“Əli bəy Hüseynzadə Turan” kitabı təqdim olundu

thumb=left]http://azfreespeech.az/uploads/posts/2009-11/1257846278_eli-bey-huseynzade-turan-kitab-teqdimati.jpg[/thumb]Qənirə Paşayeva: “Atatürk Ziya Göyalpı, Ziya Göyalp isə Əli bəy Hüseynzadəni özünün müəllimi, mənəvi atası sayıb”

Bu gün millət vəkili Qənirə Paşayeva və araşdırmaçı Azər Turanın müəllifi olduqları “Əli bəy Hüseynzadə Turan” kitabının təqdimatı keçirilib.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, kitabda sənədlərə, fotoşəkillərə istinadla Əli bəy Hüseynzadənin ömür yolu və elmi-ictimai fəaliyyətinin başlıca məqamları araşdırılır.

Kitabın məsləhətçisi Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar, kitabın rəyçisi İstanbul Universitetinin professoru İbrahim Yıldırımdır. Noyabrın 13-də Ankarada da bu kitabın təqdimatı keçiriləcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov deyib ki, bu gün həm də Türk Dünyasının, Şərqin taleyinə mühüm təsir etmiş Mustafa Kamal Atatürkün ölümünün 71-ci ildönümüdür: “Heydər Əliyev deyib ki, Türkiyə Cümhuriyyəti sadəcə, Atatürkün fəaliyyətinin deyil, qəhrəmanlığının nəticəsidir. Atatürkün ətrafında həm də Şərqin böyük elm xadimləri, şəxsiyyətləri toplanıb. Onlardan biri də Azərbaycanın böyük ideoloqu Əli bəy Hüseynzadədir”.

Nizami Cəfərov qeyd edib ki, Əli bəy Hüseynzadə türkləşmə, islamlaşma, müasirləşmə kimi ideoloji triadanın müəllifidir: “Bu ideoloji triada bayrağımızda əksini tapıb. Bu, universal ideoloji bir sistemdir. Atatürk də Əli bəy Hüseynzadəyə bir müəllim kimi münasibət bəsləyib. Əli bəy Hüseynzadəsiz Azərbaycanın mənəvi həyatını təsəvvür etmək mümkün deyil”.

Tədbirdə müğənni Azərinin ifasında mahnı səsləndi.

Qənirə Paşayeva Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatının Atatürkün ölümünün 71-ci ildönümünə təsadüfi etməsini məntiqli sayır: “Atatürk və Əli bəy Hüseynzadə eyni ruhlu insanlar idi. Bu kitabın nəşri ideyasının gündəmə gəlməsində professor İbrahim Yıldırımın böyük rolu olub. Feyzavər xanımla söhbətimizi İbrahim Yıldırımın tövsiyəsi ilə videoya çəkdik və sonradan bu kitab nəşr olundu. Atatürk Ziya Göyalpı özünün müəllimi, mənəvi atası, Ziya Göyalp isə Əli bəy Hüseynzadəni özünün müəllimi, mənəvi atası sayıb”.

Millət vəkilinin sözlərinə görə, elə bir sahə yoxdur, o barədə Əli bəy Hüseynzadə geniş elmi biliyə malik olmasın: “Bu böyük insanın çox gözəl rəsm əsərləri var. Yazıb qurtara bilmədiyi tibb lüğəti bu gün də aktualdır. Yaxın zamanlarda həmin lüğət dərc olunacaq. Onun əməyinin nəticəsi olan “Həyat”, “Füyuzat” kimi nəşrlər söz, mətbuat azadlığının formalaşmasında böyük rol oynayıb. Biz bu kitabı gənc nəsil üçün yazmışıq, gənclərimizin bu böyük insanı tanımalarına ehtiyac var”.

Azər Turan Əli bəy Hüseynzadənin Türk Dünyasının ilk ensiklopedik tibb lüğətinin, türkləşmə, islamlaşma, müasirləşmə prinsiplərini özündə əks etdirən ideoloji triadanın müəllifi olduğunu vurğuladı.

Millət vəkili, professor Nizami Xudiyev Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə danışdı. O bildirdi ki, Əli bəy Hüseynzadə Qafqaz şeyxülislamının nəvəsi olub, hələ uşaq yaşlarında ərəb, fars türk dillərini mükəmməl öyrənib. Ancaq gözlənildiyi kimi ruhani təhsili almayıb, 1985-ci ildə Sankt-Peterburqa gəlib, 4 il ərzində rus dilini mükəmməl öyrənib, 1990-cı ildə Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub, oranı əla qiymətlərlə bitirib. Bakıya qayıdıb, 1 ildən sonra İstanbula gəlib, İstanbul Universitetinin tibb fakültəsinə qəbul olub, nadir dəri-zöhrəvi, vəba xəstəlikləri üzrə doktorluq müdafiə edib. Uzun müddət bu xəstəliklərin müalicəsi sahəsində çalışıb.

Nizami Xudiyev sovet dövründə “Füyuzat” və “Molla Nəsrəddin” jurnalarını düşmən cəbhəsi kimi qarşı-qarşıya qoyulduğunu, ancaq əslində həm Əli bəy Hüseynzadənin, həm də Cəlil Məmmədquluzadənin Azərbaycan xalqının böyük oğulları olduğu, onların arasında ideya mübarizəsi getdiyini dilə gətirdi: “Əli bəy Hüseynzadə “Füyuzat”da yazırdı ki, ziyalılara müraciət edir. Çünki o dövrdə çox az sayda oxumuş insanlar vardı. “Molla Nəsrəddin” xalqın dilində dərc olunurdu. Hələ “Füyuzat”ın, yoxsa “Molla Nəsrəddin”in uğur qazandığı məlum deyil. Sadəcə, sovet rejimi qurulduğu üçün “Füyuzat” və füyuzatçılar təqib olundu”.

Nizami Xudiyevə görə, Əli bəy Hüseynzadənin o dövrdə Azərbaycandan Türkiyəyə getməsi düzgün olub. 1926-cı ildə Əli bəy Hüseynzadə Bakıda keçirilən 1-ci Türkoloji Qurultayda iştirak edib, çıxışı olub. Sonradan Azərbaycanda bu Türkoloji Qurultaya qatılan insanların hamısı 1937-ci ildə məhv edilib.

Əli bəy Hüseynzadəyə Atatürk həmişə sayğı və böyük hörmətlə yanaşıb. İstanbul Universitetində uzun müddət çalışan bu böyük insanı sonradan Atatürk Türk Dil Qurumunda işə dəvət edib. Eyni zamanda ona millət vəkili üçün namizədliyini verməsini təklif edib. Ancaq o dönəmdə Türkiyədə mövcud olan təkpartiyalı sistemi demokratik saymayan Əli bəy Hüseynzadə Atatürkün bu təklifindən mədəni şəkildə imtina edib: “Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərimiz azdır, o, böyük türkçü olub”.

Yazıçılar Birliyinin katibi, “25-ci qəzet”n baş redaktoru Rəşad Məcid, jurnalist Sevil Nuriyeva və digər tədbir iştirakçıları da kitabla bağlı ürək sözlərini dilə gətiriblər.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO