Azərbaycanda yeni qəzet nəşr olunmağa başlayıb. «Mədəni niyyət» adlı yeni qəzetin baş redaktoru Orxan Əli Modern.az saytına başladıqları iş barədə belə deyib:
“Bu gün hər yerdə «şou-biznes» sözü moddadır. Hər yerindən duran özünü ulduz hesab edib mədəniyyətimizi təmsil etdiyini açıqlayır. Amma Azərbaycanın milli mədəniyyəti, musiqisi və digər bu qəbildən olan sahələr yalnız bununla məhdudlaşmır. Əslində bayağılıqdan kənar, məhz əsl mədəniyyətimizi təbliğ etmək üçün belə bir qəzet yaratmaq qərarına gəldik. O ki, qaldı qəzetin adına burada ikili məna var. Həm mədəniyyət sözü ilə qəzetin mövqeyi, həm də bayağılıqdan kənar və mədəni niyyətli bir iş olduğunu çatdırmaq istəmişik”.
Baş redaktor qəzetdə yer verəcəkləri mövzular barədə də danışıb: “Çalışacağıq mədəniyyətimizin bütün sahələrini əhatə edək. Həm musiqi, rəsm, heykəltəraşlıq, abidələr, həm də digər maraqlı mövzular olan vətənpərvərlik, İslam mədəniyyəti, dünya mədəniyyətindən incilərə və toxunacağıq”
Modern.az baş redaktordan qəzetin «NUR» ilahilər qrupu ilə hansı bağlılığının olduğunu soruşub
“Mən bu qəzetin «NUR» ilahilər qrupunun qəzeti olduğunu deməzdim. Sadəcə olaraq təsisçimiz uzun müddət Azərbaycanın mədəniyyəti sahəsində xidmətləri olan Rahim Dərvişdir. Bilirsiniz ki, Rahim müəllim «NUR» ilahilər qrupunun rəhbəridir. Qəzetimiz belə ifadə etsək qrupdan müəyyən dəstək alır. Amma qrupun işi ilə qəzetin işi tamamilə fərqlidir”-deyə Orxan Əli cavab verib.
Onun sözlərinə görə, qəzetin xeyli yazarı var, redaktoru isə Əlizaman Əliyevdir: “Qəzetə yazı vermək üçün məhdudiyyət yoxdur. Yəni, istənilən yazar formata uyğun olaraq bizə yazı göndərə bilər. [email protected] elektron ünvanımız fəaliyyət göstərir”.
Gələcək planlardan danışan O.Əli deyib ki, bu yaxınlarda qəzetin təqdimat mərasimini keçirəcəklər. “Çalışacağıq ki, Azərbaycan oxucusuna keyfiyyətli və əsl mədəniyyətimizi təbliğ edən qəzet verək”.