Rəsmi qeydiyyatdan sonra prezidentliyə namizədlər haqqında telekanallarda təqdim olunan informasiyalar neqativ, pozitiv və neytral qiymətləndirilmə kimi göstəriləcək. Qeyd edək ki, monitorinqdə həmçinin beynəlxalq rəy, yəni xarici dövlətlər, diplomatik missiya və beynəlxalq təşkilat nümayəndələrinin bəyanatları və fikirləri də öz əksini tapıb.
Telekanallar
İlkin mərhələnin nəticələrinə görə, elektron KİV-nin məlumatları əsasən fəaliyyətdə olan prezident və hakim “Yeni Azərbaycan” partiyasından olan hökumət üzvlərinin fəaliyyətindən xəbər verir. AzTV və Lider-də prezident və hakim partiya nümayəndələri haqqında materiallar və beynəlxalq qurum nümayəndələrinin seçki prosesi ilə bağlı rəyi üstünlük təşkil edir. İnformasiyanın təqdim edilməsi və hadisələrin şərhi zamanı tərəflər arasında balansı qismən ANS və İctimai televiziya qoruyub, digər telekanallar isə, xüsusilə də AzTV buna əməl etməyib. Yeri gəlmişkən, AzTV-nin efirində YAP üzvləri və prezidentin fəaliyyətinə həsr olunan materiallar üstünlük təşkil edib, alternativ siyasi partiyalara isə az diqqət ayrılıb. Demək olar ki, AzTV xəbər buraxılışlarında yer alan seçki prosesinə dair məlumatların 92%-i prezidentin fəaliyyəti, yerdə qalan 8% isə hakimiyyət və ona yaxın şəxslərin payına düşür. ATV kanalında isə vəziyyət bir qədər fərqli olub. Seçki prosesi ilə bağlı informasiyanın 79%-i YAP üzvləri və prezidentin fəaliyyətindən xəbər versədə, 21% alternativ partiyaların nümayəndələrinə şamil edilmişdir ki, onlardan 5%-i Müsavatın payına düşür. «Space» və «Xəzər» televiziyalarında isə ümumiyyətlə prezident və onun ətrafındakı şəxslərdən başqa kimsənin fəaliyyəti işıqlandırılmayıb. Maraqlıdır ki, ötən seçkilərdən fərqli olaraq, Lider telekanalı seçdiyi xəttdən bir qədər uzaqlaşmaqla, xəbərlər buraxılışları və siyasi verilişlərdə siyasi plüralizm prinsipini qorumağa çalışır. Belə ki, telekanal YAP-la yanaşı (62%) digər partiyalar (20%), müstəqil siyasətçilər (16%), AXCP (2%) yer verib. Lakin bununla belə, digər elektron KİV-dən fərqli olaraq, Lider telekanalında müxalifət liderləri haqqında tənqidi şərhlər də müşahidə olunmaqdadır. İndi isə telekanallarda seçki prosesinə dair materialların sayı və həcminə diqqət yetirək:
Telekanallar:
İnformasiyanın sayı İnformasiyanın həcmi, san.
1. ANS 15 22 dəq. 55 san.
2. AzTV 16 19dəq. 40 san.
3. ATV 12 24 dəq. 40 san.
4. Space 16 29 dəq. 53 san.
5. Lider 15 18 dəq. 43 san.
6. İTV 18 34 dəq. 32 san.
7. Xəzər 18 28 dəq. 20 san.
Qəzetlər
Yuxarıda qeyd etdiyimiz kimi monitorinqə ölkənin 8 aparıcı nəşri cəlb edilmişdir: «Azadlıq», «Bakı-xəbər», «Zerkalo», «Exo», «Yeni Müsavat», «Ekspress» və «525-ci qəzet». Elektron kütləvi informasiya vasitələrindən fərqli olaraq, çap vasitələrində prezident seçkiləri ilə bağlı yer alan informasiya və şərhlər daha dolğun və müxtəlifliyi ilə seçilir. Belə ki, «Yeni Müsavat» və «Azadlıq» qəzetlərində üstünlük» boykot yolunu seçənlərə verilib, hakim partiya və fəaliyyətdə olan prezident haqqında xəbərlərin əksəriyyəti isə neqativ xarakterlidir. «Bakı-xəbər» qəzeti isə ötən seçkilərlə müqayisədə siyasətinə bir qədər dəyişikliklər etməklə, İlham Əliyev və digər namizədlər, həmçinin boykot edənlərlə bağlı plüralizm prinsipinə əməl etməyə çalışıb. Sözsüz ki, bunu prezident və YAP təmsilçiləri (97%) haqqında yazan «Yeni Azərbaycan» qəzeti haqqında demək mümkün deyil. Alternativ şəxslərə yalnız 3% yer verən qəzet onlar barəsində daha çox tənqidi xarakterli yazılarla çıxış edib. «525-ci qəzet» isə hər zamankı kimi müxtəlif baxışlı şəxslərin mövqeyini əks etdirməklə, plyuralizm prinsipini qoruyub. «Zerkalo», «Exo», və «Ekspress» qəzetlərində isə məlumatların əksəriyyətini seçki prosesinə hazırlıq, bu istiqamətdə görülən işlər, müxtəlif namizədlər haqqında ümumi məlumatlar, boykot və seçki prosesi ilə bağlı beynəlxalq qurumların rəyindən xəbər verir. Sonda isə monitorinqin əhatə etdiyi qəzetlərdə prezident seçkiləri ilə bağlı materialların sayı və həcminə diqqət yetirək.
Qəzetlər
Materialların sayı Sahə, kv.sm.
1. «Azadlıq» 94 25012
2. «Bakı-xəbər» 129 402452
3. «Zerkalo» 17 5831
4. «Exo» 37 11701
5. «Yeni Azərbaycan» 46 53272
6. «Yeni Müsavat» 107 29727
7. «Ekspress» 45 11501
8. «525-ci qəzet» 43 8034
Cədvəldən göründüyü kimi, Bakı-xəbər» və «Yeni Müsavat» seçki prosesinə ən çox diqqət yetirən nəşrlərdir. Yeri gəlmişkən, obyektivlik, balans və fikir müxtəlifliyi kimi əsas meyarlara bütövlükdə «Ekspress» və «Zerkalo» qəzetləri əməl edib. Bu kateqoriyada ən aşağı göstərici «Yeni Müsavat» və «Yeni Azərbaycan» qəzetlərində qeydə alınıb. Monitorinq davam edir və növbəti nəticələr 15 gündən sonra açıqlanacaq.
AVCİYA-ın Monitorinq Qrupunun koordinatoru Lalə Qafarlı