“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov barəsində açıq-saçıq videkadrların “Lider” telekanalında göstərilməsi ilə bağlı qalmaqal təzə sakitləşməyə başlamışdı ki, bu məsələyə aid yeni xəbər yayıldı:
Baş direktorla bağlı yayımlanan süjeti səsləndirən müxbir Emin Əhmədov işdən çıxıb.
BBC-nin sorğusuna cavabında Emin Əhmədov “Lider” kanalından getməsi barədə xəbəri təsdiqləyib. Bunun nə üçün edildiyi barədə suala cavabında Emin Əhmədov deyib ki, sadəcə kiminsə şərəf və ləyaqətinə xələl gətirən fikirlərin onun dilindən verilməsini istəməyib.
Emin Əhmədovun “Lider” telekanalından getməsini elə “Səda” xəbərlər proqramının direktoru Tofiq Abbasov da təsdiqləyib. Amma T.Abbasov bunun səbəbini açıqlamaq istəməyib və bildirib ki, “o kadrlar şöbəsində çalışmır və müxbirin niyə işdən azad edildiyini deyə bilməz”.
Qeyd edək ki, Emin Əhmədov daha çox tamaşaçıların yaddaşında hərbi mövzuda hazırladığı verilişləri ilə qalıb. O, “Lider” TV-nin hərbi hissələrdən hazırladığı verilişlərin aparıcısıydı.
Media eksperti Zeynal Məmmdəli telekanal əməkdaşının etikadankənar süjetə etiraz etməsini bəyəndiyini bildirib.