KİV-in monitorinqi aparılıb

“Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirib. Lent.az-ın verdiyi məlumata görə, ZMM sədri Rəhim Hüseynzadə layihənin əsas məqsədi Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqla bununla bağlı tendensiyaları izləmək, nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-ləri tanış etmək, jurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırmaq, onların biliklərinin dərinləşməsinə nail olmaqdan ibarət olduğunu bildirib.

Layihə çərçivəsində 22-si qəzet, 8-i informasiya agentlikləri və xəbər portalları olmaqla, ümumilikdə 30 KİV-in monitorinqi aparılıb. Seçim zamanı KİV-lərin ölkənin ictimai rəyinə təsir göstərmə və onu formalaşdırma amili əsas götürülüb. Sentyabr ayı ərzində həyata keçirilən monitorinqdə KİV-lərin əldə etdikləri məlumatlar aşağıdakı istiqamətlərdə qruplaşdırılıb:

1. Dövlət qurumları və özünüidarəetmə orqanlarından əldə edilən məlumatlar;
2. İctimai-siyasi təşkilatlar və QHT-lərdən əldə edilən məlumatlar;
3. Başqa KİV-lərdən əldə edilən məlumatlar;
4. Digər mənbələrdən əldə edilən məlumatlar (KİV-lərin fərdi yaradıcılıq kontekstində əldə etdikləri və gündəlik ümumi mətbu dövriyyədə olmayanlar)

Rəhim Hüseynzadə ötən illərlə müqayisədə KİV-lərdə ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlərin olduğunu bildirib. Bununla belə, bir sıra problemlər də qalmaqdadır. Məsələn, ilk mənbədən əldə edilən məlumatlar bəzi qəzetlərdə şərhlə təqdim edilir ki, bu zaman oxucu materialın məğzinin nədən ibarət olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Bir sıra KİV-lərdə müəllifin mövqeyinin xəbər kimi təqdim edilməsi tendensiyası hökm sürür.

Nəzərə çarpan digər cəhət məlumatların sərlövhələrindəki yanlışlıqla bağlıdır. Monitorinqi aparılan KİV-lərin müəyyən qismində sərlövhələr mətndə ifadə edilən məzmuna uyğun gəlmir. Monitorinq zamanı məlum olub ki, ölkənin aparıcı KİV-ləri, xüsusən də qəzetlər üçün başqa KİV-lərin materiallarından istifadə faizi yüksəkdir. İnformasiya agentlikləri və xəbər portallarında isə ilk mənbədən xəbər əldə edilməsi ilə bağlı göstəricilər yüksəkdir. Onlar daha çox xarici KİV-lərin materiallarına istinad edirlər ki, burada da kütləvilik müşahidə olunmur.

Qəzetlər informasiya agentlikləri və xəbər portallarına nisbətən tərəfsizliyə daha az riayət edirlər. Xüsusən bu və ya digər siyasi qurumlara yaxınlığı ilə seçilən mətbu nəşrlərin materiallarında peşə etikasının bu tələbi pozulmaqdadır. İnformasiya agentlikləri və xəbər portalları üçün xarakterik xüsusiyyət eyni xəbərdə tənqid hədəfi kimi seçilən şəxsin fikirlərini işıqlandırmama, yalnız ona əks düşərgədə duran şəxsin mövqeyinin dərcidir. Maraqlı cəhət isə digər xəbərdə tənqid hədəfinin özünə müraciət edilməsi və bu yolla KİV-in tərəfsizliyini qorumağa cəhd göstərməsidir. Halbuki tam mümkündür ki, bəlli vaxtda bir nəfər haqqında tənqidi fikri eşidən oxucu sonradan sayta baxmasın və beləliklə də onda birtərəfli rəy formalaşsın.

Monitorinqin gedişində materialları araşdırılan KİV-lərlə əlaqə yaradılaraq onların sentyabr ayı ərzində informasiya mənbələrinə müraciət göstəriciləri barədə də məlumat əldə edilib. Məlum olub ki, KİV-lərin şifahi və yazılı sorğularına əlaqədar instansiyalar tərəfindən cavab verilməsi sahəsindəki vəziyyət ötən illərlə müqayisədə müsbət istiqamətə dəyişib. Bununla belə bir sıra qəzetlərin ünvanladıqları informasiya sorğularına münasibətdə laqeydlik halları qalmaqdadır.

Müxtəlif KİV-lərin sentyabr saylarında gedən materiallarında müraciət edilən informasiya mənbəyinin məlumat verməkdən imtina etdiyinə dair fikirlər də yer alıb.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, ayrı-ayrı dövlət qurumlarının timsalında ilk mənbə rolunda çıxış etmə ilə bağlı müsbət praktikaya da rast gəlinir, amma informasiya daşıyıcısı rolunda çıxış edən qurumların özlərinin də peşəkarlıq səviyyəsi artırılmalıdır.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO