Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nəşrlər və jurnalist təşkilatları layihələrinin maliyyələşdirilməsi müsabiqəsinin qaydalarına dəyişikliklər edib. 2010-cu ildəki yeniliyə görə, müsabiqədə son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışında ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər və müntəzəm olaraq ayda bir dəfə dərc olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar iştirak edə bilər. Başqa bir şərtə əsasən, layihə gerçəkləşdirmək istəyən nəşr fonda son 6 ayda satış və abunə yayımı haqda yayım orqanından arayış təqdim etməlidir.
Qaydalardakı bu dəyişikliklərə qəzet rəhbərlərinin münasibəti necədir?
“Media forum”un sualını cavablayan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu fondun etdiyi dəyişikliyi bəyəndiyini söyləyib: “Mən tiraj göstəricisinin daha da yuxarı qaldırılmasının tərəfdarıyam. Ən azı 2000-3000 nüsxəyə qaldırılmalıdır. O cümlədən satış göstəriciləri artırılmalıdır. Nəşr satılırsa, deməli, qəzet sayılır. Yoxsa makulatura buraxıb ayda 300-400 min nüsxəsi satılan qəzetlə eyni şərtlərlə, eyni miqyasda maliyyə yardımı almaq düzgün və ədalətli deyil.
Bu gün Azərbaycanda heç olmasa gündəlik 2000 nüsxə qəzet satmaq mümkündür. Hansısa qəzet hər nömrəsindən 2000 nüsxə sata bilmirsə, onu qınayıram, deməli, işini düzgün qurmayıb. Azərbaycan reallığında 10-12 min nüsxə qəzet satışı da az göstəricidir, ölkədə qəzet oxumaq vərdişi olan insanların sayı daha çoxdur”.
Satış göstəriciləri ilə bağlı məlumatların fonda təqdim edilməsi şərtinə gəlincə, R.Arifoğlu burada hər hansı problem görmədiyini, belə məlumatların ictimaiyyət üçün daim açıq olduğunu deyib.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı müsabiqə şərtlərində baş verən dəyişiklikləri dəstəkləyir: “Məqsəd çıxmayan qəzetlərin pul alıb 1-2 nömrə buraxması deyil, işləyən qəzetlərə dəstək verməkdən söhbət gedir”.
Baş redaktorun proqnozuna görə, şərtlərin bir qədər ağırlaşması müsabiqəyə qatılmaq istəyən, yardım almaq üçün müraciət edən KİV-lərin sayını xeyli azaldacaq.
“Media forum”a danışan E.Şıxlı onu da vurğulayıb ki, KİV-ə dövlət dəstəyi qurumu ideyasını verəndə niyyət heç də müsabiqələr keçirmək olmayıb: “KİV-in əsaslı, konseptual inkişafına yardımdan söhbət gedirdi. Qrant almaq, yardım göstərmək əsas məqsəd deyil. Bu yolla getməyin heç bir əhəmiyyəti olmayacaq. Misal üçün, şərtlərdə qeyd olunur ki, qəzetin 1500 nüsxəsi dərc olunmalı, onun da 500-ü satılmalıdır. Buna nail olmaq üçün ən əvvəl araşdırılmalıdır ki, qəzetlərin tirajının artmasına, satışın yüksəlməsinə, yayım arealının genişlənməsinə nə mane olur? Bakıdan bir qədər kənara çıxanda qəzet köşkünə nadir hallarda rast gəlirsən. Qazax rayonunun 70 minə qədər əhalisi var, amma bu rayona bir şirkət “Ayna” qəzetinin cəmi bir nüsxəsini göndərir. Ağstafa rayonunda da o cür. Hesabatda göstərilir ki, o da satılmır, geri qaytarılır. Bu problemləri araşdırmaq lazımdır, öyrənilməlidir ki, 70 min əhalisi olan rayonda həqiqətəndəmi bir qəzet satılmır? Bu problemlər həll olunmalıdır”.
E.Şıxlının sözlərinə görə, bu gün regionlara qəzetlər ən yaxşı halda bir sutkadan sonra gedib çıxır: “Köhnəlmiş qəzet kimin nəyinə lazımdır ki? KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə fəaliyyət göstərməli, problemin həllinə onun kökünü araşdırmaqla yardım eləməlidir”.
Baş redaktor jurnalist təhsil sistemində əsaslı dəyişiklik edilməsinin tərəfdarı olduğunu deyib: “Araşdırma aparılsa, bu gün jurnalistika fakültələrində təhsil alan tələbələrin ən yaxşı halda 5 faizinin öz istəyi ilə bu ixtisası seçmələri bəlli olacaq. Jurnalistika fakültələrinə qəbul prosesində mütləq qabiliyyət imtahanı olmalıdır. Fond belə araşdırmalar aparmalı, nəticələri ortaya qoymalıdır. Müsabiqələr, qrantlar da lazımdır, amma bu, beşinci-altıncı yerdə duran məsələdir. Biz elə eləməliyik ki, dövlət büdcəsindən ayrılan, xalqın cibindən toplanan pul jurnalistikamızın vəziyyətinin düzəlməsinə xidmət eləsin”.
E.Şıxlı “Ayna” və “Zerkalo” qəzetlərinin ötən il keçirilən müsabiqədə iştirak eləmədiyini və hazırda elan edilən müsabiqəyə qatılmağı da planlaşdırmadığını bildirib: “Çünki müsabiqənin şərtlərində qeyd olunan məbləğ azdır”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri vəzifəsini də tutan E.Şıxlı bu qurumun müsabiqəyə qatıldığını deyib: “7 min manatlıq layihəni udduq və Lənkəranda bir mərkəz açqıq, orada yerli qəzet həm materiallarını yığdıra, həm də səhifələdə bilir. Həmin iş yarımçıq qalmasın deyə müsabiqəyə layihə təqdim etmək mümkündür”.
«Media forum»