulmurdular. Usanmırdılar. Şeir ornamentinin bir ilməsini belə dəyişməməkdən utanmırdılar (müqayisə üçün deyək ki, yazılı ədəbiyyatın bu daşlaşmış ənənə «sadiqliyindən» fərqli olaraq ağız ədəbiyyatında, xüsusilə aşıq şerində, hətta dodaqdəyməz, dildönməz və s. kimi «modernist» biçimlərə varılırdı).
Şərq mədəniyyətinin naturasında özünütənqidin (deməli, dəyişikliklərə, yeniləşmələrə açıq qalmağın) yönəldici şəkildə motivləşməməsi, xarakterik keyfiyyətə çevrilməməsi — sivilizasiyalar qarşıdurumunda onun yenilməsinin, Şərq cəmiyyətində durğunluq, tərəddüd və eşələnməyə, Qərb cəmiyyətində isə fəal, riskli axtarışlara, həm də Şərqə münasibətdə iblisanə kələklərə gəlib çıxmağın və nəhayət, Qərbin Şərq üzərində monopoliya yaratmasının, bu imkan XX əsrin əvvəllərində və ortalarında əldən çıxarıldıqda belə, onun yenidən bu iddianı inad və təkidlə davam etdirməyinin bəlkə da ən başlıca siyasi-kulturoloji səbəblərindən biri olub. Şərq hər şeyi zamanın mühakiməsinə buraxmaq gözləntisi ilə Qərbin irəli sıçramasına imkan verib. Budur, indi də Qərb Şərqə meydan oxuyur, ən yumşaq halda özünün düşüncə və həyat tərzini ona diktə edir.
Şərq monoloqunun zirvəsi — kamil insan fəlsəfəsi, Qərb dialoqunun zirvəsi — liberalizm və demokratiya prinsipləridir. Şərq monoloqunun Nirvana (buddizmdə) və Həqiqət (sufilikdə) zirvəsinə qalxa bilən kamil insanla bütün aşağıdakıların dialoqu necə baş tuta bilərdi?! Onun yeganə «dialoqu» var ki, o da Yuxarı ilədir. Yəqin tarixin III minilliyin bu çağınadək olan ən böyük suallarından biri budur: belə nəhəng, çoxrişəli mənəviyyat və mədəniyyət fəlsəfəsi ilə niyə Şərq (əsasən müsəlman Şərqi) bütövlükdə cəmiyyətin yeniləşdirilməsi, sosial-siyasi strukturun təkmilləşdirilməsi praktikasına gəlib çıxmadı, niyə fərdi-ilahi harmoniya idealları sosial praktika ilə tamamlanmadı? Şərq sivilizasiyasının mənəvi, sosial-kulturoloji mahiyyətini bütün tərəfləri ilə öyrənmək və aparılan tədqiqatları dərinləşdirməklə bu suala cavab vermək olar. Ancaq həmin sualın ilk refleksiv cavablarından biri budur ki, yəqin fərdi özünü kamilləşdirmə ictimai özünütənqidlə tutmurdu; özünükamilləşdirmənin ilahi fəlsəfəsi özünütənqid praktikasına enə bilmirdi. Ancaq özünükamilləşdirmə özünütənqid qatını açsaydı, bu Şərq düşüncə təkamülündə tamamlama işini başa çatdırmış olardı. Qərb düşüncəsi isə bütün tərəflərin «ictimai insan» dialoqunu tələb edir. Şərqin monoloq üsulu — mütərəqqi gələnəkləri ilə kamil insan fəlsəfəsinə yüksəlsə də, öz düzxətliliyi, elastik ola bilməməsi səbəbindən əyilib, gərilib kamil cəmiyyət praktikasına otura bilmir, Qərbin dialoq üsulu isə — inadlı axtarış və sınaqları, uğurlu perspektivləri ilə normal demokratik cəmiyyət ideyalarını mövcud imkanlar həddində həyata keçirə bilir. Şərqin monoloq üsulu — ifrat hallarında mədəniyyətdə də, siyasətdə də avtokratiyaya, Qərbin dialoq üsulu isə ifrat hallarında Şərqin heç vaxt qəbul edə bilməyəcəyi və ümumiyyətlə onun mentalitetinə heç cür sığmayan əxlaqi deqradasiyaya, dəyərsizləşməyə gətirib çıxarır. Şərq — öz ənənəçiliyində, Qərb — öz novatorluğunda boğula bilər. Xüsusi diqqət verməyə dəyər ki, Qərb özünə münasibətdə demokratiya, Şərqə münasibətində isə sanki onun genetik kodunun dəyişməzliyinə əminmiş kimi avtokratiya ölçüləri və prinsiplərinə üstünlük verir. Bəlkə Yeni Çağda Qərb Şərqin elə avtokratik-ənənəçi düşüncə modelində qalmasını o səbəbdən istəyir ki, onu bu qatda əldə saxlamağın daha asan və mümkün olduğunu güman edir. Vaxtilə Mirzə Fətəli Axundzadə, Cəmaləddin Əfqani, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalpın da çıxış yolları aramalarında Şərqi «Qərbə oxşatmaq meylləri» yox, Şərqi özündə tapmaq, Qərbə yenilməmək üçün Şərqi oyatmaq, Şərqə özünütənqid impulsları vermək təşəbbüsləri tarix və müasirlik baxımından böyük həqiqətləri bəsləyir…
Bəs necə oldu ki, içində yaşadığımız yüzilliyin paradoksu kimi, bütün mədəniyyət, hətta fəlsəfə və siyasət kimi fundamental sahələr gəlib postmodernizmə dirəndi?!
Hələ XX əsrin əvvəllərində Amerika yazıçısı Henri Adams modernist və postmodernist (modernizmdənsonrakı) ədəbiyyatın hansı bədii-estetik tendensiyalarda qərarlaşacağını, aşırılarında hansı olaylara uğraşacağını qabaqcadan duyurmuş kimi qeyd etmişdi ki, ədəbi inkişafın bu istiqaməti sənəti təbii təkamülündən yayındırır: modernist ədəbi dünyagörüşü modelində dünya — universum kimi deyil, qəliz strukturlaşmaya malik olan və anarxiyaya meylli maltiversum kimi dərk olunur. Maltiversum — dünyada harmoniya yox, xaos, zərurət yox, təsadüfilik dominantdır. Henri Adamsın bu uzaqgörənliyi son yüzillikdə həyatda və sənətdə modernləşməyə meyllənmənin bütün panoramını, həmin proseslərin ziddiyyətlərini tam mənzərəsində əks etdirməsə də, Ən Yeni Çağın aparıcı tendensiyalarından birini dəqiq hədəfləyə bilmişdir. Bəli, postmodernizm — dövrümüzün fəlsəfəsinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, bütövlükdə ideologiyasına, mənəvi-intellektual atmosferinə əhəmiyyətli dərəcədə təsir göstərən çoxşaxəli bir istiqamətdir.
Postmodernizm mütləq sayılan hər şeyə nifrət edir, o, həyat hadisələrinin müxtəlifliyində onları birləşdirən cəhətləri deyil, ayıran cəhətləri qabardır. Postmodernizm üçün hər şey özlüyündə, başqacürlüyündə və sistemdənkənarlılığında dəyərlidir, çünki, onun baxışınca, hər cür nizam illüziyalıdır və yalnız insan təxəyyülünün törəyişləridir.
Qloballaşma epoxasının axtarışcıl məntiqinə uyğun olaraq, postmodernizm də istər-istəməz təkamül edir, özünə tənqidi yanaşmağa çalışır. Tədqiqatçı və tənqidçi Linda Hatçeon göstərir ki, postmodernizm mərkəzləşdirilmiş, totalitar, iyerarxik və qapalı sistemləri şübhə altına qoyaraq onları büsbütün inkar etmir, daha çox başqa rakurslarda baxır. Postmodernizm kontekstində oxşar, homogen, bir cür və müəyyənliyi olan hadisələr müxtəlif, heterogen, şərti və nisbi hadisələrlə uyğunlaşdırılır. Umberto Eko da postmodernizmin dekonstruktivliyini mütləqləşdirmir və qeyd edir ki, kollaj, «diyirlənmə», intertekstuallıq (mətnlərarası keçilişlər) o məqsəd güdür ki, hissələr arasında daha yeni kombinasiyalarla qoyulan suallara daha başqa cavablar tapılsın. Bu mənada postmodernizmin var olduğu ədəbi məkan — «xaokosmosdur».
Alman filosofu Peter Kozlovski «Postmodern mədəniyyəti» adlı kitabında bu cərəyanı romantizmlə müqayisə edərək olduqca mühüm qənaətlərə gəlir. Onun fikrincə, ümumiyyətlə, incəsənətin immanent mahiyyəti — obyektiv dünyanı subyektiv süzgəcdən (Məndən) keçirməkdən ibarətdir. Bu mənada o, nə qədər mübahisəli olsa da, postmodernist estetikada romantizm ənənələrinin davamını görür: romantizm də, postmodrenizm də çatlamış sivilizasiyaların dünyagörüşünü, qeyri-adiliyin fəlsəfəsini ifadə edirdi. Ancaq bizim fikrimizcə, varlığın harmoniya başlanğıcına köklənmiş romantizm həm sənətkarlıq, həm istedad, həm də ədəbi əxlaq baxımından varlığın xaos başlanğıcına köklənmiş postmodernizmdən daha dəyərli və gələcəkli mədəniyyətdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO