Dünənə qədər siyasi qüvvələrin mərhəmətindən asılıb qalmış jurnalistlər prezidentin simasında dövləti özünə dəstək kimi gördü
Azərbaycan Prezidenti İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi əslində bir sıra məqamları ilə yadda qalır. “RUH”-un sorğusunun sonuncu qalibi 8 il əvvəl mərhum Heydər Əliyev olmuşdu. O zamandan bəri mükafatın niyə verilməməsi ayrı söhbətin mövzusudur. Əsas olan indiki sorğunun nəticələridir.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 93 KİV-in bu məsələdə rəyini öyrənib. Və nəticədə prezident Ilham Əliyev jurnalistlərin 81 faizinin səsini qazanaraq “Jurnalistlərin dostu” nominasiyaının qalibi olub.
Prezidentin bu nominasiyada qalib gəlməsi təsadüfi sayılmamalıdır və bunu şərtləndirən ciddi arqumentlər var. Hər şeydən əvvəl “RUH”-un mükafatın şərtlərində göstərilən bir maraqlı məqam diqqəti cəlb edir. Orada göstərilir ki, mükafatın əsasnaməsinə görə, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.. “Müstəsna xidmət…”.
… Son 10 ildə media sahəsində olan problemlər KİV-də çalışanların hamısına bəllidir. İctimai-siyasi həyatdan kənarda saxlanmış media, sosial problemlər içində çabalayan qəzəbli jurnalistlər ordusu, pərakəndə idarəetmə…
Son 10 ildəki medianın siması bu şəkildə olub. Baş redaktorların mərhəmətinə sığınan, əmək müqaviləsi olmayan sıravi jurnalist ordusunu xaotik şəkildə siyasi mübarizənin alətinə çevirmək cəhdi mediaya ağır zərbə vurub.
Bu baxımdan medianın sosial problemlərinin həlli üçün görülən iş, atılan addımlar daha çox professional mətbuat ənənələrinin saxlanması üçün yaxşı fürsət sayıla bilərdi.
Odur ki, mətbuatı pərakəndəlik girdabından qurtarmaq, jurnalistləri peşələrinin perspektivi ilə bağlı düşdükləri qeyri-müəyyənlikdən çıxarmaq üçün prezident İlham Əliyevin media ilə bağlı atdığı addımlar vacib həlqə təşkil edib. Dünənə qədər yalnız müəyyən siyasi qüvvələrin və baş redaktorların mərhəmətindən asılıb qalmış böyük jurnalist ordusu prezidentin simasında dövləti özünə dəstək kimi gördü. Mətbuat (söhbət dövlət himayəsində olan qəzetlərdən getmir) bütövlükdə -iqtidarlı, müxalifətli nəhayət ki, uzun illər gözlədiyini aldı: mediada çalışan jurnalistlərin yaşamı, peşə fəaliyyəti və perspektivinə bir aydınlıq gəldi.
İlk növbədə prezidentin jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün imzaladığı bir sərəncama baxmaq lazımdır. Bütün media çevrəsini şoka salan bu sərəncam jurnalistlərə sevinc hissi gətriməklə bahəm bayram mühiti yaratdı. Deməli, bunu etmək mümkün imiş.. Halbuki, bir neçə il əvvəl Parlament Jurnalistləri Birliyi jurnalistlərin ev problemini qaldıranda ağız büzənlər kifayət qədər oldu. Bunun ağlasığmaz olması, prezidentin bu işə heç vaxt qol qoymayacağı ilə bağlı eşitdiyimiz sözlər bizi ağrıtsa da, inamımız sarsılmamışdı.
22 iyul 2010-cu ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün prezidentin verdiyi gözlənilməz sərəncam həmin o, “müstəsna xidmət” anlayışını yaxşı ehtiva edir. Bu sərəncam son 10 ildə medianın inkişafı üçün atılan ən ciddi və jurnalistlərin yaddaşında iz qoyan bir sənəd olub.
Prezidentin qəzetlərə və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayırması onsuz da borc-xərc içində birtəhər işləyən, amma qəzetçilik fəaliyyətini dayandırmaq barədə düşünməyən həqiqi jurnalistlər üçün böyük dəstək oldu. Bu həm də ictimai rəyə təsir edən, onu formalaşdıran ənənəvi qəzetlərin, pofessional mətbuat prinsiplərnə qulluq edən jurnalistlərin “reket” mətbuatı qarşısında qəddini saxlamaq baxımından vacib addım sayılmalıdır.
Dövlətin müəyyən etdiyi bu siyahı onsuz da mübahisə doğurmurdu: pul ayrılarkən burada müxalifət, müstəqil, iqtidar qəzetlərinə heç bir fərq qoyulmamışdı. Əlbəttə, “reklam bazarı” vacib sahə olsa da, onun formalaşaması üçün baza şəraiti nəzərə çarpmır. Odur ki, hazırda ilkin olaraq müstəqillik dövründə formalaşmış KİV-lərin ictimai statusunu saxlamaq daha zəruri məsələyə çevrilib. Maliyyə yardımı həm də Azərbaycanda hələ də formalaşmayan “qəzet bazarı” və “oxucu” probleminin perspektiv həlli üçün bir imkan yaradır. Bu baxımdan prezidentin mətbuatın sosial problemlərinin həlli ilə bağlı mövqeyi birmənalı qarşılandı.
Prezidentin xeyir-duası ilə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu isə media quruluşlarının və jurnalistlərin fərdi layihələrini maliyyələşdirməklə digər yeni bir müstəvi yaratdı. Məhz Fondun dəstək verdiyi layihələr jurnalistlərin innovativ ideyalarını təqdim etməsində, peşəkar jurnalist prinsiplərinin möhkəmlənməsində, həm də yeni ideyaların mediaya ötürülməsində vacib rol oynadı. Bəllidir ki, redaksiyalar maliyyə böhranı üzündən böyük həcmli araşdırma mövzuları aparmaq üçün jurnalistlərə yaxşı qonarar ödəmək imkanında deyil.
Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr peşəkar jurnalistlərin ideyalarının gerçəkləşdirməsi üçün fürsət oldu.
Fondun jurnalistlər üçün təşkil etdiyi yazı müsabiqələrini qiymətləndirməmək olmur. Jurnalist yazılarının bu cür qiymətləndirilməsilə müsbət mənada rəqabət mühiti yaradıldı.
Sadalananlar İlham Əliyevin “Jurnalistlərin dostu” olmasının obyektiv əsaslarını göz önünə qoyur. Bu dostluğun indən sonra daha da möhkəmlənəcəyinə ümid çox böyükdür…
Modern.az