Mərhum jurnalist Şahin Ağabəyliyə həsr olunmuş kitab buraxılıb

“Adım anonim qalsın” toplusu Şahin Ağabəyliyə ithaf olunub. Gənc yazar Rüfət Əhmədzadənin ikinci nəsr toplusu işıq üzü görüb.

Müəllifin Modern.az-a verdiyi məlumata görə, “Adım anonim qalsın” kitabına 28 yaşlı yazarın son illərdə yazdığı hekayə, mənsur şeir və esseləri daxil edilib. Mərhum jurnalist Şahin Ağabəylinin xatirəsinə ithaf olunmuş “Adım anonim qalsın” toplusunda əsasən post-sentimentalizm və kontr-idealizm işartıları hiss olunur. Müəllif bundan əvvəl oxucuların qarşısına “Sən busan” kitabıyla (2011) çıxmışdı. Birinci kitabında olduğu kimi, Rüfət Əhmədzadə ikinci kitabında da qəhrəmanlarının çoxuna ad verməyib. Əksər qəhrəmanların adsız, cizgisiz və qeyri-ideal olması, həmçinin danışa-danışa özlərini ifşa etməsi oxucunu düşünməyə, özünə yaxın cəhətləri görməyə vadar edəcək. Müəllif özü kitab haqqında danışarkən deyib: “Son 2 ildə yazdığım nəsr əsərlərimi bu kitabda toplamışam. Elə çox möhtəşəm bir kitab demək olmaz, amma inanıram ki, məni birinci kitabdan və sosial şəbəkələrdən tanıyan insanlarla aramızda olan dostluq bu kitabdan sonra daha da möhkəmlənəcək. Hər halda, yaxşı yazıçı olmaq üçün yazmaq və çalışmaq lazımdır. Biz də buna çalışırıq. “Adım anonim qalsın” toplusu gənclərin kitabı olacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO