“Mədəniyyət kanalının açılması yönündə iş davam edir. Yəqin ki, yaxın bir-iki aya lisenziyanın verilməsi üçün müsabiqə elan ediləcək”. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iyunun 7-də “Media forum” saytına açıqlamasında belə deyib.
Sədrin sözlərinə görə, mədəniyyət kanalı “İdman-Azərbaycan”dan sonra ikinci ixtisaslaşmış televiziya olacaq: “Telekanalın 2010-cu ildə fəaliyyətə başlamasında israrlıyıq. Yəqin ki, bu yay müsabiqə elan edəcəyik. Yəni ikinci ixtisaslaşmış telekanalın açılması üçün hazırlıqlara başlanıb”.
N.Məhərrəmli mədəniyyət kanalının xüsusi kanal olacağını deyib: “Belə xüsusi kanalların fəaliyyət göstərməsi bir qədər çətin olur. Dövlətin bu kanala hansı yardım göstərə biləcəyi haqda düşünürük. Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirlikləri var, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Aydınlaşdırırıq ki, mədəniyyətlə bağlı olan sahələr bu telekanala hansı yardımlar göstərə bilərlər. Bu yöndə müzakirələr gedir”.
Şura sədri yeni regional kanalların açılması ilə bağlı məsələnin təxirə düşdüyünü qeyd edib. Hazırda Azərbaycanın Aran zonasında regional televiziya yoxdur. Bu səbəbdən MTRŞ tender elan etməyi planlaşdırırdı. Lakin Araz və Kür çaylarının daşması, regionda təbii fəlakət tender işlərini təxirə salıb. N.Mərəhhəmli Aran zonasında regional kanalın açılması məsələsinin 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkisindən sonraya qaldığını deyib.
“MTV-Azərbaycan” kanalının açılacağı haqda məlumatlara gəlincə, N.Məhərrəmli bu məqsədlə şuraya hər hansı bir müraciətin olmadığını deyib: “Belə bir müraciət olmayıb və şurada belə bir məsələ haqqında danışılmır”.
Ölkədə “MTV-Azərbaycan” adlı musiqi telekanalının açılacağını “Xeberler.az” saytı yayıb. Məlumata görə, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən MTV kanalı bu ilin sentyabrında Azərbaycanda da yayımlanacaq. “MTV-Azərbaycan”ın hansı vasitə ilə – peyk, kabel televiziyası və ya milli tezlikdə yayımlanacağı barədə məlumat verilməyib.
MTV telekanalının regional meneceri Metyu Qoldsteyn sayta müsahibəsində telekanalın açılması üçün bir çox ölkələrə səfər etdiyini, bunlardan yalnız Azərbaycanda yaxşı şərait olduğunu bildirib. “Xəbərlər.az”ın digər məlumatına görə, MTV-nin Avropa üzrə prezidenti Neil Şarma mayın 26-28-i aralığında Azərbaycanda olub və Heydər Əliyev Fondunun nümayəndələri ilə görüş görüşdə “MTV-Azərbaycan” layihəsi haqda müzakirələr aparıb.
“Media forum”