Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olacaq. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə fondun Müşahidə Şurasının üzvləri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva və fondun əməkdaşı Vüsal Heydərov daxildir.
Səfərdə məqsəd fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Stokholm şəhərində İsveçin Mətbuata Maddi Yardım Təşkilatının rəhbərləri ilə görüşmək, yardım almış media qurumlarının təcrübəsi ilə tanış olmaq və gələcəkdə bu təcrübədən faydalanmaqdır.