Mətbuat Şurası Qarabağla bağlı monitorinqlərə başlayır

Milli Məclisin deputatı, Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Qarabağ probleminin Azərbaycan mediasında necə yer alması ilə bağlı vəziyyəti öyrənmək üçün bu ilin mart ayından monotorinqlərə start verəcəklərini barədə məlumat verib.

Modern.az saytına açıqlamasında deputat bildirib ki, Ermənistan tərəfindən işğal olunan torpaqlarımız azad olunduqdan sonra da bu mövzu uzun illər aktual olaraq qalacaq: “Ona görə də hesab edirəm ki, Qarabağ mövzusu hər zaman bizim KİV-lərin diqqət mərkəzində olmalıdır. Buna adi mövzu kimi yanaşılmamalıdır.

Hərbi gücümüzü artırmaqla yanaşı mədəniyyət, ədəbiyyat və mediada da Qarabağ mövzusunu hər zaman öndə saxlamalıyıq. Bunun vacibliyini nəzərə alaraq Mətbuat Şurasında məsələni müzakirəyə çıxardıq. Qərara alındı ki, ilkin olaraq ümumi mənzərəni daha yaxından görmək üçün monitorinqlər təşkil edək. Bununla ayrı-ayrılıqda hansı KİV-in Qarabağ mövzusuna necə yer ayırmasını öyrənmək istəyirik”.
C.Feyziyev qeyd edib ki, Qarabağ məsələsinin mediada hansı şəkildə işlənilməsi onlar üçün maraqlıdır: “Biz indi də ümumi mənzərəni bilirik. Sadəcə, monitorinqlər aparmaqla məsələni daha da konkretləşdirmək istəyirik. Gəlcəkdə eyni monitorinqi mədəniyyət, ədəbiyyat sahəsində aparacağımız istisna deyil. Bu sahədə də Qarabağ probleminin necə əks olunması bizim üçün maraqlıdır. Hazırda bu mövzu ilə bağlı “Fəryad”, “Xoca” kimi filmlərimiz var. Ancaq biz düşünürük ki, bu, çox azdır. Belə filmlərimiz bundan qat-qat çox olmalıdır. Ona görə də bu işləri stimullaşdırmaq, yaradaıcı adamların diqqətini bu mövzuya cəlb eləmək üçün bu layihənin başlaması vacbdir”.

Monitorinqlərdən sonra hansı addımların atılacağına gəlincə, deputat bildirib ki, keçirilən monitorinqin nəticələri hər ay ictimaiyyətə açıqlanacaq: “Qaşıda kifayət qədər görüləcək iş var. Biz gələn aydan monitorinqlərə başlayacağıq. Hər ayın sonunda nəticələri elan edəcəyik. Eyni zamanda bu mövzuda yazılmış ən yaxşı yazılar başqa KİV-lərdə də yayılacaq. Bu sadaladıqlarım ilkin olaraq nəzərdə tutulanlardır. Bununla cəmiyyət biləcək ki, bizim elm, mədəniyyət, media adamları Qarabağ məsələsinə necə diqqət göstərirlər. Bütün bunlar oxucu üçün də önəmlidir. Bu, yeni nəslin Vətənpərvərlik ruhunda böyüməsində, mənəvi dəyərlərin qorunub saxlanılmasında da olduqca önəmli rol oynayacaq. Ona görə də bu mövzunu Mətbuat Şurası olaraq hər zaman diqqətdə saxlayacağıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO