Dünən Norveç İnsan Hüquqları evində Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi (DQTİB) “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın regionlara təsiri mövzusunda tədbir keçirib.
Tədbirdə ictimai birlik və kitabxana rəhbərləri, millət vəkiləri, KİV nümayəndələri iştirak ediblər. DQTİB-nın sədri Günay Hüseyn bildirib ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” çox zəif şəkildə həyata keçirilib:
“Rəsmi statistikaya görə Azərbaycanda kitabxanaların sayı 4203-dür. Onun da 624-ü şəhərlərin, 3399-u isə rayonların payına düşür. Təşkilatımız regionlar üzrə monitorinqlər aparıb. Nəticədə məlum olub ki, 2 il müddətində ümumiyyətlə kitabxanalrın dirçəldilməsi üçün əsaslı bir iş görülməyib. Respublika ərazisində kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 95 faizi müasir tələblərə cavab vermir. Bəzi kitabxanalarda xırda təmir işləri görülsə də, bu müəssisələrin əksəriyyəti yararsız vəziyyətdədir. Bəziləri isə tamamilə qəza vəziyyətindədir. Əksəriyyətinin oxu zalı yoxdur. Kitabxanaların 90%-də istilik və kondisioner sistemi, telefon xətləri mövcud deyil”.
Əksər kitabxanaların qapısından qıfıl asıldığını deyən Günay Hüseyn onların 90%-nin kompüterləşdirilmədiyini deyib: “Demək olar ki, elektron kitabxana yox vəziyyətindədir. Reginonlarda yeganə elektron kitabxana Bərdədə 2010-cu ildə yaradılıb. Səyyar kitabxana Zaqatalada yaradılsa da, Şəkidə yaradılmayıb”.
Dövlət Proqramının qəbulunun kitabxana sahəsinə müəyyən təkan verdiyini vurğulayan təşkilat sədri onun icrası üçün lazımi qədər vəsait ayrılmadığını deyib: “Ümumiyyətlə proqramda çox iş nəzərdə tutulub. Ancaq az bir vaxt ayrılıb ki, bu onun tam icrasını qeyri-mümkün edir. Biz hesab edirik ki, Dövlət Proqramının həyata keçirilməsi üçün dövlət orqanları ilə yanaşı, QHT-lər, ziyalılar və sıravi vətəndaşlar da bu işə cəlb edilməlidir. Daha sonra çıxış edən kitabxana rəhbərləri kitabxanaların ümumi vəziyyətinə toxunaraq, problemlərdən danışıblar.
Millət vəkili Fazil Mustafa çıxışında region kitabxanalarının faydalılıq əmsalının aşağı olduğunu bildirib: “Kitabxanalar mədəni mühitin əlamətidir. Bu sahəyə ayrılan vəsait azdır”.
Millət vəkili Pənah Hüseyn isə kitabxanaların ən prestijli məsələ olduğunu bildirib: “Vaxt gələcək kitabxanaların bəxti açılacaq. Bir vaxtlar Avropada da bu sahədə krizis hökm sürürdü. Əsas məsələ kitabxanalara diqqəti ayırmaq lazımdır”.