Mədəniyyət kanalı tenderi: nə yenilik var?

Milli Televiziya və Radio Şurasının ixtisaslaşmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması ilə bağlı elan etdiyi tenderə qatılmaq üçün bu günə kimi rəsmi şəkildə müraciət edən olmayıb. Bunu “Media forum” saytına açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

Bununla belə Nuşirəvan Məhərrəmli bildirib ki, rəsmi müraciət edən olmasa da, tenderlə maraqlanan çoxdur: “Hələ sentyabrın 5-dək vaxtımız var. Bu günə qədər maraqlananlar olub və bizdən ərizə formalarını götürüblər. Hesab edirəm ki, sentyabrın 5-dək tenderə qatılmaq üçün müraciət edən olacaq. Belə bir kanalın açılmasının məsuliyyəti çox ciddidir. Ona görə də hər adam bu işin altına girə bilməz”.

Azərbaycanda ilk ixtisaslaşmış televiziya kanalı – idman kanalı ilə bağlı elan olunmuş tenderdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti qalib gəlmişdi. Azərbaycan Televiziyası ikinci ixtisaslaşmış televiziya kanalı ilə bağlı tenderə də qatıla bilərmi?

Suala cavab verən N.Məhərrəmli deyib ki, hüquqi cəhətdən Azərbaycan Televiziyasına hər hansı maneə yoxdur: “Ola bilər. Hər şey ola bilər. Maraqlananlar içərisində AzTV-nin olub-olmaması məsələsinə gəlincə, bunu tenderin nəticələri elan ediləndə hamı görəcək”.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova təmsil etdiyi qurumun mədəniyyət kanalı ilə bağlı tenderə qatılıb-qatılmayacağı haqda “Media forum”un sualını belə cavablandırıb: “Bununla bağlı hələ dəqiq məlumat yoxdur”.

Mədəniyyət televiziya kanalının açılması ilə bağlı tenderə sənədlərin qəbulu prosesi bu il avqustun 4-dən başlayıb. Proses sentyabrın 4-də yekunlaşmalıdır.

Avqustun 4-dən tenderin elan edilməsi haqda qərar Milli Televiziya və Radio Şurasının iyulun 30-da keçirdiyi iclasında qəbul edilib. İclasda teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığı xüsusi vurğulanıb, Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli-mənəvi dəyərlərin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd edilib.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO