KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna builki büdcə vəsaiti artırıldı

2011-cu ildə Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 2,4 milyon manat vəsait ayrılacaq.

Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisdə gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. Bu vəsait 2009-cu ildəkindən 1,1 milyon, 2010-cu illə müqayisədə isə 400 min manat çoxdur. Belə ki, 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna isə 1,3 milyon, 2010-cu ildə 2 milyon manat vəsait ayrılıb.

Samir Şərifov onu da qeyd edib ki, bu ilin 8 ayında Azərbaycanda ümumi daxili məhsulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8, onun adambaşına düşən məbləği 2,7, orta aylıq əməkhaqqı 5,7, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,2 faiz artıb. Həmçinin ölkənin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 6,1 milyard dollar artaraq 26,5 milyard dollara çatıb. Hesabat dövründə ölkə iqtisadiyyatına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,1 milyard manat investisiya qoyulub.

Nazir deyib ki, bu ilin 9 ayında dövlət büdcəsinin gəlirləri müvafiq proqnoza qarşı 93,6 faiz təşkil edib, büdcə xərcləri isə 84 faiz icra olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO