Əli Həsənov Azərbaycanda fikir, söz və məlumat azadlığının sərhədlərini bir daha şərh etdi

Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək.

“Trend”in məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 4-də jurnalistlər qarşısında çıxış edərkən bildirib. “Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda, cəmiyyətə çatdırtmaqda azaddır” – Həsənov deyib. PA rəsmisi bildirib ki, demokratik ölkə olan Azərbaycanın mətbuatında bu və ya digər məsələlərlə bağlı fərqli fikirlər, mövqelər mövcuddur. “Çoxsaylı mətbuat orqanları hər gün heç bir maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması, təhqirlər də yer alır. Belə ölkədə “söz, mətbuat azadlığı yoxdur” fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq. Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud konkret fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar olmadığına görə onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir. Söz və məlumat azadlığının başqa, daha demokratik nümunəsi varsa, böyük məmnuniyyətlə onunla tanış olmağa hazırıq” – Həsənov çıxışında deyib. PA rəsmisinin sözlərinə görə, dünyada mütləq, sərhədsiz azadlıq mövcud deyil. “Bütün ölkələrdə, hətta beynəlxalq qanunlarda da söz və məlumat azadlığına bu və ya digər şəkildə məhdudiyyətlər tətbiq olunub. “Kim nəyi necə istəyir, elə də yazır” praktikası heç bir ölkədə mövcud deyil. Dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ başqa bir insanın hüququ başlayan yerdə bitir. Necə ola bilər ki, bir insanın hüququ hədsiz-hüdudsuz olsun, başqa bir insanın hüququnun reallaşmasına isə meydan verilməsin? Demokratik cəmiyyətlərdə bu mümkün deyil” – Həsənov bildirib. Onun fikrincə, demokratiya azad insanların məsuliyyətli fəaliyyətinin meydanıdır. “Demokratiya dərk olunmuş nizam-intizamdır. Biz demokratiya deyəndə həm insanların öz potensialını sərbəst şəkildə ifadə etmək hüququnun reallaşmasını, həm də bunun nəticələrinin onlar tərəfindən dərk olunmasını nəzərdə tuturuq. Söhbət məsuliyyətli demokratiyadan gedir. Buna görə də, bəzilərinin cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi, cəmiyyətimizi nüfuzdan salmağa çalışmasını qəbul edə bilmərik” – Həsənov deyib. PA rəsmisi cəmiyyəti Azərbaycana qara yaxanlara qarşı mübariz olmağa çağırıb. “Biz – fəal vətəndaşlar, ziyalılar, gənclər bəlli maraqlar çərçivəsində Azərbaycan cəmiyyətinə qara yaxanlara qarşı biganəlik göstərməməli, öz fəallığımızla bunun cavabını verməyi bacarmalıyıq” – Həsənov qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO