“LENT.az” saytının baş redaktoru Qabil Abbasoğlu : “internet oxucusu olduqca tələbkardır “

Ölkənin aparıcı media quruluşlarından olan “Lent.az” portalı iyunun 25-də 2 yaşını tamamlayıb. Saytın baş redaktoru Qabil Abbasoğlu “Media forum”un bu münasibətlə ünvanladığı sualları cavablayıb.

– “Lent.az” bu 2 ildə Azərbaycan mediasına nə gətirdi?

– “Lent.az” yarananda Azərbaycanda internet mediası yenicə təşəkkül tapmağa başlamışdı. Bu mənada mən “Lent.az”ı internet mediasının ilk qaranquşu hesab edirəm və fikrimcə, tək mən belə düşünmürəm. “Lent.az” internet mediasında qəzetçilik anlayışına uyğun yeni standartlar ortaya qoydu. Oxuculardan və media ekspertlərindən aldığımız rəylər göstərir ki, bu sahədə az-çox uğurlu fəaliyyət göstərə bilmişik.

– Hesab edirsinizmi ki, Azərbaycanda internet jurnalistikası yaranıb? Ümimiyyətlə, “internet jurnalistikası”, “internet jurnalisti” anlayışlarına münasibətiniz necədir? Bunları “qəzetçi”, “telejurnalist” kimi xüsusi mənası olan ifadələrlə yanaşı qoymaq olarmı?

– Mən ümumilikdə jurnalist anlayışını qəbul edirəm. Jurnalist oxucularına, ictimaiyyətə informasiyanı müxtəlif üsullarla çatdıra bilər. Qəzet, radio, televiziya kimi vasitələrdən biri də internetdir. Hansı vasitədən istifadə etməsindən asılı olmayaraq media təmsilçilərini jurnalist adı birləşdirir. Əlbəttə, qəzet jurnalisti ilə internet mediası jurnalisti arasında funksionallıq, operativlik, peşəkarlığın ortaya qoyduğu yeni standartlar baxımından müəyyən fərqlər var. Lakin bunlar köklü yox, texnoloji fərqlərdir. Onlayn jurnalistika müəyyən operativlik, sürət, dəqiqlik tələb edir və internet mediasının jurnalisti bu tələblə ayaqlaşmağa borcludur. Fəlsəfi, nəzəriyyə və peşəkarlıq baxımından qəzetçini də, televiziya işçisini də, portal əməkdaşını da jurnalist adı altında qəbul edirəm. Bu anlayış daha dəqiqdir.

– İnternetdəki oxucunun özəllikləri barədə nə deyə bilərsiniz?

– İnternet oxucusu olduqca tələbkardır. Onun ən böyük xarakteristikası diqqətini dəqiqliyə, operativliyə yönəltməsidir. Qəzetə oxucunun reaksiyası ən yaxşı halda material hazır olduqdan bir sutka sonra gəlirsə, biz hətta bir neçə saniyə sonra belə istər elektron poçt, istər də telefonla reaksiya alırıq. Bu baxımdan internet oxucusunun tələbkarlığını xüsusi qeyd edirəm. İnternet mediasının oxucusu texnologiya baxımından inkişaf etmiş təbəqənin oxucusudur. Yəni daim interneti izləmək imkanına sahibdir və materialları tək yaradıcılıq prizmasından yox, texniki baxımdan da qiymətləndirir.

– Saytınızda reklamlara da rast gəlirik. Reklam gəliriniz xərclərinizdə əhəmiyyətli, yoxsa cüzi yer tutur?

– Əlbəttə, “Lent.az”ın uğurlu fəaliyyət göstərməsində saytımızda yerləşdirilən reklamların böyük əhəmiyyəti var. “Lent.az”ın ciddi reklam toplaya bilməsi işin uğurlu qurulmasında əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, biz 2 yaşımızı bayram hesab edirik və bu bayram münasibətilə bütün reklam tərəfdaşlarımızı təbrik edirəm. Fəaliyyətimizdə xidməti olmuş keçmiş müəlliflərimizə, jurnalistlərimizə, publisistlərimizə təşəkkür edirəm.

– Əvvəl kitab, sonra qəzet-jurnal, radio, televiziya yarandı. İndi də internet vüsət alıb. Sizcə, media sahəsində internetdən sonra da hansısa yenilik olacaqmı, yoxsa qəzet-jurnaldan, radio-televiziyadan sonrakı sonuncu yenilik elə internet olaraq qalacaq? Yeri gəlmişkən, mobil telefonların media bazarına ciddi nüfuz edə biləcəyinə inanırsınızmı?

– Zənnimcə, Azərbaycanda 10-15 il ərzində internet mediasının inkişafı xarakterik olacaq. Mobil telefonların media bazarına ciddi nüfuz edə biləcəyinə də inanıram. Mobil telefonlardan daha ciddi bir mərhələ var qarşıda.

– İnternet mediasının perspektivi barədə çox nikbin rəy eşitmək mümkündür. Bu rəylərin əksəri ənənəvi KİV-lər barədə bədbin proqnozlarla müşayiət olunur. Siz internetin ənənəvi KİV-lərdən hansınısa, məsələn, qəzetləri sıradan çıxaracağını gözləyirsinizmi?

– Necə ki, kitablar salnaməçiliyi, radio qəzetçiliyi, televiziya radionu sıradan çıxara bilmədi, eləcə də internet mediası qəzetləri sıradan çıxartmayacaq. Azərbaycanda ənənəvi çap mediasının öz funksionallığını saxlayacağına əminəm.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO