“Elm” nəşriyyatında Kəmalə İsayevanın “Müasir Azərbaycan poeziyasında qoşma” kitabı işıq üzü görüb. Monoqrafiyanın əsas tədqiqat obyektini XX əsrin 60-cı illərindən sonrakı Azərbaycan poeziyasında qoşma janrına müraciət edən şairlərin yaradıcılığı təşkil edir. Kitabda qoşmaya daha intensiv müraciət edən Hüseyn Arif, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Məstan Günər, Bəxtiyar Vahabzadə və başqa şairlərin yaradıcılığına daha geniş yer verilib.
Tədqiqatın əsas məqsədi müasir Azərbaycan poeziyasında qoşma janrının tarixi-ənənəvi inkişafı ilə əlaqəli şəkildə həm ideya-məzmun, həm də poetexnoloji baxımdan kəsb etdiyi spesifikliyi müəyyənləşdirmək, hər iki istiqamətdə qoşma janrının müasir poeziyada işlənmə özəlliklərinin elmi-nəzəri izahını verməkdir. Qoşma janrının müasir poeziyada kəsb etdiyi ideya, məzmun və sənətkarlıq xüsusiyyətlərinin sistemli şəkildə tədqiqat predmetinə çevrilməsi bu monoqrafiyanın timsalında ilk elmi cəhddir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Akif Hüseynovdur.