“Mədəniyyət ” kanalının baş direktoru Cəmil Quliyevin açıqlaması

"Mədəniyyət" kanalının baş direktoru Cəmil Quliyevin açıqlaması “Mədəniyyət” kanalının baş direktoru Cəmil Quliyev fevralın 11-də “Media forum” saytına açıqlama verib.

Baş direktor Azərbaycanda “Mədəniyyət” kanalının açılmasına dövlət dəstəyinin verilməsini təqdir etdiyini deyib: “İlk növbədə dövlət başçısı, möhtərəm prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, Azərbaycanda “Mədəniyyət” kanalının yaradılmasına dəstək verib. Ümid edirəm ki, “Mədəniyyət” kanalı Azərbaycanın mədəniyyətini, incəsənətini geniş təbliğ edəcək. Azərbaycan mədəniyyətinin təbliğində, onun inkişafında bu televiziyanın böyük rolu olacaq”.

Cəmil Quliyev həm də Dövlət Film Fondunun direktorudur. Bu vəzifəsində qalıb-qalmayacağı barədə saytın sualına cavab olaraq deyib ki, bunu zaman göstərər: “Bu haqda heç nə deyə bilmərəm. “Mədəniyyət” kanalının baş direktoru təyin olunmağımla bağlı xəbər mənə bir qədər əvvəl verilib. O səbəbdən Dövlət Film Fondundakı vəzifəmlə bağlı indi nəsə demək çox çətindir”.

Baş direktor qeyd edib ki, “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə etməlidir: “Geniş şəkildə, həm də maraqlı, rəngarəng verilişlər olmalıdır. Biz burada incəsənətin bütün növlərinin təbliğatını həyata keçirməliyik. Mədəniyyətimizin yayımının əhatə dairəsinin genişlənməsində bu kanal xüsusi rol oynamalıdır. Təbii ki, “Mədəniyyət” kanalında dünya mədəniyyətinin təbliğinə də yer verilməlidir”.

“Mədəniyyət” kanalına hansı peşəkarların dəvət ediləcəyi barədə danışmağın hazırda tez olduğunu deyən Cəmil Quliyev hələ bir çox digər məsələnin dəqiqləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: “Birinci növbədə “Mədəniyyət” kanalı yaradıcı insanların televiziyası olacaq. Bura görkəmli və professional adamlar dəvət ediləcəklər. Təbii ki, çalışacağıq bizim kanal baxımlı olsun, maraqlı olsun və tamaşaçıların rəğbətini qazansın”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO